Siyasət

Lavrovun bəyanatları, Ermənistanla bağlı plan: Vardanyan zərərsizləşdirilir? – TƏHLİL

Sharing is caring!

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu gün Azərbaycan-Ermənistan münasibətlərinə dair verdiyi açıqlamalar Moskvanın İrəvanı cəzalandırması mərhələsinin elementlərini özündə ehtiva edir.

Düzü, Rusiyanın bölgə siyasətinin məhək daşı müttəhim kürsüsündə oturtmaq istədiyi dövlətlərin sayını çoxaltmaq misiyasına söykənir.

Bu planda Ermənistanın xüsusi yeri var, çünki İrəvan Moskvanın əsəblərini oynatmağa davam edir. Lavrovun dedikləri, sadəcə, Ermənistana qarşı həmlələrdə səbəblər tapmağın elanıdır.

Avropa İttifaqı (Aİ) müşahidə missiyasının Ermənistan ərazisində möhkəmlənmək planları Kremlin diqqətindən yayınmır. Bu missiya ötən ilin dekabrında müddətini tamamlamışdı, ancaq İrəvan bundan qane olmadı və müşahidəçilər yenidən sərhəddə peyda olurlar.

Nə qədər qəribə səslənsə də, Rusiyanın Aİ-nin missiyasından narahat olması fikri inandırıcı görünmür.

Aİ ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində sülhməramlı əməliyyatların yerinə yetirilməsində aparıcı rol oynayır. Aİ, təbii ki, bunun üçün mülki və hərbi aktivlərdən istifadə edir, lakin həmin resurslar Rusiyaya qarşı meydan oxumaq gücündə və istəyində deyil.

Rusiyanı narahat edən Aİ-nin öz müstəqil iradəsindən kənar, Böyük Britaniya və ABŞ-nin çətiri altında regiona soxulmasıdır. Bu isə regionda NATO-nun möhkəmlənməsi deməkdir, Rusiya Aİ-dən çox, Qərbin hərbi qüdrəti NATO-nun genişlənməsinə qarşı çıxış edir.

Rusiyanın da maskaradları az deyil, məsələn, Moskva bilə-bilə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycan-Ermənistan sərhədinə gəlişi alınmır, yenə də İrəvanı sınadı. İrəvan bu sınaqdan da üzüqara çıxdı və KTMT missiyası əvəzinə Avropa İttifaqının kontingentini seçdi.

Lavrovun sitatlarından çıxarışlar:

– Rusiyanın KTMT missiyasını Ermənistan-Azərbaycan sərhədinə göndərmək hazırlığı Moskvanın gündəmindən çıxmayıb;

– Rusiya Ermənistanla müttəfiq olsa da, İrəvan Aİ missiyasına üstünlük verir;

– Azərbaycan Aİ missiyasına razılıq verməsə, həmin fəaliyyət qeyri-məhsuldar olacaq;

– Sərhəddə etimadın möhkəmlənməməsi əlavə gərginliklər yarada bilər.

Rusiya Azərbaycanın Aİ-nin hərbi mövcudluğuna razılıq verməməsindən örtü sinov gedir və sərhəddəki gərginlikdə maraqlı tərəf kimi görünür. Bakının isə öz məntiqi var, bu məntiqdə Rusiya ilə uyğunlaşan və uyğunlaşmayan tərəflər mövcuddur. Lakin sərhədə baxış konsepsiyasında Azərbaycanla Rusiyanın maraqları ziddiyyətlərdən çox, üst-üstə düşən məqamlar kimi görünür.

Bu, Ermənistanı birlikdə cəzalandırmaq mexanizmini işlək hala gətirir və mümkündür ki, bəzi perspektiv əlamətləri yaxın aylarda müşahidə edəcəyik.

Sərhəddəki hadisələr və ya hansı ssenarilərin işə düşməsi Qarabağ iqtisadi rayonuna da təsirsiz qalmır.

Azərbaycanla Rusiyanın münasibətlərindəki düyünlərdən biri də Qarabağla əlaqəlidir.

Rusiya Qarabağdakı məqsədlərini maksimal həddə saxlamaq üçün çalışır ki:

– Regionda rus icması yaratsın;

– Qızıl yataqlarının istismarında pay sahibi olsun;

– Ruben Vardanyan vasitəsilə bölgədə hakimiyyətlərə alternativ formalaşdırmaq layihələrini tamamlasın.

Qarabağdakı erməni kartı Rusiyanın yuxarıda sadaladığımız məqsədlərinə çatmaqda vasitədir, amma düşünmək çətin deyil ki, Moskva bu prosesləri “Qarabağa status” bağırtısı ilə etiketləmir.

Bunun özü Azərbaycanla Rusiyanın düyünləri açmaq üçün razılaşma ehtimallarını gücləndirir.

Lavrovun: “Azərbaycan bizi Laçın yolu ilə mina daşınmasına dair məlumatlandırıb”, – deməsi Bakı-Moskva xəttindəki mümkün razılaşmaların bildirişi kimi anlaşıla bilər.

Digər bir yandan, Lavrov bildirir ki, Azərbaycan nümayəndələri ilə Qarabağ erməniləri arasında görüş keçirilib. Bu görüş Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkovun vasitəçiliyi ilə baş tutub.

Rusiya anlayır ki, Azərbaycanın Qarabağdakı ermənilərlə təması problemlərin çarəsidir. Lavrov indi yaxın zamanlarda razılaşma olacağına ümid etdiyini söyləyir.

Azərbaycan Qarabağ erməniləri ilə təmasın davamı kimi növbəti görüş keçiribsə, bu, Ruben Vardanyan layihəsinin korşalması üçün mühüm vasitəyə çevrilə bilər.

Bundan sonrakı proseslər Vardanyanın Rusiyadan hansı təlimatlar almasından asılı olacaq. Hərçənd ki, Rusiya Vardanyanı öz vətəndaşı kimi tanımır. Rusiya gündəlikdə Vardanyanın xeyrinə dəyişiklik etməsə, proseslər Azərbaycanın yumşaq güc tətbiqi ilə yekunlaşa bilər.

Ancaq Vardanyanın qalıcı olması üzərində işlənilsə, Azərbaycan hərbi gücü də özündə ehtiva edən fərqli oyun qurmaq çağırışı ilə üzləşəcək.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir