Siyasət

İran təxribatına politoloqdan CAVAB : “Gedib yerlə bir olan əmmamələrini Məşəd küçələrindən yığsınlar” – FOTO

Sharing is caring!

“İranın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına başlanıldığı ilk gündən qəsbkar ölkəni silahlandırdığı kimsəyə sirr deyil. 44 günlük müharibəyə qədərki dövrdə İran Ermənistanı, əsasən, müxtəlif vasitələrlə əldə etdiyi SSRİ və Rusiya istehsalı olan silahlarla təmin edir və Ermənistana hərbi texnikanın daşınmasında logistik dəstək verirdi”. 

Bu sözləri Oxu.Az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Ekspert müharibədən sonrakı dövrdə də İranın mütəmadi olaraq Ermənistanı silahlandırmasından söz açıb:

“44 günlük müharibədən sonra isə İranın Ermənistana pilotsuz uçuş aparatları (PUA), artilleriya mərmiləri, tank əleyhinə raketlər satdığı, yaxud əvəzsiz olaraq verdiyi barədə çoxsaylı məlumatlar var. PUA-larla bağlı fakt bir neçə aspektdən – həm İran adlanan ölkənin istehsalı olan pilotsuz uçuş aparatlarının Rusiyaya, oradan da Ukrayna ərazisinə Ermənistandan daşınması, həm də erməni hərbçilərə İranda PUA-larla bağlı təlimlərin keçirilməsi kontekstində öz təsdiqini tapıb. 

Mahiyyət etibarilə, Tehran rejimi dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra erməni işğalının davam etməsi, ölkəmizin öz strateji hədəflərindən, seçdiyi dünyəvi, demokratik inkişaf yolundan yayındırılması, vətəndaşlarımızın məzlum və ələbaxan olması, cəhalət və xurafat içərisində boğulması, dünyanın inkişaf dinamikasından geri qalması, feodal təfəkkürünə qayıtması istiqamətində hansı siyasəti həyata keçirirdisə, bu gün də eyni addımları atır”. 

Müsahibimiz hesab edir ki, 44 günlük savaşdan sonra bu siyasətin saxta maskası tamamilə yırtılıb:

“El məsəlində deyildiyi kimi, cidanı çuvalda gizlətmək daha mümkün deyil və molla rejiminin düşmənçiliyi göz çıxarır. Tehran rejimi Azərbaycan xalqının və dövlətinin ən qatı düşmənidir. Bu rejim çökməyənə qədər bu reallıq da dəyişməyəcək. Bu xüsusda bizim də azğınlaşmış, xalqlar həbsxanası üzərində bərqərar olan molla rejimi ilə siyasi, diplomatik “evcik-evcik” oynamaq, açıq düşmənçiliyi görməzdən gəlmək kimi bir niyyətimiz yoxdur. Həmçinin molla rejimi də Azərbaycandakı nüfuz müvəkkillərinin ifşa olunduğunu və nəzarətdə saxlanıldığını, Azərbaycan xalqının mütləq əksəriyyətinin Tehranın açıq ermənipərəst mövqe sərgiləndiyindən, ölkəmizə qarşı düşmənçilik siyasəti yürütdüyündən əmin olduğunu çox yaxşı başa düşür. 

İran anlayır ki, Azərbaycanın ictimai rəyinin qapıları mollakratiyanın zəhərli ideologiyasının, bəlağətli yalanlarının, kiflənmiş ideyalarının üzünə həmişəlik qapanıb. Bu baxımdan Ermənistana daha ciddi dəstək verəcəklərini açıq şəkildə bəyan və təbliğ etməklə bizə hədə-qorxu gəlmək yolunu seçiblər. Bu, çürüməkdə olan saxta rejimin öz xilası üçün çabalamasından başqa bir şey deyil. Getsinlər, 43 illik total təbliğatlarının, qorxu üzərində qurulmuş hakimiyyətlərinin sonunda yerlə bir olan əmmamələrini ideoloji mərkəzlərinin – Məşhədin, Qumun küçələrindən yığışdırsınlar”.

Həmsöhbətimiz İranın dünyanın 55 ölkəsinə silah ixrac etməsinin doğru olmadığı qənaətindədir:

“Bunun fantastik rəqəm olduğunu düşünürəm. Xatırladım ki, İranın silah ixracını məhdudlaşdıran BMT qətnaməsi adi silahlar istisna olmaqla hələ də qüvvədədir. Bu baxımdan ayrı-ayrı vaxtlarda molla rejiminin müdafiə sənayesinin tam, yaxud parçalarını ələ keçirdiyi ABŞ istehsalı olan PUA-ların uğursuz surətini çıxarmaqdan başqa, bu sahədə hansısa ciddi uğur qazandığını düşünmürəm. Hazırda Rusiyadan və Suriya rejimindən başqa hansısa ölkənin Tehran rejiminin silahına ehtiyac duyduğuna inanmıram. Rusiya və Bəşər Əsəd rejiminin başqa alternativləri olmadığı üçün İrandan müəyyən silahları almağa məcburdurlar. Bu silahların, xüsusilə də PUA-ların çoxsaylı texniki problemlərinin olduğu barədə məlumatlar mütəmadi olaraq hərbi ekspertlər tərəfindən dilə gətirilir.

Digər tərəfdən, İranın Hörmüz boğazında və Fars körfəzində təlimlər zamanı öz gəmilərini vurduğu barədə çoxsaylı faktlar, həmçinin Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı hadisə bu ölkənin istehsal etdiyi silahlarda dəqiqliklə bağlı ciddi problemlərin olduğunu sübuta yetirir. Texnoloji tərəqqi kompleks anlayışdır. Yüksək texnologiyalara sahib olmayan ölkənin konkret bir istiqamətdə, indiki şəraitdə müdafiə sənayesində yüksək texnologiyalar tətbiq etməsi mümkün deyil. İran indiyədək istehsal etdiyi avtomobillərin mühərriklərini Fransadan və Çindən alır. Bu ölkənin sənayesi dünyanın inkişaf etmiş ölkələrindən ən azından 30 il geridədir. Dünya silah bazarında rəqabətin getdikcə gücləndiyi bir zamanda dünyanın 55 ölkəsinin İrandan silah alması Tehran rejiminin daxili ideoloji təbliğatına xidmət edən söz yığınından başqa bir şey deyil. Maraqlıdır, deyəsən, molla rejiminin mediası heç öz prezidentlərinin açıqlamalarını da izləmirlər. Məhəmməd Rəisi təxminən 1 il öncə bir neçə ölkənin İrandan silah almaq niyyətində olduğunu bəyan etmişdi. Amma bu niyyətin gerçəkləşdiyi haqqında sonradan heç bir məlumat verilmədi. “Bir neçə” isə  təxminən 2-3, uzağı 5-6 ölkə anlamına gələ bilər, daha 55 yox”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir