Siyasət

Mübarizi təhqir edən Nərminə…

Nərmin Şahmarzadə adlı gənc qızın Milli Qəhrəman Mübariz İbrahimov haqda yazdığı status ciddi müzakirəyə çevrilib.

Gənc bir qız, həyatı o qədər də anlamayan, dünyanı sevgi dolu görməyə çalışan azərbaycanlı xanımın düşüncələrinə əhəmiyyət verməmək də olardı. Ancaq düşməni də sevəcək qədər “bəşəri” olduğunu nümayiş etdirməyə çalışan bu xanımın əks-reaksiyalara cavabı, hətta öz mövqeyini müdafiə etmək üçün video-müraciəti ona və onun kimi düşünməsi ehtimal olunan gənclərə bəzi məsələləri anlatmağı zəruri edir.
İlk olaraq: heç bir halda bu kiçik xanımın təhqir olunmasına razı deyiləm. Əksinə, insan sevgisi dəyərləndirilməlidir. Ancaq istiqamətindəki yanlışlıqları izah edilməlidir.
Ordan başlayaq ki, “Miatsum” hərəkatı ilə böyük bir azərbaycanlı nəslin həyatı büsbütün məhv edildi: 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində qaçqın-köçkün düşən, yurdundan qovulan, qoca ata-anası düşmən əlində, qardaşı döyüşlərdə ölən minlərlə o vaxtın nərminlərini göz önünə gətirin. O minlərin, onminlərin yaşadıqları faktiki olaraq Azərbaycanın həmin dövrdəki gəncliyini, insanlığını məhv etdi. Hər gün çiyinlərinin arasına “5 nərmin” yerləşən, Əli Kərimin təbirincə desək, gensinə, çatmaqaş oğulların meyitlərini qarşılayırdı atalar, analar, bacılar. Onlar öz evlərini, ocaqlarını, ana-bacılarını qorumaq üçün, ermənilərin gizli şəkildə kəndlərə girib girov götürdükləri və hər gün zorladıqları nərminlərin sayının artmaması üçün ölürdülər.
Arxa cəbhədə də insanlar faktiki olaraq məhv olmuşdu – hər gün alınan xəbərlərdən, acılardan, ağır iqtisadi durumdan, xəyanət soraqlarından…
O dövrü yaşayanlar xatırlayırlar: bütün ermənilər bizə nifrət püskürürdü – 7-dən 77-yə “yan”lar qanımıza susamışdı. Dünənə qədər bizim üçün ölümdən keçməyə hazır olduğunu “nümayiş” etdirən “kirvələr” bizi öldürmək üçün hər şeydən keçirdilər.
Tam əminliklə deyirəm ki, indi də elədirlər. Azacıq fürsətləri olarsa, Xocalıda girov götürdükləri 1200 qız-gəlinin sırasına yeni nərminləri qatıb, səhərisi Azərbaycan oğullarını (Yəni Mübarizləri) “üzəçıxdıya” çağıracaqlar.
Anlaya bilirsinizmi ki, nərminləri girov götürüb aparandan sonra səhəri gün Mübarizlərin üzəçıxdıya, qızgördüsünə çağırılması nə deməkdir?
İkincisi, ermənilər rusların sayəsində son yüz ildə 4 mindən çox kəndimizi dağıdıb, 600-ə yaxınını yer üzündən silib, bir milyon beş yüz mindən çox azərbaycanlını qətlə yetirib. Və bu, təkcə Zəngəzurda, Meğridə, Qafanda, Göyçədə, Qarabağda olmayıb – Sulduzda, Urmiyada da… olub. Hamilə qadınların belinə qaynar samovar bağlayıb onların yana-yana qaçmasından zövq alıblar, uşaqları Spitakda su borularına doldurub, ağzını qaynaqlayıb, son nidalarına şampan partladıblar; qocaları diri-diri çuxura atıb, üstünü torpaqlayıblar…
1887-ci ildə İrəvanda azərbaycanlıların sayı əhalinin 87 faizi qədər idi (Çar Rusiyasının apardığı siyahıyaalmada). Qarabağdakı ermənilərin sayının çoxluğundan isə ümumiyyətlə, söhbət gedə bilməzdi.
İndiki mənzərəyə baxın!
Üçüncüsü, kiçik xanım deyir ki, Mübariz döyüş vaxtı öldürsəydi, başa düşərdi, “amma döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır”.
Nərmin və ya Nərmin düşüncəsinə düşənlər, siz dərk etmirsiniz ki, Azərbaycan 30 ildən artıqdır müharibədədir?! Bunun hüquqi-siyasi adı belədir – müharibə şəraiti. Yəni ermənilərlə atəşkəs əldə olunub, müharibə isə bitməyib, davam edir.
Hər gün döyüş gedir – cəbhədə, Brüsseldə, Strasburqda, Nyu Yorkda; Parisdə, Vaşinqtonda, Moskvada… NATO-da, KTMT-də, AB-də, AİB-də, Minsk Qrupunda və diasporlarda…
Bu savaşlarda hamı iştirak edir – başda da başdakılar!
“Vətəni itirmək təhlükən olmadan” yazır gəncimiz. O postlarda duran ermənilər bizim vətənimizdədirlər, bizim əlimizdən alınmış torpağımızdadırlar, onları bura göndərən də, burda xidmət çəkən də hədəfimizdir. Erməni snayperlər istənilən an Mübarizləri hədəfə götürürlər və ilk fürsətdəcə öldürürlər. Ön cəbhədəki Mübarizləri təsəvvür edirsinizmi?
Etmirsiniz! Mübarizlərin hesabına Bakıda oturub, qışda istilik bir qədər az gələn kimi hökuməti var-yoxdan çıxaranlar, dodaqlarını qabağa uzadıb çəkdikləri selfilərini sosial şəbəkədə paylaşanlar, Madonnanı özünə kumir seçənlər, Nazın dodağına, qazın dalına baxanlar nə bilsin Murovda Mübarizlər gözünü qırpa da bilmir düşmənin əlindən!
Dördüncü: Bilirsinizmi Mübariz hansı psixoloji hücumlardan sonra silaha sarılıb, “hərbi hissəni özbaşına tərk edib”?
Ermənilərin hər gecə, fürsət tapdıqca yaxın səngərlərdən qışqırdıqları atmacaları, ratsiya ilə verdikləri qıcıqları cəbhədə düşmənlə üz-üzə aylarını, illərini verən gənclərdən soruşun. Soruşun, öyrənin görün onlar girov götürdükləri azərbaycanlı nərminlərin “səsini çıxarmaqla” azərbaycanlı əsgərlərə necə təsir edirlər. Onları ideallaşdırmağa, evlərinə getmək üçün günlərini sayan kimi təsvir etməyə, günahsız olduqlarını sübuta yetirməyə tələsmə: əmr verilən kimi Mübarizlərin üstünə atılan çaqqal sürüsüdür o Azərbaycan torpağında əsgərlərimizlə üz-üzə duran ermənilər. Mübariz İrəvanda arvadının qoynunda xoruldayan dığanı öldürməyib, Azərbaycan əsgərinə silah tuşlayan, bir əmrlə azərbaycanlı gənci öldürməyə hazır olan sürüyə hücum edib; həm də günlərlə “bacılarınızla burda kef edirik, kişiliyiniz varsa, gəlin” deyən erməni dığalarına hücum edib, həm də təkbaşına.
Beşincisi: 90-cı illərdə bizim nəslin əfsanələşən igidləri az deyildi. Mübariz isə, Fərid isə Azərbaycanın 21-ci əsrinin – ilk növbədə siz gəncliyin əfsanələridir. Əfsanələr müzakirə olunmur, tənqid edilmir, onlara münasibət birmənalı olur. Onlar nərminlər zorlanmasın deyə, erməni dığalar cəbhədə azərbaycanlı əsgərlərin heysiyyatı ilə oynamasın deyə, ermənilər mülki əhaliyə atəş açmasın deyə və nəhayət, ermənilərin oturduğu postların, ərazilərin Azərbaycana aid olduğu və bir gün o torpaqları geri qaytaracağımıza ermənilərdə heç bir şübhə yeri qalmasın deyə öldülər və ölürlər…
Savaş vaxtı qəhrəman olmağa nə var ki! Özünü müdafiə edərsən, arxan-dayağın yanındakı əsgər qardaşın, komandirin olar və sən də – əlbəttə ki, cəsarətlisənsə – Allahın lütfü ilə qəhrəmanlıq göstərərsən.
Mübariz qəhrəmanlıq göstərmədi! Mübariz sıradan qəhrəman deyil! Mübariz “mən getdim ölməyə, ölənə qədər düşməndən gücüm çatanı öldürəcəm” düşüncəsi ilə təkbaşına erməni ordusuna hücuma keçən, ölümü göz altına alan yox, məhz ölümə gedən Əfsanədir!
“O qayıtsaydı, burda mühakimə olunacaqdı, çünki hərbi hissəni özbaşına tərk etmişdi” yazır gəncimiz.
Siz Mübariz əfsanəsini anlamırsınız ki! Dərk etmirsiniz ki! Əziz gəncimiz, Mübariz 5 erməni öldürüb qayıtmağa getməmişdi! Mübariz qayıtmamaq üçün getmişdi! Getmişdi ki, bu Torpaq üçün, bu Vətən üçün, girovluqda qalan nərminlər üçün, Bakıda yaşamağın dadını çıxaran nərminlər üçün, onu müzakirəyə çıxaracaq nərminlər üçün ölsün!
Anlayırsınızmı?
Mübariz nəyi sübut etdi, bilirsinizmi? Sübut etdi ki, 90 min ordunun qarşısına 7 nəfərlə çıxan Türk oğlu türklər haqda əfsanə sizin düşündüyünüz əfsanə deyil, realdır, faktdır.
Mübariz göstərdi ki, ölüm 20 yaşda da olar, 70 yaşda da – bu dünyadakı illərin heç bir fərqi yoxdur. Ancaq yaşamın missiyası var, doğulanın vəzifəsi var – bu vəzifə 20 ilə də tamamlanar, 70 ilə də.
Mübariz öz missiyasından qaçmayan, Azərbaycan gəncinə öz missiyasını xatırladan gözümüzün önündəki əfsanədir, rəvayətdir, mifdir, tarixdir. Heç kimin əfsanə, tarix, mifə qarşı çıxmaq, onu mühakimə etmək səlahiyyəti yoxdur!
…Və nəhayət sonuncu: Mübarizlər olmasa, siz erməniyə sevginizi bildirə, bu statusunuzu yaza, sonra da özünüzə haqq qazandırmaq üçün video paylaşa bilməzdiniz.
Əgər Mübarizlər olmasa, siz indi ermənilərin əsirliyində Allah bilsin nələr çəkirdiniz!
Bir də, heç vaxt unutmayın, siz çox tolerant ölkədə yaşayırsınız – yoxsa belə arın-arxayın hələ də fikirlərinizi davam etdirə bilməzdiniz. Əgər Ermənistanda olsaydınız, sizi çoxdan baş-ayaq eləmişdilər.
Bu qədər yetər yəqin – savadlı, işıqlı gənclərsiniz, gerisini özünüz də anlayarsınız…
Kult.az