Siyasət

Altay Həsənov: “Mehriban Əliyeva AGF-in prezidenti seçiləndən sonra uğurlu yolun əsası qoyuldu”

Sharing is caring!

“Bu il federasiyanın 20 illiyini qeyd edirik. Bu gün yubileylə əlaqədar son tədbirimiz idi. İlin yekunlarından, nəticələrdən danışdıq”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov Milli Gimnastika Arenasında qurumun yenidən qurulmasının 20 illiyinə həsr olunmuş tədbir zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, tədbirdə ilin yekunları və nəticələr müzakirə olunub:

“Uzun yol keçmişik. 2002-ci ildə Mehriban Əliyeva AGF-in prezidenti seçiləndən sonra uğurlu inkişaf yolunun əsası qoyuldu. Bunlar indi öz nəticəsini verir”.

Ötən illərdə yerli idmançıların 5 dəfə olimpiya oyunlarında iştirak etdiyini xatırladan A.Həsənov dünya və Avropa çempionatlarında, irimiqyaslı yarışlarda mükafatlar qazanıldığını vurğulayıb:

“Federasiyamızın nümayəndələri Avropa Gimnastikasının və Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyinə seçiliblər. Bu illər ərzində beynəlxalq səviyyədə çoxsaylı məşqçilər və hakimlər hazırlamışıq. Qürur duyuruq ki, Azərbaycanın 29 bölgəsində gimnastika bölmələri açılıb və inkişaf edir. Bu, gənclərimiz, xalqımız üçün çox önəmlidir. Regionlarımızda da idmanla məşğul olurlar”.

AGF-in vitse-prezidenti bu il yubileylə əlaqədar bir sıra tədbirlər keçirildiyini yada salıb:

“Bilirsiniz ki, festival, ustad dərsləri oldu. Xüsusilə Şəkidə gimnastikanın 6 növü üzrə təşkil olunan turnir yaddaqalan oldu. İlk dəfə Bakıdan kənarda yarış keçirdik. Çox mötəbər turnir alındı. Nəticələri yada salanda hansı yolu keçdiyimizi xatırlayırıq. Çətinliklərimiz olub, amma vəziyyətlərdən məharətlə çıxmışıq. Biz böyük bir ailəyik. Bu ailənin başında isə Mehriban Əliyeva durur. Öz dəstəyi, zəhməti və tövsiyəsi ilə bu cür sevinməyimizə imkan verir”.

Onun sözlərinə görə, növbəti 20 ildə qazanmalı olduqları daha böyük nailiyyətlər var:

“Çünki dayanmırıq. Sürətlə irəliyə gedirik. Ölkəmiz inkişafdadır. İndidən bəzi sirləri açmaq istəmirəm. Uğurlarımız qarşıdadır. Hamınızı 20 ildən sonra həmin uğurlara baxmağa dəvət edirəm”.

A.Həsənov sonda Azərbaycan xalqını qarşıdan gələn bayramlar – 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib:

“Hər zaman bizimlə olun. Çünki idman gimnastikadan başlayır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir