Siyasət

Milli Məclisdə beş qanun layihəsi təsdiqini tapıb – FOTO

Sharing is caring!

Bu gün Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. Öncə 5 məsələdən ibarət gündəlik təsdiqlənib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub. 

Bildirilib ki, deputatlar Razi Nurullayev, Zahid Oruc, Fazil Mustafa, Əziz Ələkbərov, Siyavuş Novruzov, Sahib Alıyev, Əli Məsimli günün aktual məsələlərinə münasibət bildiriblər.

44 günlük Vətən müharibəsi günlərində olduğu kimi bundan sonra da milli birliyin qorunmasının vacibliyi vurğulanıb, qələbədən sonra aparılacaq bərpa-quruculuq işlərinə dair təkliflər səslənib, hərbi vəziyyətdə gedən informasiya müharibəsində ölkə KİV-lərinin fəal iştirakı müsbət qiymətləndirilib, sovet dövründə indiki Ermənistan ərazisindəki dədə-baba yurdlarından deportasiya olunan soydaşlarımızın aqibətindən söz açılıb və onların hüquqlarının tələb olunmasının vacibliyinə toxunulub. Koronavirusla bağlı dinləmələrin təşkilinə və digər məsələlərə diqqət yönəldilib.

Gündəlikdəki məsələlərin müzakirəsi zamanı “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. O bildirib ki, qanun layihəsində ediləcək dəyişiklik kommersiya təşkilatlarında, xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərində mühasibat uçotu aparılmasının təkmilləşdirilməsini nəzərdə tutur. Məlumat dinlənildikdən sonra deputatlar qanun layihəsini üçüncü oxunuşda təsdiqləyiblər.

Gündəlikdəki növbəti iki məsələ bir-biri ilə əlaqədar olduğu üçün həmin qanun layihələrini birlikdə təqdim edən komitə sədri Tahir Mirkişili öncə “Şərti maliyyə vahidi haqqında” Azərbaycan Respublikası qanununun ləğv edilməsi zərurətindən danışıb.

Qeyd edib ki, 2001-ci il yanvarın 1-dək Azərbaycanda dövlət rüsumlarının, birdəfəlik rüsumların, cərimələrin, maliyyə sanksiyalarının, digər ödənişlərin hesablanmasında aylıq əməkhaqqının minimum məbləğindən istifadə olunub. 2000-ci ilin 26 dekabrında “Şərti maliyyə vahidi haqqında” qanun qəbul edilib.

Deputatların nəzərinə çatdırılıb ki, 2008-ci ildən etibarən ölkəmizdə maliyyə sabitliyi olduğundan şərti maliyyə vahidi məbləği mütləq rəqəmlərlə əvəz edilib və Azərbaycan Respublikasının müvafiq məcəllələrində, qanunlarında, digər qanunvericilik aktlarında mütəmadi olaraq dəyişikliklər edilərək şərti maliyyə vahidi anlayışının istifadəsinin dayandırılması istiqamətində tədbirlər görülüb. Hazırda  “Şərti maliyyə vahidi haqqında” qanuna ehtiyac qalmadığı üçün bu qanun ləğv edilir.

Həmçinin şərti maliyyə vahidi anlayışına istinad edilən beş qanundan – “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Banklar haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlardan və Mülki Məcəllədən həmin ifadələr çıxarılır.  

​Parlamentdə qanun layihələrinin şərhi dinlənildikdən sonra məsələlər ayrı-ayrılıqda səsə qoyulub və Milli Məclis tərəfindən qəbul edilib.

Plenar iclasda “Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə” dəyişiklik edilməsi barədə” qanun layihəsini (ikinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə təqdim edib. Bildirib ki, birinci oxunuş zamanı ortaya çıxan suallar cavablandırılıb, deputatlar tərəfindən bu layihə ilə bağlı əlavə təklif irəli sürülməyib.

Məlumat dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşun prosedur qaydalarına uyğun olaraq səsə qoyulub və müsbət dəyərləndirilib.

İclasın yekununda “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) məsələyə baxılıb.

Qanun layihəsini Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. Bildirib ki, müharibə şəraiti dövründə, dağıntıların aradan qaldırılmasında, o cümlədən Gəncə şəhərində, Tərtərdə, Bərdədə və digər yerlərdə dağıntıların aradan qaldırılmasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları fədakarlıq nümayiş etdiriblər. FHN-nin yaradılmasının 15 illiyinə həsr olunan bu medalda milli atributlar da nəzərə alınıb. Bu medalın təsis olunması Azərbaycanın orden və medallarına yeni bir töhfə olacaqdır.

Müzakirələrdə deputat Razi Nurullayev də yeni yubiley medalının təsis edilməsini təqdirəlayiq hal kimi dəyərləndirib.

Sonra deputatlar qanun layihəsini birinci oxunuşda dəstəkləyiblər.

Plenar iclasa yekun vuran Milli Məclisin Sədri xanım Sahibə Qafarova nəzərə çatdırıb ki, dekabrın 21-də 2021-ci ilin Dövlət büdcəsinə dair qanun layihələri, büdcə zərfi parlamentə daxil olub və deputatlara paylanılıb.

Bu qanun layihələri komitələrdə müzakirə ediləcək. Bununla da Milli Məclisin iclası başa çatıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir