Siyasət

Türkiyə ciddi regional gücə çevrilir – TƏHLİL

Sharing is caring!

Qlobal pandemiya, inflyasiya, müharibələr bəşəriyyəti ağır iqtisadi böhrana sürükləyir. ABŞ iqtisadi tənəzzüldən əziyyət çəkir, Avropa qışda donmamaq üçün yollar arayır. Belə bir mürəkkəb durumda Türkiyə iqtisadi inkişafda olan ölkələrdən birinə çevrilir.

Mövzu ilə bağlı “Kaspi” qəzetində təhlil yazısı yayımlanıb.

Dünya mediasının səhifələrində nüfuzlu iqtisadçılar “Türkiyə necə böyüyür” mövzusunu qızğın şəkildə müzakirələr edirlər. Günümüzün reallığı budur ki, bu gün Türkiyə tək regionda deyil, dünyada söz sahibi olan dövlətlər sırasında yer alır. Qardaş ölkə iqtisadi cəhətdən də güc mərkəzinə çevrilir. Əgər 1980-ci illərdə Türkiyənin illik ixracatı 2 mlrd. dollar idisə, indi bu rəqəm 250 mlrd. dolları keçir. Hazırda Qərb enerji marşrutlarına görə Türkiyəyə məhkumdur. Avropalılar Qara və Aralıq dənizində tapılan qazı səbirsizliklə gözləyirlər. Azərbaycandan Türkiyəyə uzanan boru kəmərləri indi onlar üçün aorta arteriyası qədər həyati əhəmiyyət kəsb edir. Türkiyə isə son vaxtlar üzünü postsovet ölkələrinə – Mərkəzi Asiya dövlətlərinə tutub. Ukrayna-Rusiya müharibəsi Qərbi çətin duruma salıb. Rusiya qitəyə gedən qaz kəmərlərini qəza adı altında bağlayıb. Bu da Qərbi alternativ enerji xətləri axtarıb tapmağa məcbur edir. Belə bir çətin durumda Türkiyənin etibarlı tərəfdaş kimi rolu artmağa başlayıb.

XXI əsrin türk əsri olacağını dünyaya bəyan edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ideyasını reallaşdırmaqda davam edir. Mərkəzi Asiyaya səfərlərinin sayını artıran Türkiyə prezidenti bu ay Qazaxıstana gedəcək. Türkiyənin səyləri ilə Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna malik olan Türkmənistan da tezliklə onun tamhüquqlu üzvü ola bilər. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib. Onun sözlərinə görə, qərar noyabrın 11-də Səmərqənddə keçiriləcək sammitdə veriləcək. Müşahidəçilər bu qənaətdədirlər ki, indi Ankaranın Mərkəzi Asiya dövlətlərinə, xüsusən də Qazaxıstana dəstəyi zəruridir. Astana Rusiyanın Ukrayna ərazilərini işğal etməsi ilə bağlı keçirdiyi referendumların nəticələrini tanımayıb. Türkiyə də eyni mövqedədir. “İndi işğal altında olan torpaqlar Ukrayna torpaqlarıdır. Türkiyə lap əvvəldən Krımın Rusiyaya qeyri-qanuni ilhaqını tanımırdı. Biz Ukrayna ərazisində keçirilən referendumun nəticələrini də tanımırıq”, – deyə M.Çavuşoğlu bildirib.

Rusiya Beynəlxalq Tədqiqatlar İnstitutunun aparıcı elmi işçisi Aleksandr Knyazev isə hesab edir ki, Qazaxıstan hazırda yol ayrıcındadır. “Astana situasiya qərarları qəbul edərək imkanların sürətlə daraldığı bir şəraitdə çoxvektorlu xarakterini qorumağa çalışır. Türkiyə Qazaxıstan üçün bu baxımdan çoxvektorlu cəhdlərin həyata keçirilməsi üçün kanaldır, lakin həlledici deyil”, – deyə A.Knyazev bildirib. Onun sözlərinə görə, Türkiyə ilə münasibətlər Qazaxıstanın xarici siyasətinə dəstək olacaq. O əlavə edib ki, “obyektiv göstəricilərə görə Türkiyə Qazaxıstan üçün Rusiya, Çin, ABŞ kimi yüksək səviyyəli xarici istinad nöqtəsi ola bilməz”.

Postsovet məkanında Türkiyənin əsas hədəflərindən biri də Transxəzər marşrutudur. Ankaranın bu marağı Çinin maraqları ilə kəsişir. Konkretləşdirsək, Türkiyə və Çinin maraqları yükdaşıma baxımından üst-üstə düşür, lakin Xəzər hövzəsi ölkələrindən Avropaya enerji təchizatında haçalanır. Buna görə də Qazaxıstan tərəfi Türkiyə ilə daha çox yükdaşıma sahəsində əməkdaşlığa diqqət yetirəcək. Çünki yaxın illərdə böyük həcmdə neft və qaz ixracını Transxəzər marşrutu üzrə istiqamətləndirmək obyektiv olaraq mümkün deyil. “Qazaxıstan tranzit ölkə olaraq qalır, Çin mallarının Qərbə daşınması üçün yeni kanal alır, Türkiyə isə nəqliyyat qovşağı olur. Düzdür, Zəngəzur dəhlizi deyilən məsələ ilə bağlı həll olunmamış problemlər var. Amma görünür, Ankara bunları həll edəcəyinə ümid edir”, – deyə A.Knyazev bildirib.

Qırğızıstan da güclü şəkildə Türkiyənin maraq dairəsinə düşmək üçün fəaliyyətə başlayıb. İki ölkə arasında qarşılıqlı səfərlərin sayı artıb. Düzdür, Rusiya mediası israr edir ki, qırğızların Ankaradan qlobal yardım alacağı gözlənilən deyil. Lakin türk ekspertlər fərqli fikirdədir. Onların qənaətincə, Qırğızıstan və Türkiyənin irimiqyaslı sıçrayış layihələri ola bilər. Yəni hazırda Qırğızıstanın xarici ticarət dövriyyəsi daha çox Rusiya və Çinə yönəlsə də, gələcəkdə Türkiyə ilə də iri layihələrin reallaşması mümkündür.

Qeyd etdiyimiz kimi, Türkmənistan da Türk Dövlətləri Təşkilatına daxil olmağa hazırlaşır. Bəziləri hesab edir ki, Aşqabad Kremlin güclü təzyiqi altındadır. Lakin məsələ ondadır ki, Türkmənistanın yeni prezidenti bütövlükdə xarici əlaqələrdə kifayət qədər müxtəliflik nümayiş etdirir. 

“Takvim” qəzetinin köşə yazarı Bekir Hazar Türkiyənin dünyada artan nüfuzu ilə bağlı maraqlı bir məsələyə toxunur: “Azərbaycan və Türkiyə Qarabağı dronlarla vurur, torpaqları geri alır. Lakin qərbdəkilər cınqırını çıxarmır. Çünki Xəzər dənizindən və Qarabağdan geri aldığımız torpaqlar vasitəsilə Türkiyəyə, Avropaya daşınacaq Qazaxıstan-Türkmənistan neftini, təbii qazını səbirsizliklə gözləyirlər. Qərb İsrail təbii qazı üçün boru kəmərlərinin çəkiləcəyi günlərin həsrətindədir”. Yazar əlavə edir ki, qaçqın axınının qarşısını almaqla Avropa İttifaqının dağılmasının qarşısını alan Türkiyə bir növ qarşı tərəfin təhlükəsizliyini təmin edir.

Eynilə Afrika ölkələri də Türkiyəyə doğru gəlir. Onlar bir-birinin ardınca Ankara ilə hərbi və iqtisadi müqavilələr imzalayır. Afrika Türkiyənin müdafiə sənayesindən asılı vəziyyətə düşür. Artıq Türkiyə Avropanın qapısında “Bizi də apar” deyə yalvarmır, türk cümhuriyyətləri ilə “Türkiyə ABŞ-ı” qurmağa və Şanxay beşliyinə daxil olmağa, 19 ölkə ilə dollar əvəzinə yerli valyutadan istifadə dövrünə qədəm qoymağa yaxınlaşır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir