Region

Şəhid İsmətin doğum günüdür

Azərbaycanımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən Müharibəsi iştirakçısı, əziz balamız İsmət İmanovun aprelin ikisi ad günüdür. İsmət İmanov 1998-ci ildə Ağsu rayonunun Ərəbmehdibəy kəndində dünyaya göz açmışdır. Ağsu rayon Ərəbmehdibəy kəd tam orta məktəbinin məzunudur. Mən onun Hərbi müəllimi olmuşam. Ürəyi Vətən sevgisi ilə Vətən eşqi ilə döyünürdü onun. Hər bir kəsə can yandırırdı. Böyük-kiçik yerini bilən , çox ağıllı və tərbiyəli şagirdimiz idi. İsmət böyüdükcə bütün kənd camaatının hörmətini qazanan bir gənc olmuşdur. Belə bir övlad böyütmək hər bir ananın , atanın arzusudur. Burdan bildirmək itəyirəm ki, biz hər birimiz bu cür Vətən oğulu böyüdən və tərbiyə edən valideynlər qarşısında baş əyirik.

Haqqını halal et mənə
Bəlkə getdim, qayıtmadım.
Son şeirdir yazdım sənə
Bəlkə getdim, qayıtmadım.

Tam vaxtıdır getmək üçün,
Düşməni məhv etmək üçün,
Qeyrətini çəkmək üçün,
Bəlkə getdim, qayıtmadım.

Getməliyəm, demə getmə,
Kişinin borcudur getmək,
Gəlməyimə ümid etmə
Bəlkə getdim, qayıtmadım.

Səfərbərlik xidməti tərəfindən məni 2020- ci il sentyabrın 29- u cəbhəyə getmək üçün Çağırış məntəqəsinə dəvət etdilər. Mən ora gedəndə, İsməti də orada gördüm və öyrəndim ki o, könüllü olaraq cəbhəyə gedir. Dedim ki , anan evdə təkdir. Sən qalsan yaxşıdır. Amma o qətiyyətlə döyüşə gedəcəyini bildirdi.
Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid verməyən xalqın mənliyi olmaz. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır.
Harda bahar görsən bil ki şəhidimin qanı ilə əriyib boran. Al-əlvan laləzara rast gəlsən bil ki, şəhidimin qanı ilə boyanıb çəmən.
Düşmən təxribatının qarşısını alarkən canından keçən nə qədər mərd oğullar fəda verdik. Onlar düşməni bir addım da irəli buraxmamaq üçün son damla qanlarına kimi vuruşdular.Buna görədə uşaqdan-qocaya hər bir vətəndaşımız şəhidlərimizi daim böyük ehtiramla anır, onların qəhrəmanlığını örnək bilir.
Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq. Bu gün bizim əziz şəhid balamız İsmətin ad günündə
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş Vətən müharibəsi şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edirik, ruhları qarşısında baş əyirik. Allah şəhidlərimizə rəhmət eləsin!

Allah şəhidlərimizə rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir