Siyasət

Ramdan Auraq: “Fransa və İranın Cənubi Qafqazda motivasiyası eynidir”

Sharing is caring!

“Azərbaycanla Rusiya arasında qarşılıqlı əlaqə vektoru daha praqmatikdir. Bu, tərəfdaşlıqdır, amma inteqrasiya prosesləri deyil, mənim fikrimcə, Azərbaycana bu heç lazım da deyil”.

Bu sözləri konfliktoloq, beynəlxalq məsələlər üzrə ekspert Ramdan Auraq Oxu.Az-a müsahibəsində deyib.

Ekspert qeyd edib ki, Azərbaycan öz siyasətini aparır, karbohidrogenləri satır, bütün dəhlizlərdən istifadə edir, ilk növbədə Türkiyə vasitəsilə:

“Sizi türklərlə etnik-mədəni və dil yaxınlığı birləşdirir ki, bu da çox önəmlidir. Burada din faktoru da var. Azərbaycanlılar, əsasən, şiə, türklər isə sünnidirlər. Amma bu, Azərbaycanın sünni Türkiyə ilə münasibətlərini inkişaf etdirməsinə mane olmur. Mənə elə gəlir ki, azərbaycanlılar şiə İranının təsiri altına düşməmək üçün öz “suveren şiəliyini” yaradırlar…”

Azərbaycanda şiə və sünni məzhəbinə etiqad edən müsəlmanların eyni məsciddə namaz qıldıqlarını xatırladan konfliktoloq bu məqamların çox vacib olduğunu, mənəvi həyatın suverenləşməsinə gətirib çıxardığını vurğulayıb.

“SEPAH, İran ayətullahları Azərbaycan müsəlmanlarına və din xadimlərinə heç bir göstəriş verə bilməməlidirlər”, – Ramdan Auraq hesab edir.

Politoloq Ermənistanın siyasi elitasının arxasında dayanan Fransa isteblişmenti, Parisin Cənubi Qafqaz siyasəti, Makronun məntiqsiz fəaliyyəti məsələlərinə, Türkiyənin diplomatiya meydanında qazandığı uğurların Fransa siyasətində yaratdığı əks-effektlərə toxunub:

“Səbəb tam olaraq iranlılarda olduğu kimidir – bu, türk faktorudur. Türkiyə hərbi və siyasi səhnədə çox ciddi oyunçudur. Türkiyə ordusu say etibarı ilə NATO-nun ikinci ən böyük ölkəsidir. Avropanın xristian ölkələri özlərinin Avro-Atlantik dəyər sistemlərində müsəlman ölkəsinin liderliyinə dözə bilmirlər. Rusiya-Ukrayna böhranı da daxil olmaqla bir çox məsələlərin həllində Türkiyə diplomatiyasının uğurları Fransanın tarixi qürurunu incidir.

Bəs Fransa nədir? Onu mühüm oyunçuya, İkinci Dünya müharibəsində qalib ölkəyə çevirən Stalin oldu. Fransızları qalib tərəfdə görüb alman feldmarşalı Keytelin təəccüb içində dediyi sözlərini xatırlayın: “Biz bunlara da məğlub olduq!?” Fransa Şarl de Qollun rəhbərliyi altında NATO-dan çıxdı, Avro-Atlantik məkanın iqtisadi və hərbi-siyasi sistemində təftiş həyata keçirdi.

İndi Paris əvvəlki şöhrətini qaytarmaq istəyir, lakin durmadan mövqelərini itirir. Makron çoxmillətli maliyyə şirkətlərinin təyin etdiyi şəxsdir, Fransa demokratiyasının nümayəndəsi deyil. Ondan Fransadakı erməni diasporu da istifadə edir. O, müstəqil deyil, bunu onun ABŞ-yə Co Baydenlə görüşmək üçün etdiyi səfər də sübut etdi. Onun Ermənistan-Azərbaycan nizamlanmasının koordinat sistemindəki manevrləri yalnız islam dünyasını və Türkiyəni bu prosesdən sıxışdırıb çıxarmaq cəhdi ilə bağlıdır. Makron Türkiyənin bütün istiqamətlərdəki səylərini sabotaj etməklə məşğuldur. Ankarada bunu başa düşürlər. Türkiyə gec-tez Avro-Atlantik dövlət olmaqdan çıxacaq, türk zəminində yeni hərbi-siyasi blokun mərkəzinə çevriləcək. Proses çox sürətlə gedir”.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir