Siyasət

“Qanun pozuntuları təsdiqlənsə, əmin olun ki…”

“Mərkəzi Seçki Komissiyasının “Qaynar xətt”nə seçkiyə start verildiyi andan etibarən 280-ə yaxın müraciət daxil olub. Bunların bir qismi texniki, yəni sorğu xarakterli müraciətlərdir. Bununla bərabər, MSK üçün araşdırma başlamağa səbəb olacaq müəyyən məlumatlar da var”.

“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.

R. Qasımov bildirib ki, “Qaynar Xətt”ə daxil olan məlumatlar rəsmi olmasa da, MSK bütün məlumatlara tam dəqiqliklə və diqqətlə yanaşır: “MSK-ya daxil olan hər xırda eyham belə ətraflı şəkildə araşdırılır. Yaxın günlərdə MSK-nın araşdırmalarının nəticələrinə adekvat olan, hətta kəskin addımların şahidi ola bilərsiniz. İddia olunan qanun pozuntuları araşdırılmalıdır. Onlar öz təsdiqini tapdığı halda, əmin olun ki, MSK kifayət qədər ciddi və kəskin addımlar atmağa hazırdır. Çünki MSK-nın məqsədi namizədlərin bərabər şərtlərlə bu seçki kampaniyasında iştirakını təmin etmək və səsvermə günü ədalətli rəqabət nəticəsində hər kəsin öz səsinə sahib olması idi. Burada nəticələrin etibarsız sayılması, hətta cinayət kimi səciyyələndirilə bilən hallar aşkarlanarsa, MSK tərəfindən bununla bağlı müvafiq qurumlara müraciətlər ünvanlanacaq”.