Siyasət

“Prezidentin Qırğızıstan səfərində xüsusi müzakirələr aparıla bilər” – RƏY + FOTO

Sharing is caring!

“Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana rəsmi səfəri xüsusi əhəmiyyət kəsb edir. Qərblə Şərq arasında yeni layihələrin formalaşdırılması ilə əlaqədar Prezident İlham Əliyevin Qırğızıstana baş tutan səfərində xüsusi müzakirələrin aparılacağı gözləniləndir”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.

Noyabr ayının 11-də Özbəkistanın tarixi şəhəri Səmərqənddə Türk Dövlətləri Təşkilatının növbəti zirvə görüşündən bəhs edən deputat qeyd edib ki, bu görüşün astanasında Azərbaycan Prezidentinin Qırğızıstana rəsmi səfəri xüsusi əhəmiyyət kəsb edir:

“Nəzərə almaq lazımdır ki, bu, Prezident İlham Əliyevin Praqa səfərindən qısa müddət sonra Asiyanın önəmli dövlətlərindən biri olan, eyni zamanda Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvü olan Qırğızıstanda baş tutur. Azərbaycanla Qırğızıstan arasındakı diplomatik münasibətlər və səfirliklərin yaradılması ilə bağlı atılan addımlar çoxdan geridə qalıb. İkitərəfli diplomatik sıx əlaqələr bu günə qədər uğurla davam etdirilməkdədir. Maraqlı digər bir məqam isə ondan ibarətdir ki, qardaş Türkiyə ilə strateji əməkdaşlıq haqqında Şuşa Bəyannaməsini imzalandığı kimi, strateji münasibətlərin gücləndirilməsi ilə bağlı da Azərbaycanla Qırğızıstan arasında məlum saziş mövcuddur. Bu sazişə uyğun olaraq ilk dəfə dövlət başçısının 11-12 oktyabr tarixlərində Qırğızıstana baş tutan səfəri çərçivəsində hökumətlərarası şuranın iclası keçiriləcək”.

Deputat həmçinin əlavə edib ki, sözügedən səfər daha bir neçə aspektdən önəm kəsb edir:

“Belə ki, Prezident İlham Əliyevin Praqada keçirilən sammitdə Bolqarıstanın, eyni zamanda Avropa və Asiya arasında enerji koridorlarının təhlükəsizliyi, enerji təchizatı və təminatı kimi strateji əhəmiyyət kəsb edən məsələlərlə bağlı keçirmiş olduğu görüşlər, eyni zamanda uğurlu layihələrin müzakirə olunması Asiya və Avropa arasında xüsusi nəqliyyat koridoru, körpü rolunu oynayan Azərbaycanın bu istiqamətlərdə də ön planda olduğunun bariz nümunəsidir. Məhz bu baxımdan gələcəkdə Qərblə Şərq arasında yeni layihələrin formalaşdırılması ilə əlaqədar Qırğızıstana baş tutan bu səfərdə də xüsusi müzakirələrin aparılacağı gözləniləndir”.

R.Həsən vurğulayıb ki, gələcək enerji ehtiyatlarından biri kimi qəbul edilən və alternativ enerji mənbələrindən biri kimi istifadəsi nəzərdə tutulan su potensialına görə Qırğızıstan dünya ölkələri arasında ön sıralarda yer almaqdadır:

“Bu baxımdan Qırğızıstanın təbii sərvətlərinin dünya bazarına çıxarılması və Avropaya təqdim edilməsi məsələsində Azərbaycandan tranzit ölkə kimi istifadə etmək marağı da qəbul ediləndir. Pandemiya dövründə humanitar dəstək, virusa qarşı vaksin göndərilməsi kimi bir çox iqtisadi məna daşıyan məsələlərdə Azərbaycanın Qırğızıstana vermiş olduğu dəstək də Qırğızıstan xalqı tərəfindən yüksək qiymətləndirilir. Türk Dövlətləri Təşkilatının sabiq baş katibi olaraq qeyd edə bilərəm ki, Azərbaycan bütün türkdilli dövlətlərlə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir