Siyasət

“Heydər Əliyev İli”, Naxçıvandan strateji baxış – TƏHLİL

Sharing is caring!

2023-cü ilin ilk 10 günlüyünü Azərbaycan-Ermənistan gündəliyi kontekstindən təhlil etsək, deyə bilərik ki, sülhə dair həlledici işartılara rast gəlinmir.

Azərbaycan öz şərtlərində qalır və həmin tələblər tiyəsinin ucunu itiləməkdə davam edir, Ermənistan isə üçtərəfli bəyanatların müddəalarının başına oyun açmaq meyillərini göstərir.

Ancaq 10 Noyabr Bəyanatının imzalanmasından sonra iki ölkə arasındakı istər ali səviyyəli, istərsə də nazirlər miqyasındakı təmas təcrübələri olduğundan hələlik prosesdə danışıqlara üstünlük verilməsi planlaşdırıla bilər.

Böyük ehtimalla indi müzakirələr üçün kanallar açıq tutulur və növbəti danışıqların məkanı və gündəliyi müzakirə olunur.

Açığı, danışıqlardan praktiki olaraq həlledici bir nəticənin hasil olunmasını söyləmək üçün lazım olan ipucları görünmür. Çünki Ermənistanın hoqqaları ara vermir.

Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” elan olunub, bu, dövlətin strateji hədəfləri baxımından da simvolik mənaların daşıyıcısıdır. 2022-ci ilin dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşündə Ermənistanı lərzəyə salacaq bəyanatlar səsləndirdi. İlham Əliyevin tezislərini “Heydər Əliyev İli”ndə qarşıya qoyulan məqsədlər üçün “yol xəritəsi” hesab etmək olar.

Ermənistanda isə isterikaya söykənən ab-hava xarici himayədarları günahkar çıxarmaq brendlərini yenidən üfüqlərə qaldırır.

Daim ağa axtarışında olan Ermənistanda hökm sürən qul təfəkkürü Rusiyanı təqsirkar stulunda görmək istəyir, bütün baş verənlərin səbəbini vaxtı ilə mövcud olmuş işğal faktında axtarmaqdan uzaq düşülür.

Ağı deyərək müstəsna həyasızlıqla Qarabağdakı erməni əhalinin blokadada olmaq iddialarından əl çəkməmək Rusiyanı da hədəfə gətirir. Nikol Paşinyan administrasiyası ya vəlvələdən, ya da zəlzələdən ölkədə anti-Rusiya ovqatını körükləyir və bir qrup marginallaşmış dəstənin Rusiyanın Ermənistandakı hərbi bazası önünə göndərilməsinə rəvac verir.

Rusiya-Ermənistan münasibətlərindəki gərginlik Bakıya sərf edir və Azərbaycanın Moskva ilə bu il üçün anlaşması üçün münbit şərait yaradır.

Qarabağda azərbaycanlı ekofəalların etiraz aksiyaları davam edir, bir aya yaxındır ki, Azərbaycan təbii sərvətlərinin talanmasına etiraz olaraq yumruğu eyni yerə vurur. Ancaq aksiya olan ərazilərdə insidentlər qeydə alınmır, vəziyyət stabildir. Bu stabillik Azərbaycan-Ermənistan sərhədindəki mənzərəyə də təsir göstərir, hərçənd ki, ara-sıra atışma səslərinin olması barədə məlumatlar yayılır.

Sərhəd və Xankəndi, Xocalı, Ağdərə mövzuları bir-birilə əlaqəlidir, Ruben Vardanyan isə Qarabağdakı nüfuz kartını dəyişməklə öz qeyri-leqal ticari fəaliyyətini genişlətmək istəyir.

Vitali Balasanyanın Qarabağdakı quldur dəstələrin kreslolarından uzaqlaşdırılması Vardanyanın Arayik Arutyunyanla birləşib başqalarına torba tikmək şakərlərini hansı məqsədlər üçün ortaya qoyduğunu göstərir.

Azərbaycan bir neçə ay öncə bəyan etmişdi ki, dövlət Qarabağdakı nüfuzlu erməni şəxslərlə təmasdadır və bu təmasları davam etdirəcək.

Sual olunur: Görəsən, Vardanyanda hansı şübhələr oyanmışdı ki, Balasanyan guya Azərbaycana işləyə bilər?

Məğlubiyyət sindromu ağır dərddir və Vardanyan Qarabağa elə gündəliklə gəlib ki, bu da məğlub, rəzil bir nəticəni dəyişdirə bilmək gücündə deyil. Amma nəticədə Vardanyan məğlub separatçı subyektin təmsilçiliyinə iddialıdır deyə o, kimlərisə xain çıxarıb oyundan kənarlaşdırmağa meyillidir.

Onun hədəfində Arutyunyan da ola bilər, amma indiki mərhələdə Moskva Arayiki Qarabağda saxlamaqda qərarlıdır. Vardanyan Rusiyanın milyarderlər layihəsi üzrə tamamlayıcı fiqurdur, lakin Azərbaycan Qarabağ lövhəsində onu sıxışdırır və vurula biləcək fiqur səviyyəsinə endirir.

Beləcə, Azərbaycan əks-hücumlarla məkrli planları önləyir, lakin hələ yeni prioritetlər də qalmaqdadır.

Azərbaycan Şuşa-Xankəndi yolundakı aksiyadan maksimal nəticələr əldə etməkdə israrlıdır və yekun Rusiya ilə anlaşmayla qurula bilər.

Yəni problemlər olsa da, Bakı ilə Moskvanın razılığa gəlməsi ehtimalı Ermənistanın Rusiya ilə hansısa formada sövdələşməsindən bir köynək yaxındır.

Sərhəd mövzusunda isə Azərbaycanla Rusiya arasında razılaşdırılmış məqamların faizi mütləqlik dərəcəsinə yaxın ola bilər.

Qısası, Ermənistan düşünməlidir, ən azından, dövlət kimi funksiyalarını icra etməli və 10 Noyabr Bəyanatının müddəalarını çək-çevirə salmamalıdır.

Çünki Azərbaycan üstündür, hər mənada, hələ sərhədin Naxçıvan istiqamətindən də strateji məqsədlərinə çatmağa yaxındır…

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir