Siyasət

“Davam” tərəfindən keçirilən “Xocalıya ədalət” həftəsi yekunlaşıb – FOTO

Sharing is caring!

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına dəstək vermək məqsədi ilə 20-27 fevral tarixləri aralığında “Davam” Gənclər Hərəkatı tərəfindən Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Xocalıya ədalət” həftəsi həyata keçirilib.

Həftəyə 21 fevral tarixində “Xocalı soyqırımı – misli görünməmiş faciə” adlı tədbir ilə start verilib. Tədbirdə millət vəkilləri Aydın Mirzəzadə və Naqif Həmzəyev, Xocalı soyqırımı şahidi Mürvət Məmmədov, “Davam” Gənclər Hərəkatının baş katibi Nigar Aslanova və davamçılar iştirak ediblər. Tədbir zamanı natiqlər Xocalı soyqırımı ilə bağlı gəncləri məlumatlandırıb, törədilən soyqırımı cinayətinə beynəlxalq müstəvidə lazımi hüquqi qiymətin veriləcəyi günə qədər gənclərin Xocalı həqiqətlərinin təbliğ olunmasında, xalqımızın qan yaddaşının nəsildən-nəslə ötürülməsində vacib rol oynadığını bildiriblər.

22 fevral tarixində “Davam” Gənclər Hərəkatı, “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyi, Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi, UNEC Dizayn Məktəbinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı – XX əsrin faciəsi” adlı rəsm sərgisi keçirilib. Yaradıcı gənclərin sərgidə nümayiş olunan rəsm əsərlərində Azərbaycan xalqının Xocalı soyqırımı ilə bağlı hüzn və kədəri, erməni vandalizmi və Xocalı həqiqətləri öz əksini tapıb.

23 fevral tarixində Bakı Gənclər Mərkəzi və “Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə CBC TV-nin əməkdaşı Elşən Rüstəmov tərəfindən lentə alınmış və Xocalı soyqırımı şahidi Mürvət Məmmədovun yaşadığı dəhşətlərdən bəhs etdiyi “Отнятое детство” (“Oğurlanmış uşaqlıq”) adlı filmin nümayişi baş tutub. Nümayişdə Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, “Davam” Gənclər Hərəkatının sədr müşaviri Niyaz Əliyev, Xocalı soyqırımı şahidi Mürvət Məmmədov və gənclər iştirak ediblər.

25 fevral tarixində fəlsəfə elmlər doktoru Eyyub Kərimov ilə “Xocalı soyqırımı – bəşəriyyət tarixinin qanlı səhifəsi” adlı görüş baş tutub. Görüş zamanı Xocalı hadisələri ilə bağlı tarixi faktlar və həqiqətlər dilə gətirilib, gənclərin çoxsaylı sualları cavablandırılıb. Elə həmin gündə “Davam” Gənclər Hərəkatının katibliyi və davamçı gənclər Bakının Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər. Günün irəliləyən saatlarında isə Xocalı hadisələri ilə bağlı tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə “Xocalı üçün paylaş” adlı sosial media kampaniyasına start verilib.

26 fevral tarixində “Davam” Gənclər Hərəkatının təşkilatçılığı, “Murmur Azerbaijan”ın dəstəyi ilə paytaxt Bakının mərkəzi küçələrində “Biz Xocalını unutmadıq!” devizi ilə rəqəmsal fləş-mob həyata keçirilib. Belə ki, Xocalı soyqırımı ilə bağlı tarixi faktların yer aldığı və həmin hadisələrə aid olan xüsusi fotoşəkillərin əks olunduğu xüsusi posterlər çiyin çantalarında yerləşdirilmiş xüsusi monitorlarla Bakının mərkəzi küçələrində nümayiş etdirilib. Maarifləndirici materiallar Azərbaycan, ingilis və rus dillərinə tərcümə olunmaqla xüsusi dizaynla hazırlanıb.

Həftə ərzində “Davam” Gənclər Hərəkatının katibliyi və üzvləri Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilən “Xocalı soyqırımı: Gənclər və gənclər təşkilatlarının faciənin tanıdılmasında rolu” mövzusunda konfrans və “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə baş tutan “Unudulmayan tarix” adlı anım tədbirində iştirak ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir