Siyasət

Aleksandr Qur-Arye: “İran tək qalıb, İran xalqı isə artıq ayılıb”

Sharing is caring!

“İran tək qalıb, İran xalqı isə artıq ayılıb”.

Bunu israilli analitik, ITON.TV kanalının icmalçısı Aleksandr Qur-Arye regionda son zamanlar baş verən hadisələri Oxu.Az-a şərh edərkən bildirib.

Onun sözlərinə görə, İran geosiyasi mühasirəyə düşüb.

“İranın artıq Rusiya ilə təkcə iqtisadi deyil, həm də hərbi baxımdan yaxın dost olmağa qərar verməsi məhz bununla izah oluna bilər”, – deyə ekspert qeyd edib.

Türkiyəyə gəlincə isə A.Qur-Arye Ankaranın “İbrahim razılaşmaları”nı (İsraillə bir sıra ərəb dövlətləri arasında – red.) müşahidə etdiyini və onun bu alyansa qoşulmağa qarşı olmadığını düşündüyünü deyib.

“Burada kiçik bir haşiyə çıxacağam – müəyyən siqnallar var ki, Suriya da “İbrahim razılaşmaları”na qoşulmaq və ümumi götürəndə Bəşər Əsədin düşməni olmayan İsraillə münasibətləri normallaşdırmaq istəyir. Suriya ilə İsrail arasındakı sərhəd atəşkəs imzalanandan bəri ən sakit sərhəddir”, – deyə icmalçı izah edib.

O, Türkiyə ilə İsrail arasında istər iqtisadi, istərsə də hərbi sahədə uzunmüddətli, sıx, yaxşı münasibətlərin mövcud olduğunu vurğulayıb.

“Yeri gəlmişkən, hərbi sahədə əməkdaşlıq hətta münasibətlərin soyumasına səbəb olan diplomatik qalmaqaldan sonra da bir müddət davam etdi, iki ölkə arasındakı ticarət dövriyyəsi isə azalmadı. Son zamanlar Türkiyənin təşəbbüsü ilə ölkələrimiz arasında münasibətlərin normallaşmasına başlanılıb, Türkiyə və İsrail hökumətlərinin yüksək səviyyəli nümayəndələrinin səfər mübadiləsi aparılıb və s. Bu baxımdan Azərbaycan, İsrail və Türkiyə arasında üçtərəfli əlaqələr çox önəmlidir”.

A.Qur-Arye Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə-İsrail münasibətlərinin yaxşılaşdırılması üçün vasitəçi kimi çıxış etdiyinə dair məlumatlar olduğunu qeyd edib:

“Bu, qeyri-rəsmi məlumatdır, lakin bizdə bu barədə yazırdılar. Əgər belədirsə, o zaman Bakının marağı başadüşüləndir – müxtəlif tərəfdən müttəfiqləri dost etmək – bu, hamının xeyrinə olacaq”.

O, İranla mümkün hərbi toqquşma halında, Türkiyənin doğru tərəfi seçəcəyinin gözlənildiyini bildirib:

“Ankara, yeri gəlmişkən, Suriyada da Tehranla toqquşur. Türkiyənin Suriyada ciddi maraqları var, bu, kürdlərlə, kürd bölgələri ilə bağlıdır. Suriya plasdarmında Türkiyə-İran gərginliyi çox ciddidir”.

“Yenə deyirəm, Rusiyanı saymasaq, İran həqiqətən də təklikdə qalır. Moskva ilə bu dostluq həm İsraili, həm də ABŞ-ni çox narahat edir. Məsələ bundadır ki, artıq rusiyalılar nüvə proqramının inkişafında İrana müəyyən köməklik göstərə biləcəklərindən danışırlar və bunlar heç də boş sözlər deyil”, – deyə ekspert əlavə edib.

O, İranı bürümüş etiraz aksiyalarına da toxunub. Onun sözlərinə görə, israilli analitiklər, o cümlədən şərqşünas, İran üzrə ekspert Vladimir Mesamed bu iğtişaşların heç bir yerə aparmayacağını düşünür.

“Əsas problem odur ki, aksiyalar yaxşı təşkil olunmayıb: Nə nüfuzlu lider var, nə də pul. Hər şey kortəbii şəkildə baş verir, bu qeyri-mütəşəkkil qüvvəni müəyyən şəkildə təşkil etmək üçün ürəksiz cəhdlər isə hələ ki indiyə qədər heç bir nəticə verməyib. İranın hələ də qəzəbi boğmaq gücü var, güclü repressiv aparatı var. Edamlar başlayıb və davam edəcək. Deməli, çətin ki, rejim süqut etsin. Lakin bu, rəsmi Tehran üçün dəyişməyin vaxtı olduğu barədə bir siqnaldır”.

O, İranda artıq bəzi güzəştlərin tətbiq olunduğunu deyərək, buna görə etirazların əbəs olmadığını və cəmiyyətdəki əhvali-ruhiyyəni nümayiş etdirdiyini bildirib.

“Bəlkə də növbəti çıxış dalğası daha hazırlıqlı olacaq. Ola bilsin ki, bir çox inqilablarda olduğu kimi MKİ bununla məşğul olacaq. Amma İran xalqının ayıldığı artıq göz qabağındadır”, – deyə Aleksandr Qur-Arye sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir