Siyasət

Diaspor fəalları İlham Əliyevin Qırğızıstana səfəri barədə təəssüratlarını bölüşüblər – FOTO

Sharing is caring!

Qırğızıstanda yaşayan Azərbaycan icmasının üzvləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Bişkekə rəsmi səfərini unudulmaz an və böyük tarixi hadisə kimi qiymətləndiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubda “Azəri” İctimai Birliyinin sədri, Qırğızıstanın əməkdar hüquqşünası Əzizağa Əliyev bildirib ki, Azərbaycanın dövlət başçısının Qırğızıstana ilk rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin nə qədər vacib olduğunu bir daha təsdiqləyib.

Qeyd olunub ki, Qırğızıstanda yaşayan, əksəriyyəti repressiyaya məruz qalanların nəslindən olan 20 mindən çox azərbaycanlını birləşdirən “Azəri” İctimai Birliyi mötəbər qonağı qəbul etmək üçün Qırğızıstan tərəfinin hazırladığı mədəni proqramın bütün tədbirlərində fəal iştirak edib.

Qırğızıstan-Azərbaycan Dostluq Parkının təntənəli açılışı zamanı Azərbaycan diasporunun nümayəndələri Prezident İlham Əliyevi ana dilində “Qırğızıstana xoş gəlmisiniz!”, “Siz layiqli lidersiniz!”, “Qırğızıstan və Azərbaycan əbədi dost və qardaşdır!” şüarları ilə salamlayıblar. Soydaşlarımız Azərbaycanın böyük şəxsiyyətləri Nizami Gəncəvi və Heydər Əliyevin adını daşıyan ümumtəhsil məktəblərinin açılışında iştirak edərək, tarixi Vətənimizin vəsaiti hesabına tikilmiş, minlərlə qırğız uşağına bilik bəxş edəcək bu təhsil ocaqlarının fəaliyyətə başlamasına görə xüsusi qürur hissi keçiriblər. Eyni zamanda birlik bu tədbirlərdə Qırğızıstan Xalqları Assambleyasını təşkil edən diaspor nümayəndələrinin iştirakını və Azərbaycan rəqslərini ifa edən milli geyimli rəqs qrupunun çıxışını təşkil edib.

Qırğızıstanın televiziya kanallarına müsahibələrində birlik üzvləri Qırğızıstan-Azərbaycan əlaqələrinin möhkəmlənməsində və inkişafında Azərbaycan diasporunun oynadığı rola diqqəti cəlb ediblər. Bu proqramlarda 47 saylı Bişkek məktəbinin şagirdi, istedadlı skripka ifaçısı Mehmanəli Rzayevin ifasında Azərbaycan musiqisi də səsləndirilib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir