Siyasət

Daxili etirazlardan xoflanan Tehran… Hərbi təlimlərlə hədələnən yaxınlar, uzaqlar – ŞƏRH + FOTO

Sharing is caring!

Atalar sözüdür: “Qonşu qonşu olsa, bağ çəpəri neylər?”

Azərbaycan Respublikasının qonşuları ilə sərhədlərini tikanlı məftillə nişanlaması da xoşməramlı olmayanlardan öz torpaqlarını ayırmaq, təhlükəsizliyini təmin etdiyi ərazini göstərməkdir.

Əslində, hər dövlətin öz ərazisində istənilən şəkildə hərbi təlimlər keçirməsi də normaldır. Çünki beynəlxalq səviyyədə tanınan istənilən dövlətin öz ərazi bütövlüyünü qorumaq hüququ var. Belə tədbirlərdə bir qayda olaraq, qonşu dövlətlər və beynəlxalq təşkilatlar məlumatlandırılır. Təlim keçirən ölkənin rəsmiləri isə standart olaraq belə manevrlərin mahiyyətini açıqlayır. Bildirirlər ki, bu, üçüncü və ya başqa hər hansı dövlətə təhdid üçün keçirilmir, silahlı qüvvələrin hərbi hazırlığı və döyüş qabiliyyətinin yüksəldilməsi və s. məqsədilə keçirilir. Ancaq İran bu standartlardan çıxış etmir.

Oktyabrın 17-də İran İslam Respublikası İnqilab Keşikçiləri Qvardiyası Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində üç günlük irimiqyaslı təlimlər keçirib. Bu, Azərbaycan işğal altında olan torpaqlarını azad etdikdən sonra İranın şimalda reallaşdırdığı üçüncü təlimdir. Əvvəlkilərdən ərazinin genişliyinə və hərbi texnikanın sayının çoxluğuna, habelə, Araz çayı üzərində ponton körpülərdən istifadəyə görə fərqləndi. 

Deməli, qvardiyanın komandanı – general-mayor Hüseyn Salami təlim başlayan gün ABŞ, İsrail, Səudiyyə Ərəbistanını hədələməklə yanaşı, Azərbaycan Respublikasının ünvanına da deyindi: “Harada sionist rejim mövcuddursa, o, təhlükəsizliyin təhdid mənbəyidir. İsrail bəzi cənub ölkələrinə, eləcə də ölkəmizin qərbinə və şimalına sızıb. Onlar İsrailin ölkələrində mövcudluğunun milli təhlükəsizliklərinə təhlükə yaratmadığını deyə bilər. Ancaq İsrailin təbiəti təhlükə yaratmaqdır”.

O, İsrailin münaqişələri həll etmədiyini və təhdidləri artırmaq üçün müsəlman torpaqlarına getdiyini də əlavə edib. 

Görəsən, general-mayorun Azərbaycana öz ərazisində kiminlə dostluq və əməkdaşlıq etmək kimi məsləhətlər verməyə nə dərəcədə səlahiyyəti çatır? O, tapşırıq yerinə yetirən hərbçidir, öz ölkəsinin əsgərinin hərbi, mənəvi və döyüş hazırlığı səviyyəsinə cavabdehdir. Amma məhz İranın beynəlxalq səviyyədə terrorçu olaraq tanınan qruplar və işğalçı dövlətlərlə əməkdaşlığı regional və qlobal təhlükəsizliyi daha çox təhdid edir.

Ötən gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ermənistanın Qafan şəhərində konsulluq açmaq məqsədilə bu ölkəyə səfər edib. Qvardiyaya məxsus informasiya mənbələrinin bildirdiyinə görə, görüş zamanı İrəvan rəsmiləri İrandan hərbi texnika və avadanlıq almaq məqsədilə Tehrana müraciət edib. Ehtimal etmək olar ki, konsulluğun açılması, hərbi manevr kimi əvvəlcədən planlaşdırılmış bir tədbir olsa da, daha çox Cənubi Qafqazda özünü göstərmək məqsədi daşıyır. İran sərhəddə hərbi təlim keçirməklə güc göstərirsə, konsulluqla regionda diplomatik missiyadan çox, müşahidə missiyasını icra edəcəyi istisna olunmur.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasındakı sərhədyanı bölgəyə Avropa İttifaqının mülki müşahidə missiyası yerləşdirilib. İran Meğrı rayonunda bir sıra ticarət obyektləri istifadəyə verməyi planlaşdırır. Bu baxımdan, İranın Qafandakı konsulluq vasitəsilə Azərbaycan-Ermənistan sərhədyanı ərazilərini, ola bilsin, İsrailin Azərbaycanın bu bölgəyə yaxın ərazidəki fəaliyyətini müşahidə edəcəyi də gözlənilir. İranın təlim keçirməsi, Ermənistanla hərbi texnikaya dair müəyyən razılaşmalar, eyni zamanda Qafanda baş konsulluq açması Cənubi Qafqaza hərbi-diplomatik mövcudluğunu artırmaq cəhdlərindən də sayıla bilər.

Qvardiyanın quru qoşunlarının komandanı, general Məhəmməd Pakpur təlimlərin sonuncu günündə yenə Azərbaycanın ünvanına “xəbərdaredici” fikirlər səsləndirib. O və komandanı Salami çıxışları ilə sübut ediblər ki, manevrlər hərbi hazırlığı yoxlamaq üçün deyil, ABŞ və İsraillə yanaşı, Azərbaycanı təhdid etmək mahiyyəti daşıyır. M.Pakpur bildirib ki, körfəz regionu ölkənin enerji təchizatına görə xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən hər il orada öz nüfuzlarını dünyaya nümayiş etdirmək üçün bir çox təlimlər keçirirlər:

“Düşmənimiz sionist rejim (İsraili nəzərdə tutur – red.) müxtəlif şirkətlər şəklində şimal sərhədlərindəki bəzi qonşu ölkələrimizdə baza qurur. Biz qəti şəkildə bu cinayətkar rejimin sərhədlərimizdə bazasının olmasına icazə verməyəcəyik”.

O, əlavə edib ki, İslam Respublikası özünə harada təhlükə hiss edirsə, həmin bölgəyə böyük bir hərbi qüvvə, ordu göndərir, onları orada yerləşdirir, bununla da İran ordusunun gücünü nümayiş etdirir.

Rəsmi Tehran ölkə daxilində baş verənlərə etirazların əsl səbəbini araşdırmaq istəmədiyindən günahı qonşularda, hansısa əlaqələrdə, okeanın o tayında yerləşən ABŞ və daha kimlərdə görür. Bu, İrandakı iqtidarın gücsüzlüyünün göstəricisidir. Cəmiyyətinin istəklərini qarşılaya bilməyən, yaxud qarşılamaq istəməyən İran rəhbərliyinin hərbi təlimlərlə yaxına və uzağa xəbərdarlıq etməsi zəiflikdir. Tehran hakimiyyəti etirazları yatırmaq üçün çıxış yolunu kütləvi həbslər keçirmək, təqiblər etmək, aksiya iştirakçılarına qarşı odlu silahdan istifadə edib qətlə yetirməkdə görür. Qonşularla münasibətləri normallaşdırmaq üçün isə əvvəlcə hədələyici bəyanatlar verir, təlimlər keçirir, müxtəlif məzmunlu problemlər yaradır. Sonra geri addım atır, guya xoşməramlı olduğunu nümayiş etdirmək üçün sözə güc verir.

İran 30 ildir Azərbaycan Respublikası ilə münasibətlərini belə davam etdirir. Çünki xoşməramlı ola bilmirlər. Bu arada, 2001-ci ilin avqustunda “Türk şahinləri”nin Bakı səmasında uçuşu yada düşür. Elə həmin ilin avqustunda İran gəmiləri Azərbaycanın Xəzərdəki yataqlarına iddia ilə yaxınlaşmaq istəmişdilər. Onda bildirildi ki, İran sərhədi pozub. Tehranın qonşu dövlətə bu saymazlığına cavab “Türk şahinləri”nin uçuşu oldu.

Yeri gəlmişkən, 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi “F-16”larla bağlı açıqlamasında Prezident İlham Əliyevin vurğuladığı fikri xatırlamaq yerinə düşər:

“Türk qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan təcavüz olarsa, o “F-16”ları görəcəklər onlar”.

Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan şəhərində hava limanının açılışını etməsi İslam Respublikasının hərbi hədələrinə özünəməxsus cavab da sayıla bilər. Rəsmi Ankara və Bakı regionda həyata keçirdikləri birgə layihələr, quruculuq işləri ilə həm İrana, həm də regiondakı iğtişaşlarda maraqlı olanlara birliyin, əməkdaşlığın davam etdiyini, sülhün və təhlükəsizliyin mesajını vermiş oldu. Odur ki, İranın son günlərdəki fəaliyyətini bu atalar sözü ilə də xarakterizə etmək yerinə düşər:

“Dəyirman bildiyini edər, çax-çax baş ağrıdar”.

Çoxsaylı daxili problemlərin məngənəsində çabalayan İran hakimiyyəti indi o “çax-çax”dan edir…

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir