Siyasət

“Paris partladılır”: Əliyevdən təkliflər, Fransanın qaranlıq keçmişində axtarışlar – ŞƏRH

Sharing is caring!

Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxış etdi.

İlham Əliyevin çıxışı Rusiya-Ukrayna müharibəsi fonunda qızışan qlobal rəqabətin beynəlxalq təhlükəsizlik arxitekturasına yaratdığı təhdidlərə vurğuları özündə ehtiva edirdi.

Əliyev regional və qlobal təhlükəsizlik bünövrələrinin təhlükəli sulara atılmasının səbəbini BMT-nin fəaliyyəti ilə düz mütənasib şəkildə əlaqələndirdi.

Çünki dünyada siyasi sistemin İkinci Dünya müharibəsindən sonra tənəzzülə doğru getməsi BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün fəaliyyətinin nəticəsidir.

Beş üzvdən yalnız ikisinin – Çin və Böyük Britaniyanın Azərbaycana münasibəti daha çox xoşməramlıdır, nəinki ABŞ-nin, Rusiyanın və Fransanın.

Xüsusilə Fransa Azərbaycana qarşı cəbhələrin bütün istiqamətlərinə əlini salaraq canfəşanlıq göstərir.

Parisin qurduğu oyunların miqyası və xarakteri bütövlükdə Qərbin siyasi oriyentasiyasını da əks etdirmir, ona görə də Paris nəinki Azərbaycan və Türkiyə, həmçinin supergüclər üçün də başağrısı mənbəyidir.

İlham Əliyevin Qoşulmama Hərəkatının Zirvə toplantısında Fransanı hədəfə alması Rusiya və Qərbin də maraqları ilə ziddiyyət təşkil etmir. Lakin Azərbaycan bunu geosiyasi qarşıdurmada özünü poliqon edə biləcək tərəf kimi deyil, ancaq öz strateji məntiqi ilə edir.

Dünya nizamının pozulmasında rol alan Fransanın ilk növbədə BMT Təhlükəsizlik Şurasının daimi üzvlük mandatına əl gəzdirilməlidir, yəqin ki, beynəlxalq birlikdə də bununla bağlı müzakirələr gedir.

Əliyev ümumilikdə təklif edir ki, Təhlükəsizlik Şurası (daimi üzvlük institutuna aid deyil) yeni əsaslarla qurulmalıdır. Azərbaycan lideri bildirir ki:

1. BMT TŞ-də bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır;

2. Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlər verilməlidir.

Əliyev təkliflərini Fransanın neokolonializm ambisiyaları fonunda qaldırmaqla Parisin müstəmləkə siyasətinin qurbanı olmuş, indi də bundan əziyyət çəkən ölkələrə mühüm ismarışlar verir, onları həmrəyliyə çağırır.

“Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”, – deyə Əliyev bildirib.

Məsələyə daha geniş rakursdan baxdıqda, bunları görmək mümkündür ki:

– Qlobal güclərin yenilənən imperialist ambisiyaları fonunda Parisin qaranlıq keçmişinin izlərinin qaldığı regionlarda müttəfiqlər axtarılır;

– ABŞ və Böyük Britaniya Fransanı Asiya-Sakit okean regionunda sıxışdırır;

– Parisi zəiflədən amilləri bir-birinə bağlamaq və bunu sistemli etmək üçün Fransanın Afrikadakı təsirlərinə qarşı cəbhə formalaşdırılır;

– Rusiya özü də Fransa ilə Afrika qitəsində kəskin rəqabətdədir; 

– Türkiyə Fransa ilə toqquşan maraqların miqyasını Afrikada öz xeyrinə dəyişdirmək üçün tərəfdaşları ilə sövdələşmələri inkişaf etdirir;

– Azərbaycan Fransanın ona qarşı hücumlarını dəf etmək üçün Parisə qarşı formalaşan beynəlxalq koalisiyanın səylərindən istifadə edir;

– Bu aksiya Fransanın Cənubi Qafqazda Ermənistanın hamisi olmasına həlledici maneələr yaradacaq.

NƏTİCƏ kimi qeyd edə bilərik ki, Fransanın damğalı keçmişi, müstəmləkə siyasətinin izlərindən bərk yapışması strateji maraqlar baxımından onun “evini yıxa” bilər…

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir