Siyasət

Fərid Şəfiyev: “Nikol Paşinyan aqibətinin necə olacağından qorxur” – MÜSAHİBƏ

Sharing is caring!

“Unutmamalıyıq ki, Nikol Paşinyan üç il əvvəl Qarabağın Ermənistan ərazisi olduğunu iddia etmişdi”.

Bunu “Report”a müsahibəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

– Ermənistanla Azərbaycan arasında bu il yekun sülh müqaviləsinin imzalanması mümkün olmadı. Sizcə, bunun əsas səbəbi nədir?

– Bunun bir sıra geosiyasi səbəbləri var. Birincisi, Rusiya və Fransa prosesə mənfi təsir göstərdilər. İkinci bir tərəfdən, Ermənistan baş naziri Nikol Paşinyan addım atmağa qorxur.

1999-cu ildə Ermənistan parlamentində baş vermiş güllələnmə hadisəsinin bu yaxınlarda növbəti ildönümü oldu. Onda bəziləri dedilər ki, Paşinyan bu hadisəni unutmamalıdır.

– Yəni Nikol Paşinyan Azərbaycanla sülh əldə etməkdə maraqlıdır, amma kənar qüvvələrdən çəkinir?

– Bunu da demək çətindir. Unutmamalıyıq ki, Nikol Paşinyan üç il əvvəl Qarabağın Ermənistan ərazisi olduğunu iddia etmişdi. Həmçinin o, Xocalı faciəsini azərbaycanlıların törətdiklərini demişdi. Biz bunları yaddan çıxara bilmərik. Ermənistanda demokratiyadan əsər-əlamət yoxdur. Ermənistanda etnik-millətçi hakimiyyət var. Amma rəsmi İrəvan başa düşür ki, bu yolun sonu yoxdur. İqtisadi və hərbi resurslar buna imkan vermir. Ona görə də Paşinyan istər-istəməz sülh müqaviləsi barədə düşünməli olur.

– Əsas mövzulardan biri də Moskvanın adamı hesab edilən və Qarabağdakı separatçıların qanunsuz hökumətində “baş nazir” postuna uyğun olan “dövlət naziri” vəzifəsinə təyin olunmuş Ruben Vardanyan ətrafında baş verən proseslərdir. Sizcə, Kremlin Paşinyana qarşı Vardanyan kartından istifadə etməsi nə qədər realdır?

– Doğrudur, belə bir məsələ var. Lakin Ermənistanda Vardanyanı qəbul etmirlər. Hətta Paşinyanın arvadı Anna Akopyan da Vardanyanla bağlı tənqidi fikirlər səsləndirib. Vardanyan Qərblə təmaslar qurmağa çalışır. O, liberal düşüncəli insanlarla təmas qurmağa, nəyəsə nail olmağa səy göstərir. Amma alınmayacaq, çünki Ermənistan cəmiyyəti onu qəbul etməz.

– Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, rəsmi Bakı Ermənistanla danışıqlar üçün bütün platformalardan istifadə etməyə hazırdır, amma qərəzli tərəflər istisnadır. Bakı və İrəvan arasında sülhün əldə olunmasına hansı ölkə daha qərəzli yanaşır?

– Əlbəttə, ən birinci qərəzli tərəf Fransadır. Biz Fransa Prezidenti Emmanuel Makronun, xarici işlər naziri Ketrin Kolonnanın və digərlərinin Azərbaycanla bağlı qərəzli mövqelərini dəfələrlə görmüşük. Rəsmi Paris proseslərə obyektiv yanaşmır. Bunun ən böyük səbəbi isə sözügedən ölkədəki erməni lobbisi və diasporudur.

– Amma 30 ilə yaxın davam edən danışıqlarda ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri olan ABŞ və Rusiya da münaqişəyə obyektiv yanaşmırdılar.

– Doğrudur. Ancaq reallıqları da nəzər almalıyıq. Hər ikisi böyük dövlətlərdir. Üstəgəl, Rusiya bizimlə qonşudur. Bundan başqa, Ağ Ev artıq dərk edir ki, bu gərginlik Rusiyanın əlində hər iki tərəfə – həm Bakıya, həm də Vaşinqtona təsir üçün alətdir. Vaşinqton çalışır ki, Ermənistanla Azərbaycan arasında məsələni həll etməklə Moskvanın “əlini zəiflətsin”. Odur ki, ABŞ geostrateji baxımdan bu məsələnin həllini istəyir.

– Ekofəalların Şuşadan keçən Xankəndi-Laçın yolundakı aksiyaları və bu prosesin perspektivi barədə nə düşünürsünüz?

– Bu aksiya Azərbaycan ictimaiyyətinin haqq və ədalət tələbinin təzahürüdür. Aksiyaların əsas səbəbi ekoloji problemlər və təbii ehtiyatlarımızın qanunsuz istismarıdır. Həmçinin nəzərə almaq lazımdır ki, Laçın dəhlizi hərbi məqsədlər üçün istifadə edilir. Bu, üçtərəfli bəyanatların tələblərinə ziddir. Hamı başa düşməlidir ki, problem Qarabağ bölgəsinin yenidən Azərbaycanın inzibati nəzarətinə keçməsindən sonra tam mənası ilə həll ola bilər. Gec-tez bu, baş verəcək. Ərazi bütövlüyünə qarşılıqlı hörmət olmadan sülh və təhlükəsizlikdən söhbət gedə bilməz.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir