Siyasət

İsrail səfiri: “Azərbaycanın ehtiyac duyduğu hər yerdə ona faydalı olmağa hazırıq” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

İsrail və Azərbaycan çoxdan strateji tərəfdaşdır, onların əməkdaşlığı bir çox sahələri – təhlükəsizlik, energetika, humanitar, siyasi, kənd təsərrüfatı və s. əhatə edir.

Eyni zamanda, ötən il Azərbaycanın Təl-Əvivdə səfirlik açmaq qərarı sayəsində ölkələr arasında münasibətlər yeni səviyyəyə yüksəlib.

İsrailin Azərbaycandakı səfiri Corc Dik səfirliyin açılmasının ikitərəfli əlaqələrin inkişafına necə töhfə verəcəyi və 2023-cü ilin prioritetləri barədə “Report”a müsahibəsində danışıb.

Həmin müsahibəni təqdim edirik:

– Azərbaycanın İsraildə səfirlik açmaq qərarı ölkələr arasında əlaqələrin inkişafına necə töhfə verəcək?

– Bu qərar çoxdan gözlənilən və tarixi qərar idi. Aramızda diplomatik əlaqələr 30 ildir qurulub, İsrailin Bakıdakı səfirliyi isə 1993-cü ildən fəaliyyət göstərir. Azərbaycan parlamentinin bu qərarı yekdilliklə təsdiqləməsi, daha sonra isə prezidentin müvafiq qanunu imzalaması bizi sevindirdi.

Səfirliyin açılmasının bir neçə müsbət nəticəsi olacaq. Bu, ilk növbədə, ölkələrimizin xalqlarına iki dövlət arasında münasibətlərin strateji və dərin olması və onlarla fəxr edə biləcəyimizə dair mesajdır. İkincisi, bu, Yaxın Şərq və bu region ölkələrinə mesajdır ki, həm Azərbaycan, həm də İsrail bu ikitərəfli münasibətləri qarşılıqlı faydalı hesab edirlər. Başqa dövlətlər bəyənsə də, bəyənməsə də, bizim aramızda mühüm və strateji tərəfdaşlıq var.

Bundan əlavə, indiyədək Azərbaycanın İsraildə siyasi nümayəndəliyi, əməkdaşlıq etmək üçün startapların, texnologiya şirkətlərinin və universitetlərin nümayəndələri ilə görüşə biləcək kimsə olmayıb. Azərbaycanın mövqeyini təqdim edən kimsə olmayıb. İndi isə İsraildə səsimiz və hökumət körpüsü olacaq. Bu da Azərbaycan xalqının İsrailin təklif etdiyi şeylərdən faydalanmasına imkan verəcək.

Mən tam əminəm ki, İsraillə ərəb dünyasının əksər hissəsi arasında “İbrahim razılaşmaları” və sülh müqavilələri, eləcə də Türkiyə ilə münasibətlərin normallaşması səfirliyin məhz indi açılmasına təsir edib.

Fikrimcə, Azərbaycanda ictimaiyyət, xüsusən də İkinci Qarabağ müharibəsindən sonra, İsraildə səfirliyin açılmasını böyük çoxluqla dəstəkləyir. Qərar qəbul edilməzdən əvvəl biz ictimai sorğu keçirdik və bu sorğu göstərdi ki, dinindən və yaşayış yerindən asılı olmayaraq, azərbaycanlıların 80%-i Azərbaycanın İsraildə səfirliyinin açılmasını dəstəkləyir. Yəni Azərbaycan ictimaiyyətindən də təkan var idi. Bunu sosial şəbəkələrdə də hiss etdim.

– Sizcə, səfirliyin açılması turizm sektorunun inkişafına töhfə verəcəkmi? Azərbaycandan İsrailə və əks istiqamətlə hərəkət edən turistlərin sayı həmişə yüksək olub. Pandemiya zamanı dəymiş ziyanı nəzərə alsaq, turizm sektoru hazırda hansı mərhələdədir?

– Ölkələr arasında turizm sferasında əməkdaşlıq hələ səfirlik açmaq qərarı verilməmişdən əvvəl inkişaf edirdi və artım tempi yalnız COVID-19 səbəbindən kəsildi. 2016-cı ildə 10 min turistimiz olubsa, 2019-cu ildə bu rəqəm artıq 50 min, yəni 5 dəfə çox idi. COVID-19 olmasaydı, turistlərin sayı daha artardı.

Düşünürəm ki, səfirliyin açılması ölkələr arasında turizm əməkdaşlığının daha da möhkəmlənməsinə kömək edəcək. Ötən il İsraildə Azərbaycanın turizm nümayəndəliyinin açılması isə artıq İsraildən Azərbaycana gələn turistlərin sayının artmasına mühüm töhfə verib. Keçən il üzrə tam məlumatımız yoxdur, lakin ilin ilk yarısı üzrə deyə bilərəm ki, deyəsən, 2019-cu ilin göstəricilərinə qayıtmışıq.

Gələn il ölkələrimiz arasında turizmin inkişafı potensialına çox nikbin baxıram. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) növbəti mövsümdən başlayaraq İsrailə həftədə 8 reysin yerinə yetirilməsi ilə bağlı qərarının olduğunu bilirəm. Bundan əlavə, İsrail aviaşirkətləri də uçuşların sayını artıra bilər. Təsəvvür edin ki, Azərbaycanla İsrail arasında hər həftə 10-dan çox birbaşa uçuş olacaq.

– Humanitar sahədə, eləcə də tibb sahəsində əməkdaşlıq necə inkişaf edir?

– Humanitar layihələrdə heç səfirliyin iştirakı olmadan bu qədər biznes nümayəndəsinin və ya sadəcə böyük ürəkli insanın iştirak etməsi inanılmazdır.

İki il əvvəl, İkinci Qarabağ müharibəsindən dərhal sonra Azərbaycanın “YAŞAT” Fondu İsraildən oftalmoloqları dəvət etdi və gələn həkimlər mütəmadi olaraq pasiyentləri nəzarətdə saxladı. Onların hamısı əməliyyatları və sonrakı müalicəni tamamilə pulsuz həyata keçiriblər. İsrail həkimləri 150-dən çox azərbaycanlı müharibə veteranını əməliyyat ediblər.

Onlardan biri də vaxtilə babasının doğulduğu Füzulidə gedən döyüşlərdə yaralanaraq bir gözünü itirən Arif Hacıyevdir. Onun buynuz qişası transplantasiyasına ehtiyac var idi. İsraildə isə əri bir müddət əvvəl dünyasını dəyişmiş qadın ərinin buynuz qişasının Azərbaycana aparılıb Arifə köçürülməsinə razılıq verdi. Həmin qadının, onun dünyasını dəyişmiş ərinin, eləcə də israilli həkimlərin sayəsində Arifin görmə qabiliyyəti geri döndü.

Bu yaxınlarda Arif onun haqqında sənədli film çəkməyi düşünən ABŞ-Azərbaycan dostluq qrupunun müşayiəti ilə İsrailə səfər edib. O, İsraildə ölmüş ərinin buynuz qişasını bağışlayan qadınla görüşüb. O, həmçinin İsrailin siyasətçiləri, merləri və ictimai xadimləri ilə, habelə onu müalicə edən həkimlə görüşlər keçirib. Bu, həqiqətən də sehrli, çox emosional səyahət olub. Çox şadıq ki, səfirlik də hazırlanmaqda olan sənədli filmə öz töhfəsini verə bildi və ümid edirik ki, tamaşaçılar bunu bəyənəcəklər.

Tibb sahəsində əməkdaşlıq çərçivəsində İsrail Azərbaycana humanitar tibbi avadanlıqların bir neçə partiyasını çatdırıb. Birinci partiya məhz İkinci Qarabağ müharibəsi zamanı çatdırılıb.

O zaman lazım olan tibbi ləvazimatlarla Gəncəyə getdim, orada raket hücumlarından bir gün sonra zərər çəkmiş ailələrlə görüşdüm və növbəti partlayışdan bir gün əvvəl oradan ayrıldım.

Bundan əlavə, ötən il İsraildən olan pediatrlardan ibarət nümayəndə heyəti onlarla uşağı pulsuz müalicə etmək üçün Azərbaycanın “Bona Dea” klinikasında və digər klinikalarda olub. Bu nümayəndə heyəti Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə gəlib.

Biz daim daha çox layihələr həyata keçirməyə çalışır, Səhiyyə Nazirliyi və TƏBİB ilə İsrail klinikaları arasında əməkdaşlıq qururuq.

– Energetika sahəsində ölkələr arasında əməkdaşlıq necədir? Siz bu yaxınlarda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə görüşdünüz. Bu sferada yeni birgə layihələr, tədarük həcmlərinin artırılmasını gözləmək olarmı?

– Heç kimə sirr deyil ki, Azərbaycan İsrailin əsas neft tədarükçüsüdür. İki il əvvəl Azərbaycan neftinin İsrailə tədarükdə payı təqribən 30%, keçən il isə təxminən 40% təşkil edib. Beləliklə, Azərbaycanın bu baxımdan mərkəzi rolu qalır və artır.

Biz Azərbaycandan qaz idxal etmirik. Eyni zamanda, nəzərdən keçirdiyimiz digər əməkdaşlıq sahəsi qazımızın bu gün ona çox ehtiyacı olan Avropaya ixracıdır. Qazın mayeləşdirilməsi, Misirdən keçməklə qaz kəmərinin çəkilməsi, Yunanıstan və İtaliya ərazisindən qaz kəmərinin çəkilməsi, eləcə də Türkiyə üzərindən tədarük variantı haqqında fikirlər var. Biz, məsələn, TANAP və TAP boru kəmərlərinə də qoşula bilərdik. Görək İsrailin yeni hökuməti hansı strategiyaya üstünlük verəcək.

Bərpa olunan enerji mənbələri də daim diqqət mərkəzindədir. Günəş və külək enerjisi sahəsində təcrübəmiz var. Azərbaycanda isə daha “yaşıl” enerjiyə keçidlə bağlı strateji qərar var. Odur ki, biz buna töhfə verə bilərik. İsrail hələ Azərbaycanın bərpa olunan enerji sektorunda iştirak etməyib. Ümid edirik ki, bu baş verəcək.

– 2022-ci ildə Azərbaycanın İsraildə səfirliyinin, ticarət nümayəndəliyinin açılması ilə bağlı qərar qəbul edildi, hökumət və özəl sektor səviyyəsində bir çox yeni sazişlər imzalandı. Hansı sektorlarda daha çox artım müşahidə olunur və 2022-ci ildə hansı müqavilələr əlamətdar hesab edilə bilər?

– 2022-ci il əməkdaşlığımız üçün mühüm il oldu. İlk öncə, dediyiniz kimi, ticarət, daha sonra turizm ofisinin açılışı oldu. İsrail və Azərbaycan arasında turizm əməkdaşlığının yenidən canlanmasının, onun pandemiyadan əvvəlki səviyyəyə qayıtmasının şahidi olduq.

Bundan əlavə, iqtisadi sahədə biz bir neçə çox mühüm sazişin imzalanmasının şahidi olduq. “Azərbaycan İnvestisiya Şirkəti” ilə İsrailin vençur şirkəti arasında Azərbaycan startaplarına sərmayə qoyuluşu haqqında, İsrailin “Mekorot” şirkəti ilə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC arasında su ehtiyatları sahəsində saziş imzalanıb.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin İsrailə səfərinin şahidi olduq və o, Azərbaycanda kibertəhlükəsizliyin öyrənilməsi üzrə məktəb açılması üçün “Technion” şirkəti ilə müqavilə imzaladı. Ümid edirik ki, məktəb yaxın bir neçə ay ərzində açılacaq. Bunların hamısı üzərində işlədiyimiz son dərəcə vacib layihələrdir.

İsraildən də yüksək səviyyəli səfərlər olub. İsrailin turizm, kənd təsərrüfatı və maliyyə nazirləri iki aydan az fərqlə Bakıya səfər etdilər.

Amma bizim üçün ən mühüm nailiyyət Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı qərar oldu. Odur ki, hər bir halda, 2022-ci il münasibətlərimiz üçün çox yaxşı, məhsuldar il oldu.

Azərbaycan qeyri-sabit qonşuluqda yaşayır və dəyişiklik zamanı dostlarınız və tərəfdaşlarınız ilə əl-ələ verməlisiniz. Yəni səfirliyin açılması da ölkələri bir-birinə yaxınlaşdıran şeydir.

– Bəs 2023-cü ildə əməkdaşlığın prioritetləri nədən ibarət olacaq? Yeni müqavilələrin imzalanması planlaşdırılırmı?

– İndi hansı layihələri həyata keçirmək istədiyimizi planlaşdırırıq, onu deyə bilərəm ki, 2023-cü il üçün çoxlu yeni sürprizlərimiz var. Biz yüksək səviyyədə səfərlər planlaşdırırıq. Amma 2023-cü ilin ən mühüm hadisəsi Azərbaycanın İsraildəki səfirliyinin rəsmi açılışı olacaq.

Biz həmçinin biznes sahəsində də əməkdaşlığın aktivləşəcəyinə ümid edirik.

İsrailin “IDE Technologies” şirkəti “Azərbaycan İnvestisiya Şirkəti” ilə Xəzər dənizinin duzsuzlaşdırılması sahəsində birgə layihə üzrə niyyət bəyannaməsi imzalayıb. Bu strateji əhəmiyyətli layihə Azərbaycanda hər gün yüz minlərlə kubmetr suyun duzsuzlaşdırılmasına kömək edəcək. Səbirsizliklə bu layihəni 2023-cü ildə tamamlamağı gözləyirik.

Həmçinin turizm sektorunun daha da fəallaşması üzərində də çalışacağıq və uçuşların sayını və infrastrukturu nəzərə alaraq, bunun 2023-cü ildə baş verəcəyini hesab edirik. Biz daha çox mədəni mübadilə, Azərbaycanda İsraildən daha çox musiqi şousu olmasını, daha çox İsrail filmi nümayiş etdirilməsini istəyirik.

– İsrail İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanı dəstəkləyib və biz dəstəyi bu gün də görürük: İsrail işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində fəal iş aparır. İsrail bu prosesdə necə iştirak edir?

– Bu ərazilərin bərpası Azərbaycan üçün böyük layihədir. Mən orada olmuşam və dağıntının miqyasını görmüşəm. Əslində, hər şeyə sıfırdan başlamaq lazım gəlir. Oraları tam bərpa etmək üçün uzun illər və çox səy tələb olunacaq.

Biz əvvəllər də şirkətlərimizin Qarabağda infrastrukturun bərpası prosesində iştirak etməyə hazır olduğunu bildirmişik və indi də bunu edirik.

İsrail şirkətlərindən biri Zəngilan rayonunun Ağalı kəndində süd ferması tikib. İştirak etdiyimiz və ya iştirak imkanlarını müzakirə etdiyimiz digər layihələr su ehtiyatlarının idarəçiliyi, bərpa olunan enerji və kənd təsərrüfatı sahələrindədir. “Ağıllı şəhərlər” sahəsində də əməkdaşlıq üçün bəzi imkanlar təqdim etmişik və cavab gözləyirik.

Azərbaycanlı həmkarlarımıza deyirik: Hansı sahədə bizə ehtiyacınız olduğunu deyin və biz orada olacağıq.

– İsrail Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə kömək etməyə hazırdırmı?

– Biz Azərbaycan və Ermənistan arasında sülh prosesinin və danışıqların gedişatını diqqətlə izləyirik. Mövqeyimiz isə dəyişməz olaraq qalır: biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik.

Həqiqətən ümid edirik ki, tərəflər sülh müqaviləsi imzalayacaq və Azərbaycan və Ermənistan xalqlarına sabitlik və firavanlıq gətirəcək münasibətlərin yekun həllinə nail ola biləcəklər.

Biz ölkələr arasında münasibətləri normallaşdırmaq üçün bütün dinc cəhdləri tam dəstəkləyirik.

Bizim Ermənistanla da diplomatik əlaqələrimiz var. İsraildə Ermənistan səfirliyi fəaliyyət göstərir. Beləliklə, bizim bu ölkə ilə normal münasibətlərimiz var, amma düşünürəm ki, hamı Azərbaycanla əlaqələrimizin xüsusi, strateji və dərin olduğunu da bilir. Bu, gələcəkdə də belə davam edəcək.

Biz həm Ermənistana, həm də digər ölkələrə aydın şəkildə bildirdik ki, Ermənistanla yaxşı, normal münasibətlər qurmaq istəyirik və Azərbaycanla münasibətlər heç bir başqa ölkəyə qarşı yönəlməyib. Sadəcə, Azərbaycanla dostluq və xüsusi münasibətlərimiz var. İnsanlar bunu qəbul etmirsə, bu, onların öz işləridir.

– İran-Azərbaycan münasibətləri son vaxtlar kifayət qədər gərginləşib…

– İran Yaxın Şərqdə, Cənubi Qafqazda və ondan kənarda qeyri-sabitlik və müharibələrin bəlkə də əsas mənbəyidir. İranın Argentinadan Bolqarıstan və Kiprə qədər hər yerdə terror aktları törətmək üçün öz adamlarından necə istifadə etdiyini görmüşük. Ona görə də onların Cənubi Qafqazın işlərinə də qarışmağa çalışmalarına təəccüblənmirəm. Bu regionun ölkələri ayıqdır və onlar bunu başa düşürlər. İranın “mövcud olduğu” bütün ölkələrə baxın: İraq, Suriya, Livan, Yəmən. Harada olurlarsa olsunlar, özləri ilə xaos, dağıntı, çökən iqtisadiyyat gətirirlər. İran böyük təhlükə mənbəyidir.

Amma İran nə İsrailin, nə də Azərbaycanın problemidir. İran qlobal problemdir və ona görə də bütün dünya İranı dayandırmalıdır. Bu gün İranın daxilində baş verənləri görəndə, onların regionda etdiklərinə nəzər salmamışdan xeyli əvvəl İran rejiminin ən böyük qurbanının elə İran xalqı olduğunu görürük.

İran rejimindən, onun qadınlarla bağlı, azadlığa, ifadə azadlığına qarşı siyasətindən hər kəs əziyyət çəkir. Onların insanları necə edam etdiklərini də gördük. Onlar əhali sayına görə dünyada ən çox edam edən ölkədirlər. “Evin” həbsxanasında hər gün insanlara işgəncə verirlər. Sırf öz fikrini bildirdiklərinə, azadlığı dəstəklədiklərinə görə adamları asırlar. Bu insanlar yalnız azad olmağı, hər bir azərbaycanlının, hər bir israillinin yaşadığı normal həyatı yaşamağı istəyir. Zəngin olmaq yox, azad olmaq istəyirlər. Düşünürəm ki, hər bir insan buna layiqdir və biz hamımız İran xalqını əsas insan haqlarını tələb edəndə dəstəkləməliyik, xüsusən də rejimin repressiyaları bu qədər qəddar, amansızdırsa.

Bir qadının hicabsız olduğuna görə qamçılanması və sonra öldürülməsi ağlasığmazdır və buna görə də İran əvvəlcə öz xalqına zülm edən, sonra isə bütün dünyada problemlər yaradan bir şərdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir