Siyasət

Azərbaycanın tabuta qoyub Yerablura göndərdiyi ümidlər: Ermənilər ağır güzəştlərə hazırlanır

Sharing is caring!

Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfər təkcə 30 ilə yaxın müddətdə davam edən işğala son qoymadı. Bu zəfər həmçinin Azərbaycanın imkanlarının, qüdrətinin bütün dünyaya nümayiş olunması baxımından olduqca mühüm amilə çevrildi.

İqtisadi planda Azərbaycanla rəqabətə girə bilməyəcək, bunun üçün heç bir resursa sahib olmayan Ermənistan havadarlarına, “keçilməz” “Ohanyan xətti”nə güvənsə də, Azərbaycan döyüş meydanında bütün bu planları yerlə bir etdi. Siyasi müstəvidə isə Ermənistanın bütün cəhdlərinin qarşısı alındı, “məzlum Ermənistan” imicinin formalaşdırılmasına ən böyük əngəli Azərbaycan diplomatiyası yaratmaqla bu sahədə də inamlı qələbə qazanıldı.

Dəfələrlə vurğulandığı kimi – Azərbaycanın qələbəsi regionda yeni reallıqlar yaratdı. Vətən müharibəsindən ötən iki il ərzində isə bu yeni reallıqlar Azərbaycanın növbəti həmlələri ilə möhkəmləndirildi, Ermənistanın müqavimət cəhdləri iflic hala salındı, sülhə məcburetmə prosesi tam gücü ilə davam etdi.

“Qisas” əməliyyatı və sərhəddə törədilmiş erməni təxribatlarına verilən tutarlı və qəti cavab Ermənistanın revanşist dairələrinin, riyakar siyasi elitasının son ümidlərini də puç etdi.

Ermənistan rüsvayçı kapitulyasiyadan sonra Azərbaycanın sülh təklifindən riyakarlıqla istifadə edib “küllərindən doğulmağa” cəhd göstərsə də, yekunda yenə də həmin küllərin arasında boğulmağa məhkum oldu.

Çarəsizcə çırpınan, Azərbaycan qarşısında aciz duruma düşən, bütün diplomatik həmlələri də Bakı tərəfindən uğurla iflic edilən İrəvan son nəticədə yenidən ağ bayrağı əlinə almağa məcbur olduğunu dərk etməyə başlayıb.

Son olaraq Ermənistan prezidenti Vaaqn Xaçaturyanın verdiyi bəyanatlar da məhz yuxarıda söz açdığımız rəsmi İrəvan üçün ümidlərin tükəndiyi prosesin məntiqi nəticəsi kimi qarşımıza çıxır.

Belə ki, V.Xaçaturyan Qarabağla bağlı qərarların Ermənistanı qane etməyəcəyini açıqlayıb və bunu dəyişən geosiyasi və regional vəziyyətlə əlaqələndirib. “Hazırda həqiqətən də çətin dövrlər gəlib çatıb, hər şey həlledici mərhələyə qədəm qoyub” deyən Ermənistan prezidenti, əslində, erməni xalqını dövlətinin məcbur olduğu ağrılı güzəştlərə hazırlayan prosesin iştirakçısına çevrilib.

Erməni prezident öz çıxışı ilə artıq İrəvan üçün sur sədalarının eşidildiyini və qaçış yolunun olmadığını birmənalı şəkildə etiraf edib. Həqiqətən də siyasi proseslərin gedişi, danışıqların intensiv qrafiki, verilən mesajlar həlledici məqamın yaxınlaşdığını göstərir. Bu məqam isə şovinist və revanşist ermənilər üçün müsbət heç nə vəd etmir, onların bütün ümid və arzularını dəfn edir.

Azərbaycan dövləti regionda erməni faşizminə və revaşist qüvvələrə baş qaldırmağa imkan vermir. Ermənistana isə nə qədər kapitulyant olsa da, dinc inkişaf üçün şans verir.

Vaaqn Xaçaturyanın açıqlamaları onu göstərir ki, Ermənistan artıq heç bir alternativinin qalmadığını dərk etməyə başlayıb. Müharibədən sonra riyakarlıq və hiyləgərliklə, vaxt udmağa çalışmaqla revanşizm ümidlərini bəsləyən, yenidən güc toplamaq kimi xam xəyala qapılan ermənilər son olaraq sentyabrdakı təxribatda Azərbaycan tərəfinin bu ölkədəki prosesləri diqqətlə izlədiyinin və adekvat qərarlar qəbul etmək iqtidarında olduğunun şahidi oldular. Bu döyüşlərdə Azərbaycan dövləti həm də Ermənistanın “qisas” barədə son arzularını tabuta qoyub, birbaşa sərhəddən İrəvana – dəfn üçün yer tapmağın olduqca müşkül məsələyə çevrildiyi Yerablur panteonuna göndərib.

Bütün cəbhələrdə mütləq, rüsvayçı məğlubiyyətə uğrayan Ermənistan isə çarəsizcə sülh prosesinə qoşulmalı, Azərbaycanın diktə etdiyi şərtlər daxilində dinc yaşamaq yoluna qədəm qoymalı olacaq. Əks halda bütün həmlələrinin ən ağır şəkildə cəzalandırılacağını görən Ermənistanın siyasi arenadakı miskin və təslim olmuş görüntüsü məhz bu ümidsizliklə bağlıdır. Bütün bunları yaxşı bilən Ermənistan dövləti isə artıq öz xalqını heç də uzaqda olmayan günlərə hazırlamağa başlayıb…

Orxan Tağıyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir