Siyasət

Fransa-Ermənistan cütlüyü – xəyalların əsiri olan müttəfiqlər – ŞƏRH + FOTO

Sharing is caring!

Özünü dünyaya xilaskar kimi sırımağa çalışan Fransanın əsl siyasəti

Fransa böyük dövlət rolunu itirə-itirə gedir. Təbii ki, bunun əsasında ilk növbədə müsəlman dünyasına nifrət dayanır. İmperiya və qüdrətli dövlət olduğu dövrdə Afrika və Asiyanın müsəlman ölkələrində qul alveri ilə məşğul olmuş Fransa artıq həmin ərazilərdə mövqelərini itirib. Buna görə də hazırda onları ənənəvi üsullarla yenidən ələ keçirməyə cəhd göstərir. Rəsmi Paris isə artıq müstəqil olan həmin ölkələrlə bərabərhüquqlu davranmağa özündə güc tapmır.

2020-ci ilin avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən partlayışdan sonra Fransa Prezidenti Emmanuel Makron bu ölkəyə səfər edib. O, səfər çərçivəsində livanlı rəsmilərlə görüşü zamanı bəzi islahatlar edilmədiyi halda Livana sanksiya tətbiq edəcəklərini vurğulamışdı. Yeri gəlmişkən, oxucuların diqqətinə çatdıraq ki, həmin partlayış nəticəsində 157 nəfər ölüb, 5 mindən çox insan yaralanıb, 60 nəfər isə itkin düşüb.

Fransa Avropada İslam dünyasına qarşı mübarizənin mərkəzinə çevrilib. Bir vaxtlar yeraltı, yerüstü sərvətlərini talayan, insanlarını əşya kimi qul bazarında satan Fransa indi də həmin bölgələrin insanlarına qarşı müxtəlif silahlı dəstələri dəstəkləməklə təzyiqlər göstərir. Bu yolla o, Afrika və Asiyanın həmin ölkələrinin sakinlərinə özünü xilaskar kimi sırımağa çalışır.
 

“Charlie Hebdo” jurnalının iç üzü: nifaq dərgisi

Fransada çıxan “Charlie Hebdo” jurnalı söz azadlığı və insan hüquqları kimi demokratik prinsiplərdən sui-istifadə edərək insanlar, dinlər, mədəniyyətlər və dövlətlər arasında nifaq toxumu səpir, eləcə də iğtişaşlar yaradır. Jurnalın bu fəaliyyətlə məşğul olduğu göz önündədir və onun səhifələrini vərəqləməklə bunun həqiqətinə çatmaq mümkündür. 2020-ci ildə Emmanuel Makronun “İslam böhran dövrünü yaşayır” açıqlaması Fransada etirazlara səbəb olmuşdu. “Charlie Hebdo” jurnalı səhifəsində Məhəmməd Peyğəmbərlə bağlı təhqiredici karikaturadan sonra Makron bildirmişdi: “Biz karikatura və rəsmlərdən imtina etməyəcəyik”.

Bu, Fransa kimi bir dövlətin müsəlmanlara və dinlərarası məsələyə münasibətinin göstəricisidir. Ölkənin daxili işlər naziri Jerald Darmanen isə bildirib ki, Fransa ölkə daxilində olduğu kimi xaricində də İslama qarşı müharibə elan edib. Makron dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalanları “İslam separatçıları” adlandırıb. Amma təbii ki, Fransa vətəndaşı olan müsəlmanlar da sosial ayrı-seçkiliyə də məruz qalırlar. Onların arasında işsizlərin sayı isə gündən-günə çoxalır.
 

Barbar fransızlar və onların vandallığı

Fransızların müstəmləkəyə çevirdiyi xalqlara qarşı törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə və müharibə cinayətləri, xüsusən Fransa siyasi dairələrinin hələ də kolonializm təfəkküründən imtina etməməsi, keçmiş müstəmləkəsi olan ölkələrə qarşı hökmdar kimi davranmaqda davam etməyə cəhd etməsi onun etibarsız və suverenliyə hörmət etməyən dövlət imicinin formalaşmasına səbəb olub. Yürüdülən bu özündənrazı, təkəbbürlü, hikkəli və haqsızlığı müdafiə siyasəti səbəbindən Fransa beynəlxalq aləmdə nüfuzunu itirməkdədir. Bu ölkə üçün həyati vacib məsələ sayılan Afrikanın şimal və mərkəzi bölgələrini, habelə Aralıq dənizi hövzəsini Türkiyə və Çinlə rəqabətdə uduzması bunu təsdiqləyir.

Beynəxalq aləmdə siyasi rəqabətə davam gətirə bilməyən Fransa Ermənistan kimi faktorlardan Türkiyə və Azərbaycana qarşı istifadə edir. Frankafrika (“Françafrique”) – Fransanın keçmiş müstəmləkələri, eləcə də Afrikadakı keçmiş Belçika və İspaniya dövlətləri üzərində qeyri-rəsmi himayədarlıq sistemidir. Bura 1960-cı illərdə müstəmləkə sisteminin dağıdılmasından sonra formalaşıb. Bu yolla Fransa Afrikanın mineral ehtiyatlarını, həm də yerli bazarları mənimsəmək üçün müstəsna hüquq əldə edib. “Soyuq müharibə” başa çatandan sonra Zair və Ruandada fransameyilli avtoritar rejimlərin devrilməsi ilə Frankafrikanın mövqeyi sarsılıb. Fransa Prezidenti Fransua Ollandın 2012-ci ildə Frankafrikanın sona çatdığını elan etməsinə baxmayaraq, Fransanın Maliyə hərbi müdaxiləsi və Mərkəzi Afrika Respublikasına müdaxiləsi yenə də bu layihə ilə əlaqələndirilir. Fransa tərəfdarı olan Afrika diktatorları (Konqo, Seneqal, Burkina Faso, Qabon, Kot-d’İvuar) Fransa prezidentlərinə əsl xərac verdikləri barədə mətbuata məlumat sızılır. Afrikada hərbçiləri saxlamaqla rəsmi Paris müstəmləkə iddiasından xilas ola bilmədiyini göstərir. Yeri gəlmişkən, onların Cibuti (3 min hərbçi), Qabon, Seneqal (1,2 min əsgər), Kot-d’İvuar və Çadda hərbi bazası mövcuddur.

Makronun Fransası və yaxud da uğursuz vasitəçilər

Fransa hakimiyyəti və onun indiki Prezidenti Emmanuel Makron beynəlxalq vasitəçi kimi də uğursuzdur. 1994-cü ildə Fransa Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat keçirib. Nəticədə fransız silahlı qüvvələrinin və onlara qoşulan yerli münaqişə tərəfinin də iştirakı ilə Ruandada Tutsi qəbiləsinin 800 mindən çox üzvü öldürülüb. Faciəni araşdıran BMT komissiyası Fransa hökumətinin irqçi, korrupsioner və zorakı rejimi dəstəkləməsini və fransız qavrayışında etno-millətçiliyin hakim olmaqda davam etdiyini təsdiqləyib. Fransa Sahel bölgəsində təhlükəsizlik tədbirlərini gücləndirmək, habelə terrorçuluq və ekstremizmə qarşı mübarizə aparmaq adı altında 1 avqust 2014 tarixində “Barxan əməliyyatı”na başlasa da, regionun sosial və siyasi transformasiyası üçün effektiv yolların inkişaf etdirilməsi mümkün olmadı. Üstəlik, Malidə hakimiyyət dəyişikliyindən sonra ölkə rəhbərliyi Fransa qoşunlarının ölkədən çıxarılmasını tələb etdi. Nəticədə 2022-ci noyabrın 9-da hərbçilərini bu ölkədən çıxartmağa məcbur olub.

Amerikanın 2018-ci ilin mayında nüvə proqramı üzrə sazişdən birtərəfli qaydada çıxmasından sonra başlayan gərginliyin dayandırılması, təşəbbüsü ələ almaq məqsədilə E.Makron üç aya yaxın müddətdə tərəflər arasında vasitəçilik etməyə çalışdı. O, ABŞ Prezidenti Donald Trampla İran Prezidenti Həsən Ruhani arasında görüşün təşkilinə çalışsa da, həmişəki kimi uğursuz oldu. Fransada 2018-ci ildə Paris Sülh Forumu adlı qeyri-hökumət təşkilatı yaradılıb. Bununla yeni kollektiv fəaliyyət formalarını inkişaf etdirmək üçün dövlət və beynəlxalq təşkilatların başçılarının vətəndaş cəmiyyəti və özəl sektorla görüşdüyü məkan sayılır. Ancaq bu tədbirin keçirilməsində də ikili standartlar mövcuddur.

Fransa-Ermənistan cütlüyü və yaxud da xəyalların əsiri olan müttəfiqlər

Noyabrın 11-12-də 5-ci Paris Sülh Forumu keçirilir. Həmin tədbirə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da dəvət edilib. Fikrimizcə, rəsmi İrəvan nümayəndəsinin bu tədbirdə birtərəfli iştirakı Fransa və Ermənistan hakimiyyətlərinin Türkiyə ilə Azərbaycana qarşı birgə aksiyası da ola bilər. Beləliklə, Fransa Afrika və dünyanın başqa bölgələrində itirdiyi müstəmləkə ərazilərini, Ermənistan da havadarlarının yardımı ilə bir vaxtlar işğal etdiyi Azərbaycan torpaqlarını yenidən ələ keçirmək üçün xəyallar quraraq çabalayırlar. Bu cütlük türk və müsəlman düşmənliyi, revanşist cəhdləri ilə bir-birinə çox oxşayır.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir