Siyasət

Azərbaycanlı jurnalistdən rusiyalı sülhməramlıya qarşı peşəkarlıq dərsi – FOTO

Sharing is caring!

Ekspertlərin fikrincə, Rusiya sülhməramlıları ilə azərbaycanlı jurnalistlər arasındakı insident zamanı İctimai Televiziyanın əməkdaşı özünü əsl informasiya xüsusi təyinatlısı kimi aparıb və ekstremal vəziyyətlərdə jurnalistin edə biləcəyi hər şeyi edib. Rusiya sülhməramlıları isə bu cür hərəkətlərlə Azərbaycan torpaqlarını tərketmə vaxtlarını tezləşdirirlər.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib:

Dekabrın 7-də Rusiya sülhməramlıları ilə azərbaycanlı jurnalistlər arasında insident bütün dünya mediasının diqqətində oldu. Xüsusilə İctimai Televiziyanın əməkdaşı Fikrət Doluxanov öz peşəkarlığı, faktlara istinad və informasiyaya çatmaq üçün göstərdiyi əzmkarlıqla Rusiya sülhməramlılarını çıxılmaz vəziyyətdə qoydu. Əslində nə baş verdi? O baş verdi ki, azərbaycanlı jurnalistlər Azərbaycanın ayrılmaz hissəsi olan Xankəndiyə və Xocalıya gedib informasiya əldə etmək istəyərkən Rusiya sülhməramlılarının maneəsi ilə qarşılaşdılar. Hər adımda operatora səslənib “Fərmayıl, gəl”, “Fərmayıl, çək” deyən Fikrət Doluxanovun məqsədi aydın idi. O demək istəyirdi ki, Azərbaycanın hər yerində olduğu kimi Xankəndində də, Xocalıda da rahat, sərbəst hərəkət, çəkiliş etmək istəyirəm. Rus əsgərinə ünvanlanan “siz Rusiyanın hansısa şəhərində doğulmusunuz və sizə orada belə maneə yaratsalar, nə edərdiniz?” sualı ilk baxışda adi olsa da, düşündürücü idi. Ümumilikdə F.Doluxanov bu addımı ilə ekstremal vəziyyətlərdə jurnalistin edə biləcəyi hər şeyi etdi. Təlimlərdə Azərbaycan jurnalistlərinə beynəlxalq təcrübədən danışanlar üçün artıq daha bir nümunə var. 

“O, özünü əsl informasiya xüsusi təyinatlısı kimi apardı”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirdi ki, baş verən insident Azərbaycan cəmiyyətinin öz torpaqlarının hər qarışı üzərində suverenliyinin təmin olunması üçün vahid bir mexanizm kimi fəaliyyət göstərdiyini sübut etdi: “Hər kəs daşıdığı peşədən, tutduğu postdan asılı olmayaraq buna çalışır. Bizim jurnalistlərimiz Qarabağda o gün belə bir reallıq ortaya qoydular və bu, sevindiricidir. Konkret olaraq İctimai Televiziyanın əməkdaşının hərəkətinə gəldikdə isə, o, özünü əsl informasiya xüsusi təyinatlısı kimi apardı. Yəni göstərdi ki, informasiyanın əsgəridir, amma eyni zamanda xüsusi təyinatlıdır. Əminəm ki, bizim jurnalistin o cür davranışı onun qabağını kəsməyə çalışanlarda müəyyən bir təəssürat yaratdı. Onlar xeyli vaxt düşünəcəklər ki, “doğrudan da bizə nə gəlib, Tuladan, Smolenskdən və haradansa gəlib azərbaycanlı jurnalistin öz torpağında sərbəst hərəkət etməsinin qarşısını alırıq”.

“Yarıtmaz fəaliyyətlərinin üstün örtməyə çalışırlar”

Deputatın fikrincə, baş verənlərlə Azərbaycanın təkcə haqlı yox, həm də güclü olduğu da ortaya qoyulub. Onun sözlərinə görə, Qarabağdakı Rusiya hərbi kontingenti növbəti dəfə belə hallar olanda yaxşı-yaxşı düşünəcək, başa düşəcəklər ki, bu, onlara müsbət heç nə vəd etmir: “Onlar bu cür hərəkətlərlə sadəcə, Azərbaycan torpaqlarını tərketmə vaxtlarını tezləşdirirlər. Görünür Azərbaycan jurnalistlərinə bu cür maneçiliklər törətməklə onlar həm də yarıtmaz fəaliyyətlərinin üstün örtməyə çalışırlar. Çünki jurnalistlər bir çox məsələlərdə həssasdırlar və nə isə görüb, tezliklə onu yayımlaya bilirlər. Görünür Rusiya sülhməramlıları həm də bundan çəkinirlər. İstənilən halda Rusiyanın Qarabağdakı hərbi kontingenti də anlayacaq ki, Azərbaycan vətəndaşları öz torpaqlarında onlar istəsələr də, istəməsələr də sərbəst hərəkət edəcəklər”.

“Rusiya ya Türkiyə və Azərbaycanla üz-üzə gəlməlidir, ya da..”

S.Alıyev qeyd etdi ki, Azərbaycan öz torpaqlarında özünə qarşı bütün təxribatların qarşısını almaq gücündədir: “Bundan nə qədər tez nəticə çıxarsalar, bir o qədər yaxşı olacaq. Fikrimcə, Rusiya hərbi kontingenti və bütövlükdə Moskvada anlayacaq ki, sülh nə qədər tez yaranarsa, bu, onların da maraqlarına cavab verər. Çünki ilk baxışda elə görünür ki, Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesinin gecikdirilməsi Rusiyanın maraqlarına cavab verir. Amma gələcəkdə Ermənistanın silahlandırılmasını, revanşizmə həvəsləndirilməsini nəzərə alsaq, bu proseslər növbəti savaş vəd edir. Bu da Rusiyanın maraqlarına qətiyyən cavab vermir. Çünki Rusiya ya Türkiyə və Azərbaycanla üz-üzə gəlməlidir, ya da regionu birdəfəlik tərk etməlidir. Bu, Rusiyaya sərf edirmi? Əlbəttə ki, yox. Fikrimcə, Moskva və onun hərbi kontingenti bu insidentdən düzgün nəticə çıxararaq regionda sülhün əldə edilməsində və Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiyasında maraqlı olmalıdır”. 

     

Arqumentli şəkildə öz mövqeyini izah etmək bacarığı

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elçin Mirzəbəyli də bildirdi ki, İTV-nin əməkdaşı Fikrət Doluxanovun Rusiya sülhməramlılarının hüquqa zidd addımlarının, davranışlarının qarşılığında nümayiş etdirdiyi soyuqqanlılıq və arqumentli şəkildə öz mövqeyini izah etmək bacarığı, paralel olaraq da işini yerinə yetirməsi son dövrlərin ən yaxşı peşəkarlıq nümunələrindən biri sayıla bilər: “Fikrimcə, bu, presedent olmalıdır. Postsovet məkanına daxil olan xalqlar, eyni zamanda Rusiyada yaşayan millətlərin nümayəndələri məhz emosional kontekstdən bizi vurmağa çalışıblar. Bir qafqazlı olaraq emosiyamızı bəzən cilovlaya bilməməyimiz onlara bizim timsalımızda aqressiv insan obrazımızı yaratmağa əlavə bir impuls verib. Qənaətimə görə, əslində Fikrət Doluxanov orada müstəqil Azərbaycan jurnalistinin obrazını nümayiş etdirdi”.

Azərbaycan mediasına başucalığı gətirən davranış

E.Mirzəbəyli vurğuladı ki, Azərbaycan jurnalistinin obrazı iki aspektdən bizim üçün vacibdir: “Birincisi, ölkədə aparılan media islahatlarının kontekstində presedent kimi gələcək Azərbaycan jurnalistlərinə təqdim etmək üçün. Yəni jurnalist əzmkar, prinsipial, savadlı, ətrafında baş verənləri dəyərləndirməyi və nəticə çıxartmağı bacaran, öz işinə konsentrasiya olan, peşəkar davranan bir insan olmalıdır. Paralel olaraq həm də ölkədən kənara Azərbaycan jurnalistinin obrazının təqdim olunması baxımından da önəmli bir presedentin şahidi olduq. Onu da qeyd edim ki, həmin hadisənin içərisində olan digər həmkarlarımızın da mövqeyini müsbət qiymətləndirirəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir