Siyasət

Rusiya Tehranı tora salır, İranın Azərbaycana qarşı hədə ritorikası beynəlxalq oyunçuları əsəbiləşdirir – ŞƏRH

Sharing is caring!

İranın Azərbaycana qarşı hədə tonu səngimək bilmir, faktiki olaraq iki ölkə arasındakı münasibətlər hibrid müharibə mərhələsindədir.

İranın daxilində hakimiyyətə, idarəetmənin ali kürsüsündə əyləşən liderə qarşı ritorika sərtləşdikcə, Tehran qəzəbindən zəncir çeynəyir və zəhərini Azərbaycanın üzərinə tökmək xəttini davam etdirir.

Azərbaycanla sərhəddə Arazboyu üzrə hərbi güc nümayiş etdirən İran Bakını nəyəsə inandırmaq istəyir, lakin İslam Respublikasında korşalan, aşınan və eroziyaya uğrayan siyasi inanc mühiti Azərbaycanı qorxuda bilməz.

İranın təlimlərdə Araz çayı üzərində körpü salaraq “qarşı tərəfə” keçmək məşqlərinin də perspektiv əhəmiyyəti yoxdur, onu da bildirməliyik ki, İran bu hərbi təlim ssenarisini yalnız öz ərazisində icra edib, yəni Azərbaycan tərəfə keçməyib.

İrandakı orta təbəqə ilə aristokrat təbəqə arasındakı kəskin, iğtişaşlı münasibətlər sistemi teokratik rejimi etirazçılara qarşı zor tətbiq etmək potensialını inkişaf etdirməyə vadar edir.

Bu mənada cənub qonşumuzun həm “qara qutusu”, həm qeyri-leqal gəlirlərinin mənbəyi, həm də böyük güc imperiyası olan SEPAH-ın keçirdiyi təlimlər ona etirazları yatırtmaq üçün vərdişlər qazandırır.

SEPAH-ın iğtişaşları yatıran əsas gücü 2-ci İmam Zaman Mexanikləşdirilmiş Briqadası və 31-ci Aşura Mexanikləşdirilmiş Diviziyasıdır ki, onların da təlimlərdə iştirakı haqqında məlumatlarda həqiqət payı çoxdur.

İranın beynəlxalq aləmdə təklənmişlik sindromunun yaratdığı qorxulardan əziyyət çəkməsi, İsrailin Tehranı kəşfiyyat platformalarında ağır məğlubiyyətlərə düçar etməsi, Türkiyənin regionda böyüyən əzələləri, Azərbaycanın yeni reallıqlar yaratması molla rejiminin iliklərini sızlatmaqda davam edəcək.

Ona görə də, İran hamam suyu ilə özünə dost tutmağa çalışır və Rusiyanın orbitinə söykənərək guya təhdidlərdən sığortalanmaq niyyətini güdür.

İran Rusiyaya kamikadze dronlar verməklə, faktiki olaraq Ukraynada mülki infrastrukturun dağıdılması prosesində canfəşanlığını nümayiş etdirir.

Lakin bunu İran diplomatiyasının perspektivi hesablaya bilməyən hissi davranışları kimi izah etmək olar ki, bu da Tehrana xeyli başağrıları gətirəcək.

Ortada incə bir xətt var, məsələn, Rusiya Qərbin İrana qarşı sanksiyalar dalğasına qarşı çıxmaq meylindən qaçıb və bir növ Tehranın cəzalandırılması prosesinin dolayı iştirakçısına çevrilib.

İran dron oyununa görə indi də yeni embarqo təzyiqləri ilə üzləşib, lakin bu, Rusiyanı zərrə də heysləndirmir.

Rusiya regiondakı tarixi rəqibini cəzalanmasında maraqlı kimi görünür və Tehranın tora düşməsində Qərbə bəlkə də stimullaşdırıcı subliminal verir.

Rusiyanın İranla bağlı aşkar və ya yarıaçıq strateji tutumu Tehranın qlobal sferadakı əməkdaşlıq prioritetlərinə zərbə vurur, İsrailin isə Moskva ilə əlaqələrə görə Ukraynaya silahlar verməməsi Kremlin artan ambisiya kursunu izləyir.

Yəni Rusiyanın Türkiyə, Azərbaycan və İsraillə pozitiv məna yükünə malik əlaqələri onun Bakı-Tehran gərginliyində ikinciyə üstünlük verməyəcəyini şərtləndirir.

Qərb çevrələrində Azərbaycanın Britaniya kimi yaxşı əlaqələri, hər nə qədər gərginlik yaşansa da, ABŞ-lə strateji tərəfdaşlıq həddinə çatan münasibətləri mövcuddur.

Yəni Türkiyəni də, Rusiyanı da, ABŞ-ni da, Britaniyanı da, İsraili də, Türkiyəni də bir nöqtə birləşdirir – İran Azərbaycana hücum edə bilməz, əks təqdirdə, bunun bədəlləri ağır olar…

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir