Siyasət

Ermənistan Avropa İttifaqından da zərbə aldı: Qarabağdakı hadisələr sərhəddə güc doğuracaq – TƏHLİL

Sharing is caring!

Ermənistanın Avropa İttifaqından gözlədiyi ümidlər İttifaqın Azərbaycanla sərhəddəki “istismar müddəti”ni yekunlaşdırması ilə suya düşür.

Bu il oktyabrın əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın Avropa İttifaqının “hakimliyi” ilə Praqada keçirilən görüşündə əldə edilən razılığın praktiki əhəmiyyəti də itir.

Bakı Avropa İttifaqının Ermənistanın Azərbaycanla şərti sərhədinə monitorinq qrupu göndərməsinə razılıq vermişdi, İrəvan bunu toy-bayram kimi qeyd edirdi.

Ermənistan düşünürdü ki, Avropa İttifaqının Azərbaycanla sərhəddəki missiyası İrəvanın perspektivdə Bakıya dil uzatmasına şərait yaradan vasitə kimi ona fayda gətirəcək.

Keçən müddət ərzində Rusiya da Avropa İttifaqının hərbi monitorinq qrupunun regiona gəlməsindən narahatlıq keçirərək elə addımlar atdı ki, Ermənistan sərhədə adekvat tərzdə KTMT qüvvələrinin cəmlənməsi üçün bəhanələr tapsın. Dərin özüllərdə isə əraziyə qoşun gəlməsi heç Rusiyanın da marağında deyildi, sadəcə, KTMT-dəki öhdəliklərə sadiqlik üçün hansısa bir addım atmaq lazım idi.

Ancaq İlham Əliyev peşəkarlıqla bir-birinə əks qütblərin regionda kəllə-kəlləyə gəlməsinin qarşısını aldı və bununla dörd hədəfə çatdı:

1. Ermənistanın istəkləri ürəyində qaldı və region yeni hərbi eskalasiyadan yayındı;

2. Avropa İttifaqının üzvü Fransanın Cənubi Qafqazdakı oyunbazlığı səmərəsiz oldu;

3. Bakı Avropa İttifaqı və Rusiya ilə münasibətlərində yaranan situativ həngaməni tərəflərdən birinin əlinə böyük kozır verməməklə balanslaşdıra bildi;

4. Azərbaycan ABŞ ilə soyuyan münasibətlərinə yenidən hərarət verməyi bacardı və bu da Moskvanın ambisiyalarının önündə cüzi də olsa kontur-arqumentlərdən birinə çevrildi.

Bütün bunların fonunda Avropa İttifaqı Ermənistandakı missiyasını sonlandırmağa hazırlaşır, İrəvan üçün acınacaqlı panoram budur ki, o, monitorinq qrupunun xidmət müddətini uzatmağa nail ola bilmədi.

Şuşa-Xankəndi yolundakı aksiyalar, yəni yumşaq güc fonunda Ermənistanın Avropa İttifaqından aldığı zərbə proseslərin səmtini müəyyən edəcək.

Azərbaycan sərhədlərin delimitasiya və demarkasiyasına dair tələblərini Qarabağda Bakının xeyrinə cərəyan edən hadisələrin paralelində sərtləşdirəcək.

Delimitasiya mövzusunda Bakı daha uzaq tarixə istinad edərək İrəvan üzərində mənəvi-psixoloji, hərbi-siyasi, diplomatik təzyiqlərini gücləndirir ki, bunun əməli təzahürlərinə doğru istiqamət götürüləcək.

Şuşadan Xankəndiyə gedən marşrutda Azərbaycanın ayaq səslərini gurlaşdırması Rusiya və Qərbə mesajının kodunu aça bilər.

Azərbaycan Rusiyanın Qarabağdakı sülhməramlılar və erməni əhali vasitəsilə yaratmaq istədiyi təzyiq mexanizmlərinə xalqın dili ilə cavab verir, milli müqavimətin ştrixləri Bakının danışıqlarda yumruğunu bərkidəcək.

Şuşa-Xankəndi yolundakı aksiyaların şüarında ekoloji terrora meydan oxuyan fikirlərin üstünlük təşkil etməsi Qərbin diqqətini çəkəcək və onun Bakıya qarşı erməni əhalinin hüquqlarının müdafiəsi adı altında bəhanələri qalmayacaq.

Nəticə olaraq, Qərbin də, Rusiyanın da Qarabağdakı erməni silahlılara dair mövqeyindəki oxşarlıqlar Bakını narahat etməyəcək, çünki vəziyyət elə həddə çatıb ki, Azərbaycan ərazilərindəki quldur dəstələr və onların texnikaları avtomatik olaraq çıxarılma proseduru ilə üzləşir.

Qarabağdakı hadisələr, Azərbaycanın Xankəndi, Xocalı üzərindəki suveren hüquqlarını bərpa etmək üçün göstərdiyi iradə Bakının sərhəddə də delimitasiya haqqındakı tələblərini itiləşdirməsinə şərait yaradacaq.

Hesab etmək mümkündür ki, sərhəddə də güc tətbiqinin müxtəlif formaları zühur edəcək və İrəvan yola gəlməsə, Şərqi Zəngəzurdan tətbiq edilən qarışıq təzyiqlər hərbi əməliyyatların açarına çevriləcək.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir