Siyasət

Polad Həşimov doğum günündə məzarı basında yad edildi – FOTO/VİDEO

Sharing is caring!

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.

Oxu.Az xəbər verir ki, P.Həşimovun xatirəsi 48-ci doğum günündə anası Səmayə Həşimova ilə birlikdə xalqımız tərəfindən İkinci Şəhidlər xiyabanında, məzarı qarşısında ehtiramla anılıb.

Mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Polad Həşimov başda olmaqla bütün şəhidlərin ruhuna dualar oxunub.

Qeyd edək ki, P.Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. O, 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Onun şəhid olması xəbərini ictimaiyyətə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də İkinci Şəhidlər xiyabanında, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.

Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir