Siyasət

İran içində beş dövlət – FOTO

Sharing is caring!

Qan Turalı yazır…

29 noyabrda Qatarda keçiriləcək futbol üzrə Dünya Çempionatında ABŞ və İran yığma komandaları üz-üzə gələcəklər. Bukmeyker kontorları ABŞ-ı daha şanslı hesab edir.  Onların ssenarilərinin düzgün çıxıb-çıxmayacağı bir neçə günə məlum olacaq. Ancaq Amerikanın İranla bağlı elə dəhşətli bir ssenarisi var ki, onun gerçəkləşib-gerçəkləşməyəcəyini görmək üçün bir neçə ilə ehtiyacımız var. Sözügedən ssenari bir həftə əvvəl Vaşinqtonda fəaliyyət göstərən Yaxın Şərq Media Araşdırmaları İnstitutunun  (The Middle East Media Research Institute) saytında dərc edilib. Bu ssenarini təqdim etməmişdən əvvəl İranın yaxın tarixinə müxtəsər bir səyahət etmək gərəkdir.

İranda min illik türk hökmranlığından sonra hakimiyyətə gələn Rza şah İran millətini yaratmaq üçün fars şovinizmini yüksəltmək yolunu tutdu. Onun düşüncəsinə görə, İran xalqları fars dili və fars mədəniyyəti ətrafında birləşməli, başqa sözlə desək farsçılıq İran millətinin sementi olmalı idi.

Bunun üçün Azərbaycan dili başda olmaqla bütün başqa dillərə qarşı müharibə aparan Rza şah güclü müqavimətlə qarşılaşdı. Pişəvərinin qurduğu Milli Hökumətin ilk qərarlarından biri də Azərbaycan dilində təhsil hüququnu təmin etmək olmuşdu. Pəhləvilərin farsçılıq siyasəti İran İslam İnqilabi ilə tamamilə iflasa uğradı. Onun yerində qurulan molla rejimi bu dəfə ümmətçilik xətti götürdü. Ancaq İranda bir neçə millət var olduğu kimi, bir neçə məzhəb və din də vardı. Üstəlik, İran İslam İnqilabından keçən 43 il ərzində farsçılıq təbliğatı da arxa planda davam etdi. 

Hələ də Azərbaycan xalqı başda olmaqla heç bir xalqın öz dilində təhsil hüququ yoxdur. Və hakimiyyətə yaxın mediada Azərbaycan xalqı, onun mədəniyyəti, dili və üzvləri ardıcıl şəkildə təhqirə, həqarətə məruz qalır. Vaşinqtonda fəaliyyət göstərən Yaxın Şərq Media Araşdırmaları İnstitutunun saytında dərc edilmiş məqalə isə İran ərazisində beş milli dövlətin qurulmasını təklif edir. Yazıya müvafiq xəritə də əlavə edilmişdir. Məqalədə oxuyuruq: “Farslar İran əhalisinin yarısından bir az çoxunu təşkil edir. Qeyri-farslar daha çox İranın sərhəd bölgələrində yaşayır. Bu xalqlar fars mərkəzli İrandan çox sərhədlərindən kənardakı ölkələrə rəğbət duyurlar. Onlarla güclü mədəni əlaqələri var. Üstəlik, bu xalqlar mərkəzi hakimiyyət tərəfindən davamlı diskriminasiyaya məruz qalır”.

Müəllif İran daxilində qurulmalı olan dövlətləri belə sıralayır:

1. Azərbaycan
2. Kürdistan
3. Xuzistan (Ərəblərin çoxluqda yaşadığı bölgədir)
4. Bəlucistan 
5. Xəzəristan 

Üstəlik, azərbaycanlılardan fərqli olaraq kürdlər, bəluçlar və ərəblər (Xuzistan vilayətində) sünnidir. İranın onları şiə ümməti ətrafında toplamaq istəyi məhz buna görə mümkün olmur. Bu xalqlar etnik diskriminasiyadan əlavə olaraq məzhəbi ayrıseçkiliyə də məruz qalır. Bu planla İran əhəmiyyətli dərəcədə kiçilir, öz strateji əhəmiyyətini itirir və təbii sərvətlərindən də məhrum edilir. Bu ssenarinin müəlliflərinin fikrincə, İranı region üçün bir təhlükə olmaqdan çıxartmaq üçün ən adekvat yol məhz budur. 

Bu ssenari gerçəkləşəcəkmi? Bunu zaman göstərəcək. İran üçün bir Yuqoslaviya modeli heç də imkansız görünmür. Və bir də görünən odur ki, İran dövləti reallıq hissindən uzaqlaşıb, öz vətəndaşlarının haqlı tələblərini paranoikcəsinə xarici kəşfiyyatın qızışdırması hesab edir. Ancaq İranın barıt çəlləyi üstündə yerləşdiyini görmək üçün böyük fəhmə gərək yoxdur. Həm dini, həm də etnik zəmində olan qarşıdurmalar İran üçün yaxşı heç bir şey vəd etmir.

İranın İraqdakı kürd muxtar bölgəsinə raket hücumları, Səudiyyə Ərəbistanı ilə sərtləşən ritorikası və hər şeydən qabaq ardıcıl anti-Azərbaycan siyasəti Vaşinqtonda hazırlanan bu ssenarinin İran üçün indi də böyük təhlükə olduğunu göstərir. 

Və futbolda olduğu kimi burda da ABŞ daha şanslı görünür. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir