Siyasət

Davam edən aksiyalar, Braziliya ilə İran hənalarının fərqi – ŞƏRH + FOTO

Sharing is caring!

İranda etiraz aksiyaları davam edir. Ölkənin ali dini rəhbəri Seyid Əli Xamenei başda olmaqla bütün rəsmilər ictimaiyyəti sakitləşdirmək üçün müxtəlif vədlər verir, bəhanələr uydururlar. Onların iddiasına görə, etiraz aksiyalarında Qərb günahkardır. Hələ indiyədək Xamenei, yaxud İranın hökumət başçısı İbrahim Rəisi yarıtmaz fəaliyyətinə görə bir naziri belə, tənqid etməyiblər. Onda belə bir sual ortaya çıxır: niyə Tehran rejiminin bu iki başçısı dövlət məmurlarının fəaliyyətini ad çəkərək tənqid etmir? Məsələn, Güney Azərbaycanda Urmiya gölünün qurumasına görə məsuliyyət daşıyanlar, hicab qaydalarına etiraz aksiyalarının bu səviyyəyə qalxmasına bais olan sosial vəziyyətin ağırlaşmasında rol oynayanlar, yaxud konstitusiyanın maddələrinin icrasına mane olanlar barədə susurlar. Ancaq mane olanlar ya işdən sakitcə çıxarılırlar, ya da belələrinin müəmmalı şəkildə öldükləri elan edilir. Məsələn, İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi 2022-ci ilin noyabrında ölkədəki etirazlar fonunda istefa verib. Vəzifədən azad ediləndən 15 gün sonra vəfat etdiyinə dair xəbər yayılıb. Düzdür, onun ölümünü xəstəliklə bağladılar. Hətta İbrahim Rəisi onun səhhətinə görə istefa verdiyini də açıqladı. Bununla belə, İran hakimiyyəti barədə yaranan imic onların istənilən açıqlamalarına şübhə ilə yanaşmağa səbəb olur.

Ötən ilin sonunda isə İran Mərkəzi Bankının direktoru Əli Salehabadi vəzifəsindən istefa verib. Onun yerinə Məhəmmədrza Fərzini yeni rəhbər seçilib. İran milli valyutasının sürətlə ucuzlaşması Əli Salehabadinin istefasına əsas səbəb kimi göstərilib. İran parlamenti isə ölkənin iqtisadiyyat və maliyyə naziri Seyid Əhsən Xandoziyə impiçment təklifini qəbul edib. Milli valyutanın ucuzlaşması, qızılın qiymətinin qalxması, inflyasiya, fond bazarında vəziyyət, eləcə də vədlərini yerinə yetirmədiyinə görə ona impiçment göstərilməsi təklifi qəbul olunub.

Müşahidələrə əsasən demək olar ki, Prezident İbrahimi inflyasiya, gündəlik tələbat mallarının bahalaşmasının qarşısını almaq üçün hökumətdə dəyişikliklər edir. Ötən ayın məlumatına əsasən, ərzaq məhsulları, o cümlədən çörək, lobya, meyvə, tərəvəz, çay, süd, yumurta, pendir, kərə yağı və başqaları 72,6 faiz bahalaşıb, qeyri-ərzaq və xidmət sahələrində qiymətlər 37,1 faiz artıb.

İranın sənaye və faydalı qazıntılar naziri Reza Fatemi Aminin sözlərinə görə, avtomobillərin qiymətinin qalxması dolların bahalaşması ilə əlaqədardır. Hələ ki İbrahim Rəisi hökuməti tənqid edilir. Ölkədəki etiraz aksiyaları onun iqtisadi-maliyyə siyasətinin yarıtmazlığı ilə əlaqələndirilir. İbrahim Rəisi prezident seçiləndə proqramının olmamasına görə tənqid edilirdi. İranın Sistan-Bəlucistan, Kerman və Xuzistan əyalətlərinin başçıları vəzifələrindən azad edilib. Həmin əyalətlərə İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) komandirləri başçı təyin olunublar. Yeri gəlmişkən, yaxın zamanda bütün əyalətlərə qvardiya komandirlərinin başçı təyin olunacaqları gözlənilir. İndiki hadisələr sübut edir ki, Tehran rejimi bütövlükdə böhranlı vəziyyətə hazır deyilmiş. Bu səbəbdən də etirazçıları şərləyir, aksiyaları güc, zorakılıq və silah tətbiqi yolu ilə yatırmağa çalışırlar…

Yeri gəlmişkən, yanvarın 7-də ayətullah Seyid Əli Xameneinin fərmanı ilə general Əhmədrza Radanın İran Hüquq-Mühafizə Qüvvələrinin yeni baş komandanı təyin olunması bu istiqamətdə də vəziyyətin rejim üçün ürəkaçan omadığını ehtimal etməyə əsas verir. Dövlət başçısı keçmiş komandan briqada generalı Hüseyn Əştərini xidməti müddəti başa çatdığı üçün azad etdiyini bildirib. Bununla belə, Ə.Radanın keçmiş fəaliyyəti deməyə əsas verir ki, Xamenei bu posta daha etibarlı adamını təyin edib. İranın ali rəhbəri yeni komandana tövsiyələrində qeyd edib ki, dövlətin müxtəlif qurumlarının Hüquq-Mühafizə Qüvvələri ilə əməkdaşlıq etməsi gözlənilir. Radanın bu vəzifəyə gətirilməsi səbəblərindən biri də daxili “nizam-intizamı mühafizə etmək” üçün yeni qurumun yaradılacağını, yaxud polisin səlahiyyətlərinin genişləndiriləcəyini ehtimal etməyə əsas verir. Qeyd edək ki, Ə.Radan bundan əvvəl İran Hüquq-Mühafizə Qüvvələrinin baş komandanının müavini, Tehran, Sistan-Bəlucistan və Xorasan əyalətlərinin polis idarələrinin rəisi işləyib. İran-İraq müharibəsində İnqilab Keşikçiləri Qvardiyasının komandirlərindən olub. ABŞ Ə.Radanı İran vətəndaşlarına və ya onların ailə üzvlərinə qarşı ciddi insan hüquqları pozuntularına görə məsuliyyət daşıyan şəxs olaraq elan edib.

Nəhayət, bu kimi informasiyalar İranda hakimiyyətdaxili vəziyyətin yaxın aylarda ağırlaşacağı qənaətinə gəlməyə əsas verir. Çünki rejimin etiraz aksiyalarının deyil, heç adi sosial, iqtisadi vəziyyətlə bağlı cəmiyyətin tələblərini qarşılamağa, onlara əməl etməyə resursu yox dərəcəsindədir. Hakimiyyət mövcud vəziyyətdən xilas olmaq üçün kadr dəyişikliyi ilə manevr edir.

Rejim hələ ki bütün günahları ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və onların müttəfiqlərində görür. İqtisadiyyatın güclənməsi, sosial problemlərin həllinə diqqət ayırmaqdansa, Urmiya, Quru göl kimi göllərin qurumasının qarşısını almaqdansa, güc strukturlarını gücləndirməklə vəziyyətə nəzarət etməyə çalışır. Ancaq küçələrdə hər gün rejimin ideallaşdırdığı qəhrəmanların poster və plakatları yandırılır, boyanır.

İranın Xarici İşlər Nazirliyi isə Braziliyadakı etiraz aksiyalarına reaksiya verib. XİN nümayəndəsi zorakılıqların baş verməsi və dövlət binalarına basqınlardan narahatlığını ifadə edib. Bununla da nazirlik işçisi İrandakı etirazları adiləşdirməyə, belə halların Braziliyada da baş verdiyinə diqqəti çəkməyə çalışır. Ancaq İranın hənası ilə Braziliyanın hənası eyni deyil.

“Report” İnformasiya Agentliyi 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir