Siyasət

“Dünya bazarının tənəzzülə uğradığı bir vaxtda milli inkişafı şərtləndirən tədbirlər dəstəklənməlidir” – FOTO

Sharing is caring!

“Qlobal və regional coğrafiyada baş verən məlum tendensiyaların fonunda, dünya bazarının tənəzzülə uğradığı bir vaxtda milli inkişafı şərtləndirən tədbirlər dəstəklənməlidir”.

Bunu “Report”a açıqlamasında Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” yeni Sərəncamı şərh edən tarix üzrə fəlsəfə doktoru, ekspert Yəhya Babanlı bildirib.

Y.Babanlı hesab edir ki, məhz belə bir dövrdə dövlət başçısı tərəfindən qəbul edilən qərarlar təqdirəlayiq hesab edilməlidir:

“Ümumilikdə məsələyə yanaşsaq, görərik ki, Vətən müharibəsində qazanılan parlaq Zəfərdən sonra dövlət və cəmiyyətin həyatında yeni bir mərhələ – quruculuq və inkişaf erası başlanılıb.

Bütün istiqamətlərdə müvafiq addımlar atılır, sosial-iqtisadi dirçəliş açıq-aydın görünür, humanitar sfera daha da diqqət və qayğı ilə əhatə olunur.

Müasir dövrdə qəbul edilən qərar və tətbiq olunan mexanizmlər insanların güzəranının yaxşılaşdırılması, həyat şəraitinin yüksəldilməsi məqsədi daşıyır.

Göründüyü kimi, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqqılarının artırılması istiqamətində ardıcıl addımlar atılıb”.

Ekspert hesab edir ki, məlum sərəncam ölkə başçısının vətəndaşın rifahına yönəlmiş sosial siyasətinin tərkib hissəsidir:

“Sərəncamda minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilməsi və əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılması bir daha təsdiq edir ki, Azərbaycan Respublikası üçün sosial dövlətə çevrilmə prioritetdir.

Yaxın gələcək üçün konkret milli hədəflərin müəyyənləşdirilməsi bunu deməyə əsas verir ki, maddi vəziyyətin yaxşılaşdırılması istiqamətindəki tədbirlər davamlı olacaq.

Əminəm ki, gələcəkdə belə tədbirlər daha da effektiv olacaq. Yəni, Qarabağın inşası, “Böyük Qayıdış” prosesinin başa çatması ilə köçkün problemi həllini tapdıqdan sonra dövlət büdcəsindən müvafiq ayırmalar əhalinin inkişafına istiqamətləndiriləcək.

İşğaldan azad olunmuş ərazilərin potensialından milli iqtisadiyyata yönələn gəlirlər, təbii resursların istifadə olunması kompleks həyatımızda hiss olunacaq.

Tranzit imkanların genişlənməsi, Zəngəzur dəhlizinin açılması və xarici investorların cəlb edilməsi regionun iqlimini dəyişəcək və iqtisadi tərəqqisinə töhfə verəcək.

Bu amillər hər bir Azərbaycan vətəndaşına layiq olduğu ən yaxşı yaşayışı vəd edir.

Prezident İlham Əliyevin bu gün apardığı dərin və geniş islahatlar, fundamental və kompleks dəyişikliklər, insanların sağlamlığına, təhlükəsizliyinə, firavanlığına və inkişafına hesablanıb.

Bu il 100 illiyini milli fəxarətlə qeyd etdiyimiz dahi Heydər Əliyev sözləri ilə desək, Azərbaycan dünyaya günəş kimi doğacaqdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15% artırılaraq 300 manatdan 345 manata çatdırılıb.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək. Minimum əmək haqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2% üstələyir.

Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək.

Beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7% artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək.

Son 5 ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb.

Ümumilikdə bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir