Siyasət

Strateji əhəmiyyətli Talış kəndinə həyat qayıdır – REPORTAJ + FOTO

Sharing is caring!


Vətən müharibəsindən ötən iki il yarımlıq qısa dövr ərzində Qarabağ və Şərqi Zəngəzur ərazilərində həyat qaynamağa başlayıb. Bu ərazilər tikinti, quruculuq, abadlıq meydanına çevrilib.

“Report”un Qarabağ bürosunun Talış kəndinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu Novruz bayramı Talış kəndinin sakinləri üçün uzun illərdən sonra doğma yurdlarında qeyd etdiyi ilk bahar kimi qəlblərinə yazılır.

Ümumilikdə kənddə 20 ədəd ümumi tikinti sahəsi 2 620 kvadratmetr olan 20 ədəd fərdi ev, ümumi sahəsi 25 282 kvadratmetr olan 20 həyətyanı sahə və ümumi sahəsi 1 200 kvadratmetr olan 20 tövlə yenidən qurulub.

Evlərin daxili hissələri və fasadı əsaslı təmir edilib, dam örtükləri tamamilə sökülərək yenilənib. Daxili və xarici divarlarda konstruktiv möhkəmləndirmə işləri yerinə yetirilib. Hər bir evin həyətyanı ərazisində dekorativ ağaclar, kollar, güllər əkilməklə yanaşı, fərdi əkin sahələri də yaradılıb. Hər bir ev üçün ümumi sahəsi 54 kvadratmetr olan fərdi təsərrüfat anbarları inşa edilib. Bütün evlərin mövcud hasarları sökülüb, əvəzinə yeni hasarlar inşa edilib. Evlərin daxili kommunikasiya xətləri yenidən qurulub. Hər bir ev qazla işləyən isitmə sistemi (kombi) ilə təmin edilib.

Xatırladaq ki, Vətən müharibəsindəki tarixi Zəfərdən sonra azad edilmiş ərazilərdəki ilk Novruz tonqalını Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şuşada Cıdır düzündə alovlandırıb. 2022-ci ildə Novruz tonqalı Suqovuşanda və bu dəfə – 2023-cü ildə Talışda qalandı. Strateji təyinatlı Suqovuşan və Talış istiqamətindəki Tərtər döyüşləri, o cümlədən hərbi dərsliklərdə öyrənilən Şuşa döyüşləri Vətən müharibəsinin taleyini həll etməklə Tarixi Zəfəri şəkilləndirib.

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində də vurğuladı ki, Talış kəndi 2020-ci il oktyabrın 3-də azad edilmişdir:

“İkinci Qarabağ müharibəsi başlayandan bir həftə sonra qan tökərək biz artıq Talış kəndini azad etdik, eyni zamanda, Suqovuşan qəsəbəsini azad etdik. İkinci Qarabağ müharibəsi dövründə o hərbi əməliyyatın çox böyük əhəmiyyəti var idi. Çünki biz öz azadlıq savaşımızı müxtəlif istiqamətlərdə aparırdıq, o cümlədən bu istiqamətdə. Ona görə bu istiqamətdə əldə edilmiş uğurlar müharibənin gələcək gedişatı üçün çox böyük önəm daşıyırdı, eyni zamanda, ordumuzun və xalqımızın mənəvi ruhunu da yüksəldirdi. Çünki Talış kəndinin strateji əhəmiyyəti hər kəsə bəlli idi”.

Məhz bu səbəbdən Talış kəndinin yüksək nöqtələrindən birində kəndin işğaldan azad olunduğu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən paylaşılan tvitin mətninin həkk olunduğu xatirə daşı yerləşdirilib.

Qeyd edək ki, 4 oktyabr 2021-ci ildə Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Talış kəndində Bayraq Meydanında Azərbaycan bayrağı ucaldılıb. Kənddə aparılan təmir-bərpa işlərinin birinci fazası çərçivəsində Bayraq Meydanında abadlıq işləri aparılıb.

Talış kəndinin yüksək nöqtələrindən birində əhalinin asudə vaxtlarını rahat keçirəcəkləri istirahət guşəsi və seyr meydanı tikilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir