Siyasət

Mehriban Əliyevanın Türkiyəyə humanitar yardımlardakı rolu – ŞƏRH

Sharing is caring!

Fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələnin nəticələri Azərbaycanı da narahat edir.

Çünki Azərbaycanla Türkiyə sarsılmaz qardaşlıq prinsiplərini strateji müttəfiqlik əlaqələri ilə tamamlayıblar. Bu tələb edir ki, ölkələr dar gündə də, xoş gündə də yumruq kimi bir olsunlar.

Necə deyərlər, Türkiyənin sevinci bizim sevincimiz, kədəri də bizim kədərimizdir. Azərbaycan dövlət və xalq olaraq Türkiyəyə yardım edir.

Bu yardımların edilməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi rolunu vurğulamaq yerinə düşər.

Zəlzələnin baş verdiyi gün, yəni fevralın 6-da Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə ilk humanitar yardım göndərilib.

Heydər Əliyev Fondu fevralın 9-da və fevralın 11-də yeni partiya humanitar yardımları qardaş ölkəyə göndərib.

Qeyd edək ki, Fondun qardaş ölkəyə ezam olunan əməkdaşları zəlzələdən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla humanitar yardımları çatdırırlar.

Bildirək ki, Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd edib, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.

Heydər Əliyev Fondu Türkiyə xalqının üzləşdiyi faciə zamanı həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verib, yaralılara şəfa diləyib.

Türkiyə Prezidenti Azərbaycan dövləti və xalqının faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü bildirib. O deyib: “İlham qardaşıma (Prezident İlham Əliyev – red.), Mehriban bacıma (Birinci vitse-prezident Mehriban Əliyeva – red.) öz adımdan, millətim adımdan çox təşəkkür edirəm!”

Azərbaycanda xalqın zəlzələ qurbanları üçün humanitar yardıma qoşulmasından, göndəriləcək yardımlar barədə məlumatlı olduğunu deyən Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olduğu kimi, indi də belə çətin gündə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirib.

“Öz adımdan, ailəm və xalqımız adından minnətdarlıqlarımı çatdırıram. Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!”

Mehriban Əliyeva yüksək mənəvi-əxlaqi dəyərlərə, milli təəssübkeşliyə malik, humanizm ideallarına sadiq Azərbaycan qadınının obrazıdır.

Mehriban Əliyeva hazırda təbii fəlakət zonasında çalışan azərbaycanlı xilasedicilərin, tibb işçilərinin, diplomatların, media nümayəndələrinin əməyinə yüksək qiymət verir.

Yardım kampaniyasında iştirak edən hər bir vətəndaşımızın, yerli şirkət və təşkilatlarımızın, könüllülərin və s. bu mövqeyi və nəcib əməli qiymətləndirilir.

Qeyd edək ki, Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində minlərlə insanın həlak olması, yaralanması və evsiz qalması ilə əlaqədar Azərbaycandan qardaş ölkəyə yardım göstərilməsində “PAŞA Holding” və onun törəmə şirkətləri də iştirak edir. 

Həmin şirkətlər zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə Türkiyənin iki önəmli yardım fonduna – AHBAP-ın və Türkiyənin Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) hər birinə 500 min dollar olmaqla ümumilikdə 1 milyon dollar ianə edib.

“Bütün şirkətlər qrupumuz adından həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına başsağlığı verir, yaralananların tezliklə sağalmasını və zəlzələnin nəticələrinin qısa müddətdə aradan qaldırılmasını arzulayırıq”, – deyə “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov bildirib.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir