Siyasət

Kəlbəcərdəki mina partlayışı “humanitar xor”dakıların da içini tökür – ŞƏRH

Sharing is caring!

Humanitar fəlakət anlayışının təhrif edilərək Azərbaycana qarşı cəbhədə istifadə olunması halları artıq adiləşib, ənənəvi nağıllar, əsatirlərin siyasət meydanında səsləndirilməsinə rəsmi Bakı da tutarlı cavablar verir.

Nədənsə humanitar böhran haqqındakı təsəvvürlər erməni əhaliyə münasibətdə Azərbaycan haqqında qərəzli bəyanatlara çevrilir, Şuşa-Xankəndi yolundakı aksiyalar isə Qərbdəki bəzi diplomatik-siyasi çuğul ordusunu Bakıya qarşı ayaqlandırır.

Humanitar fəlakət başqa şeydir, iqtisadi-sosial böhran fərqli situasiyadır, Qarabağdakı ermənilərin düşdüyü vəziyyət ikincinin əlamətləri ilə zəngindir. Bunun səbəbi də vaxtı ilə mövcud olmuş işğal faktıdır, ona görə də erməni əhalinin qayğısına qalmaq, dərdinə yanmaq prinsipdirsə, burada birinci günahı Ermənistanda axtarmaq lazımdır.

İkincisi, Azərbaycan ərazilərindəki erməni silahlıları hələ də ölkə hüdudlarını tərk etməyiblər və Bakının tətbiq etdiyi elementlər onların tərksilah edilməsi üçün mühüm addımları özündə ehtiva edir.

Azərbaycana qarşı platformada xora qoşulanlar bu qədər səmimidirlərsə, Qarabağdakı mülki ermənilərin düşdüyü vəziyyətin ikinci səbəbini separatçılarda axtarmalıdırlar, amma təbii ki, bunu etiraf etmək onlar üçün çətindir.

Üçüncüsü, Azərbaycan hökuməti Qarabağdakı erməni əhalinin humanitar çağırışlarını sükutla qarşılamır və lazım olan addımı atacağını bildirir, ancaq rəsmi şəxslərin Xankəndiyə, Xocalıya girişinə maneə yaradılır.

Xor kapellası boğazını yırtdığı zamanda humanitar fəlakətin əsl üzlərindən biri özünü göstərdi, belə ki, dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində dördü hərbçi olmaqla səkkiz nəfər minaya düşüb, onlardan biri ölüb.

Mina problemi humanitar böhran səhifələrində yer alır, lakin Qərbdəki hansısa çevrələr bunu sükutla qarşılayırlar, bəs hanı prinsiplər, hanı insan hüquqlarının müdafiəsi?

Mina insan həyatına son qoymurmu? Son qoyursa, özü də qeyri-döyüş şəraitində bu baş verirsə və qeyri-hərbçilər də bundan əziyyət çəkirlərsə, insan hüquqları tapdalanmırmı?

Məgər Ermənistana bununla bağlı bir çağırış görmüşükmü? Suallara bir sözlə “xeyr” cavabı vermək olar!

Hərçənd ki, Avropa İttifaqı da, ABŞ də mina problemini ara-sıra qabardır, ancaq məsuliyyətin Ermənistanda olduğuna dair mövqe sərgiləmədən!

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir