Siyasət

“Faşist təfəkkürlü insanlara qarşı dəmir yumruq tək birləşib, tariximizi olduğu kimi yazmalıyıq” – FOTO

Sharing is caring!

“Bütün dünyaya bəllidir ki, Ermənistan təkcə Azərbaycanın torpaqlarını işğal etmədi. Bu işğal nəticəsində bir milyon qaçqın, 10 minlərlə yaralı, minlərlə şəhidimiz oldu. Düşmən bununla da kifayətlənmədi. İşğal etdiyi ərazilərdə tarixi və dini abidələrimizi də məhv etdi”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

Xatırladaq ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü mədəni, tarixi, dini abidələrin məhvi ilə də yadda qalıb. Lakin Ermənistan hər zaman olduğu kimi bu faktları təhrif etməyə çalışıb. Ermənilərin vandallıqları göz önündədir. Onlar məqsədli şəkildə islam mədəniyyətinə aid bütün izləri silməyə çalışıblar. Bu məqsədlə 192 ziyarətgah, 65 məscid dağıdılıb.

Deputatın sözlərinə görə, bir neçə gün öncə Münhen konfransında Ermənistanın Baş naziri tarixi abidələrimizin dağıdılmasını Sovet dövrü ilə əlaqələndirib:

“Bu, gülünc iddiadır. Sovet dövründə bizim Bibiheybət məscidimiz məhv edilmişdi. Lakin sonradan yenidən bərpa etdik. Qarabağ deyilən ərazidə 1990-cı ildən sonra yəni Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın Azərbaycana ərazi iddiaları, təcavüzü başladı. Məhv edilən abidələr həmin dövrə aiddir”.

A.İsgəndərov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında qonşuluq münasibəti yaranacaq, lakin törətdikləri vəhşilikləri unutmamalıyıq:

“Bu gün Qarabağa gələn hər bir vicdanlı insan bu səhnənin şahidi olur. Ağdamdan əsər-əlamət qalmayıb. Bunu erməni edib. Qarabağın digər bölgələrində də salamat məscid, məktəb, ev qalmayıb. Bu vandalizmin bariz nümunəsidir.

Bu gün biz qalib dövlətik. Tarix yaddan çıxmamalıdır. Unutqanlıq faciədir. Ermənistanla gələcəkdə diplomatik münasibətlər həll olunacaq. Xalq olaraq ermənilərin bizə qarşı törətdiyi 1905-06, 1918-20, 1948-51, 1988-ci ildən sonra başımıza gətirilən müsibətləri unutmamalıyıq. Biz faşist təfəkkürlü insanlara qarşı dəmir yumruq tək birləşib, tariximizi olduğu kimi yazmalıyıq”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir