Siyasət

Səfirin yaxasındakı “xarıbülbül” Makronu yola gətirəcəkmi? – TƏHLİL + FOTO

Sharing is caring!

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın etimadnaməsini Prezident Emmanuel Makrona təqdim etməsi müzakirələrə səbəb olub. Hərçənd ki, bu, diplomatik prosedur qaydasıdır.

O da aydındır ki, xanım Abdullayevanın “xarıbülbül” nişanını taxaraq Makronun qəbuluna getməsi Fransa liderinə mesajdır.

Ancaq çətin ki, Azərbaycanın Ermənistan üzərindəki həlledici qələbəsinin simvolu olan xarıbülbül Makronu ayıldaraq ədalətin yanına gətirsin. Hər halda, subliminal ismarışın özü belə, yaxşı bir gedişdir.

Fransa Ermənistan-Azərbaycan münaqişəsi zamanındakı İrəvana qahmar çıxmaq şakərini postmüharibə reallıqlarında açıq müstəviyə keçirib.

Ancaq Emmanuel Makron qədər Ermənistanı himayəsinə alan ikinci Fransa lideri tapmaq çətindir. Bundan əvvəlki Fransa prezidentləri İrəvanın yanında olsalar da, heç olmasa, üzdə bitərəflik kodeksini nümayiş etdiriblər.

Makron isə fərqlidir, onun erməni maraqlarını dəmir örtüklə müdafiə etmək cəhdləri Fransa kimi dövlətin nüfuzuna xələl gətirir.

Bununla belə, yenə də gözləntilər var ki, Fransa qərəzli platformadan sürüşərək, ən azından, bitərəf mövqeyə gələcək.

Belə olmasa, Azərbaycan-Fransa münasibətlərinin rəngi qaralmaqda davam edə bilər, çünki Parisin özünə doğma saydığı İrəvana əl tutmaq adəti regional təhlükəsizliyə təhdiddir. O başqa məsələ ki, Fransanın digər əsas ağrılı yeri Böyük Britaniya və Türkiyə faktoru ilə əlaqəlidir.

Parisin rəqiblərinə gözdağı verməkdən ötrü Azərbaycanı da hədəfə alaraq erməni səhminə sərmayə qoyması Bakı-İrəvan sülh gündəliyinə ziyan verir.

Fransa ziyanvericilik missiyasını sonlandırıb sülh prosesini irəliyə aparmaq istəyirsə, Bakı buna etiraz edən deyil. O şərtlə ki, Paris üzdə bir, arxada fərqli davranıb danışıqların ruhunu dağıtmasın.

Ancaq Fransa danışıqların bitərəf təşəbbüskarı olmaq niyyətindədirsə, onda bir neçə mərhələni adlamalıdır.

Birincisi, Fransa strateji maraqlarını nəzərdən keçirərək Azərbaycanı itirməyin ona verə biləcəyi zərərlər haqqındakı suala cavab tapmağı bacarmalıdır. Çünki Azərbaycan bölgədəki reallıqlara təsir etmək və onu dəyişdirmək potensialını qoruyub-saxlayır. Cənubi Qafqazdakı təhlükəsizlik modelinin dayanıqlılığı Avroatlantik məkana da müsbət təsir göstərir.

İkincisi, Azərbaycan Avropanın enerji xəritəsinin çəkilməsində pay sahibidir və energetika sahəsindəki göstəricilərini artırır. Bu, Azərbaycanın geoiqtisadi və geostrateji payını çoxaldan amillərdən biridir və məntiqlə Bakı Avropa İttifaqının gündəliyində mühüm tərəfdaşa çevrilir.

Düzdür, Fransa enerji idxalatında Azərbaycandan asılı deyil, ancaq Paris Avropa İttifaqının gələcəyini düşünməlidir.

Azərbaycanla Avropa İttifaqı arasındakı strateji tərəfdaşlığın üfüqdəki perspektivləri praqmatik dəyərlər əsasında inkişaf edə bilər. Fransa bu işə töhfə vermək qabiliyyətini göstərməlidir, çünki Azərbaycan “yaşıl” enerji sektorunda da ixraca hazırlaşır və bu, Avropanın enerji konsepsiyasının yeni fəsli deməkdir.

Azərbaycan Fransanın bəzi davranışlarını başa düşür. Məsələn, Azərbaycan rəsmi Parisin ölkədəki güclü erməni diasporunu sakitləşdirmək üçün Ermənistanın xeyrinə mesajlar verməsini anlayır. Ancaq Fransa milli-strateji maraqları erməni icması üzərində qurmaqdan uzaqda dayanmalıdır.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir