Siyasət

Aleksandr Tixanski: “Ermənistanın KTMT sammitinin ev sahibi kimi çıxış etməsi heç nəyi həll etmir” – FOTO

Sharing is caring!

“Paşinyan Pelosinin səfərindən sonra Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxarılması məqsədi ilə bütöv bir informasiya əməliyyatına başlayıb”.

Bu barədə Oxu.Az-a şərhində Rusiya Federasiyası Hərbi Elmlər Akademiyasının professoru, Rusiya və Belarusun tanınmış hərbi-siyasi analitiki Aleksandr Tixanski bildirib.

O, İrəvanda baş tutacaq KTMT-nin sammiti, Ermənistanın bu təşkilatdan çıxma ehtimalı və Nikol Paşinyanla Aleksandr Lukaşenko arasında baş verə biləcək yeni “atışma” ilə bağlı fikirlərini bölüşüb.

A.Tixanski qeyd edib ki, Nikol Paşinyan ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin sentyabr ayında İrəvana səfərindən sonra Ermənistanın KTMT-dən çıxarılması məqsədi ilə bütöv bir informasiya əməliyyatına başlayıb.

“O, təşkilatın Ermənistanı qorumadığı, heç bir iş görmədiyi və s. ilə bağlı şərhlər verir. Belarus Prezidenti Aleksandr Lukaşenkonun mövqeyi isə dəyişməzdir: Azərbaycan və Ermənistan öz aralarında məsələləri həll edə bilərlər, Moskva isə qarant rolunda çıxış edəcək. Amma İrəvan Rusiyaya qarşı mübarizə aparır. Ermənistan əməkdaşlarının sayına görə dünyada ən böyük ABŞ səfirliyinə malikdir. İndi təxminən 3 800 nəfər var, amma 4000 nəfər idi. Hamı yaxşı bilir ki, Nikol Paşinyan Sorosun qrantları hesabına böyüyüb. Və onun ətrafındakı insanlar da eynilə onun kimidir”, – deyə politoloq bildirib.

Onun sözlərinə görə, eyni zamanda Paşinyan birdən-birə KTMT-dən çıxa bilməz.

“Çünki Ermənistanın qarşısında kəskin şəkildə xarici sərhədlər məsələsi dayanır. Axı onları Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti qoruyur. Həmçinin Ermənistanda Rusiya hərbi bazası var. Amma Ermənistan baş nazirinin qərbyönlü mövqeyi hamımıza yaxşı məlumdur.

Onun KTMT sammitinin ev sahibi kimi çıxış etməsi heç nəyi həll etmir, həmçinin heç nəyə də təsir etmir. Hər kəs Paşinyana və onun davranışlarına yaxşı bələddir. Ya müttəfiqlərin ona silahı başqa qiymətə satmasından xoşu gəlmir, ya da başqa nədənsə şikayət edir. Və ya Belarusun Azərbaycana silah satmasından hiddətlənir. Türkiyə də Ukraynaya pilotsuz təyyarələr satır, nə olsun? Rusiyada rəsmi səviyyədə bu barədə heç kim heç vaxt məsələ qaldırmayıb”, – deyə A.Tixanski qeyd edib.

Analitik həmçinin Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı da danışıb.

“Bu məsələyə son qoymaq və dinc yaşamağa davam etmək lazımdır. Təbii ki, hər bir ölkənin öz resursları və imkanları var. Amma Ermənistan kasıb ölkədir və kənardan kömək olmasa, nəinki ayaq üstündə, hətta dizi üstündə də dura bilməyəcək. Və sual ortaya çıxır – Ermənistan kimə “təslim olacaq”? Erməni siyasi elitası özünü daha çox Qərbə satmağa çalışır”, – deyə o vurğulayıb.

Aleksandr Lukaşenko ilə Nikol Paşinyan arasında şəxsi düşmənçilik olduğu ilə bağlı da fikirlərini bildirən politoloq söyləyib ki, dövlət başçıları arasında şəxsi münasibətlər həmişə böyük əhəmiyyət kəsb edir.

“Məsələn, Aleksandr Lukaşenko və İlham Əliyev Azərbaycanın vaxtilə Belarusa etdiyi yardımı heç vaxt unutmayacaqlar. Ölkələrimiz tərəfdaşlıq münasibətindədirlər. Amma buna görə Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işlərinə qarışdı və KTMT-nin baş katibi olmuş Ermənistan nümayəndəsi Yuri Xaçaturovu həbs etdi. Bununla da bütün təşkilatın imicinə, diplomatik və hərbi-siyasi səviyyəsinə ziyan vurulmuş oldu. Bu unudulmayacaq, belə ki, burada şəxsi münasibət faktoru da var. Paşinyanın Yuri Xaçaturova qarşı hərəkətləri adi erməni nasizminin təzahürüdür, mən bunu açıq deyirəm. Öz siyasi məqsədlərin naminə bütün hərbi-siyasi ittifaqa zərbə vurmaq olmaz. Və bu, Paşinyanın əsas səhvi idi. Bu səhvdən sonra da o, Lukaşenkonun gözündə artıq avtoritet kimi qəbul olunmur”, – deyə o əlavə edib.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir