Siyasət

Gəncə terrorunda anasını itirən Taleh Rüstəmov: “Ayılanda gördüm ki, qonşunun məhəlləsindəyik” – FOTO/VİDEO

Sharing is caring!

Vətən müharibəsi dövründə ermənilərin Gəncəyə raketlər atması nəticəsində mülki əhaliyə ciddi ziyan dəydi. Bu terror aktı onlarla insanın həyatına son qoydu. Hadisədə həlak olanlardan biri də 59 yaşlı Maral Yusibovadır. 

Tərcümeyi-hal: Yusibova Maral Yunis qızı 1963-cü ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Böyük Məzrə kəndində doğulub. 1970-ci ildə Mərzə kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1981-ci ildə həmin məktəbi bitirib. 1983-cü ildə ailə həyatı qurub. 1988-ci ildə ermənilər tərəfindən öz ata-baba yurdundan didərgin salınıb və həmin ildən Gəncə şəhərində məskunlaşıb. Orta təhsilli və evdar xanım olub.

Şəhidin oğlu Taleh Rüstəmov Oxu.Az-a açıqlamasında ilk olaraq ailə vəziyyətlərindən söz açıb:

“Ailədə dörd uşağıq, iki bacım, bir qardaşım var. Atam 2006-cı ildə dünyasını dəyişin, həmin vaxtdan bəri biz anamın himayəsində idik, evin kiçik uşağı mənəm. Hazırda güc strukturunda çalışıram, Daxili İşlər Nazirliyinin əməkdaşıyam. Evdə mən, anam, bir bacım və onun üç yaşlı övladı yaşayırdıq. Hadisə vaxtı hamımız evdə idik. Gəncəyə bununla beşinci dəfə idi raket atılırdı. Birinci raket Əziz Əliyev küçəsinə, ikinci raket ondan 40 dəqiqə sonra Əli Nəzmi küçəsinə atıldı, üçüncü raketlə bazarı vurdular, oktyabrın 10-dan 11-nə keçən gecə isə Qələbə parkına dördüncü raket atıldı. Hər bir hadisə baş verəndə mən orada xidmətdə olmuşam”. 

Oktyabrın 17-si raket atılan zaman isə Taleh ailə üzvləriylə birlikdə evdə olub, yeni yuxuya gediblərmiş ki, səsə oyanıblar: 

“Həmin gün mən gecə növbəsindən gəlmişdim, yatırdım, səhər işə getməliydim. Raket düşəndə ayıldım ki, qonşunun məhəlləsindəyəm, evimiz yerli-dibli yoxdur. Hadisədə ailə üzvlərimin hamısı yaralandı. Mən ayaq və qol nahiyəsindən yaralanmışdım, alnımı da nəsə kəsib keçmişdi, amma özümü idarə edə bilirdim, bacımın sağ ayağı qəlpə yaraları idi, dərisi deşik-deşik olmuşdu. Anam isə hadisə yerində keçinmişdi. Hamımız hadisənin şokundaydıq. Tez qışqırıb yan-yörəyə baxdım. Bacım dağıntıların arasından cavab verdi. Bacımın uşağını qonşuların köməkliyi ilə daşların altından çıxardıq”.

Taleh Rüstəmovun sözlərinə görə, hazırda evləri dövlət dəstəyi ilə yenidən tikilir:

“Evimizdə iş gedir, bizə ev əşyalarına görə 6000, şəxsi əşyalara görə isə 1500 manat ödəniş etdilər. Tikintinin nə vaxt bitəcəyini bilmirik, işləsələr, iki aya bitər. Hazırda kirayədə qalırıq, dövlət tərəfindən bizə kirayə ayrılıb, onun üçün ayda 250 manat məbləğində ödəniş edirlər”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir