Siyasət

Ramin Məmmədov: “Bu gün beynəlxalq siyasətdə güc və etibar anlayışları biri digərindən ayrı qəbul edilmir”

Sharing is caring!

“Son günlər Azərbaycan-Ermənistan sərhədində erməni tərəfinin təxribatı nəticəsində baş verənlər bir daha göstərdi ki, bölgədə dayanıqlı sülhün əldə olunması qaçılmazdır. Təəssüf ki, Ermənistanda müəyyən revanşist qüvvələr bunu hələ də aydın dərk etmirlər”. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov söyləyib. 

Ermənistanın 44 günlük müharibədən sonra imzalanmış Üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirməkdən imtina etməsinin iki ölkə arasında etimad mühitinin yaradılmasına maneə törədən əsas amillərdən biri olduğunu vurğulayan millət vəkilinin fikrincə, rəsmi İrəvanın bu təxribatı həyata keçirməkdə əsas məqsədi danışıqlar prosesində daha üstün mövqe qazanmaq olub:

“Hadisələrin xronologiyası göstərir ki, Ermənistan bu təxribata uzun müddətdir ki, hazırlaşırdı. Sərhədə yaxın ərazilərdə hərbi hissələrin yerləşdirilməsi, texnikanın cəlb olunması bunu sübut edir. Lakin Azərbaycan Ordusu növbəti dəfə öz gücünü göstərdi və təcavüzkarı cəzalandırdı. Təəssüf ki, Azərbaycandakı bəzi siyasi partiyaların təmsilçiləri, özlərini ekspert kimi təqdim edən şəxslər baş verənlərin mahiyyətini təhrif edərək, insanları çaşdırmağa çalışırlar. O adamlar ki, hakimiyyətdə olduqları dövrdə Azərbaycanın torpaqları işğal olunub, bir milyondan çox həmvətənimiz öz yurd-yuvasından didərgin düşüb.

Təəssüf doğuran daha bir məsələ isə budur ki, həmin adamlar regionda baş verən proseslərə hələ də 30 il əvvəlki baxış bucağından qiymət verirlər”.

Ramin Məmmədov onu da vurğulayıb ki, Azərbaycan indi dünyada güclü və etibarlı dövlət kimi qəbul olunur. Bu imici qazanmaq isə uzun illər ərzində həyata keçirilən ardıcıl, düşünülmüş, böyük hədəflərə hesablanmış siyasətin nəticəsində mümkün olub:

“Bu gün beynəlxalq siyasətdə güc və etibar anlayışları biri digərindən ayrı qəbul edilmir. Sənə etibar etmək üçün sənin gücünə, verdiyin sözü, atdığın imzanı reallaşdırmaq imkanlarına inanmalıdırlar. Qlobal siyasətin trendlərindən, beynəlxalq münasibətlər sisteminin dəyişən xarakterindən, regional təhlükəsizlik çağırışlarından məlumatı olmayan adamların Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətə, atdığı addımlara qiymət vermək cəhdləri təəccüb doğurur. Bəzi adamlar hələ də başa düşə bilmirlər ki, Azərbaycan 30 il əvvəlki ölkə deyil və dünya da 30 il öncəkindən çox fərqlidir”.

Millət vəkili hesab edir ki, Azərbaycan Prezidentinin müəyyən etdiyi strateji məqsədlər dövlətin gücünü, təsir imkanlarını artırmağa, davamlı iqtisadi inkişafa hesablanıb. Bu siyasətin mərkəzində Azərbaycanın milli mənafeləri, hər bir vətəndaşın rifahı və təhlükəsizliyi dayanır:

“İstənilən təhdidə, ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlmiş akta cavab vermək bizim ən təbii hüququmuzdur. Biz Ermənistanın bundan sonra hər hansı təxribatına cavab verməsək, daha böyük itkilərə, daha ciddi təhlükələrə məruz qala bilərik. Son iki yüz illik tariximiz bunu dəfələrlə sübut edib. Ona görə də düşünürəm ki, hadisələrə qiymət verərkən siyasi konyunkturanı kənara qoymağı bacarmayan adamların susması daha doğrudur.

Biz indi yeni şərtlərdə yaşayırıq. Dünya tamamilə dəyişib və bəlkə də, bizim bildiklərimizdən, təsəvvür etdiyimizdən daha çox dəyişəcək. Belə bir mürəkkəb dövrdə təhlükəsizlik məsələsi bütün digər amillərdən öndədir. Bunu anlamaq üçün isə bu günə qiymət verməyi və gələcəyə baxmağı bacarmaq lazımdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir