Müharibə Ölkə

Milli Qəhrəman Şükür Həmidovun şəhid olmasından bir il ötür

Sharing is caring!

Bu gün Azərbaycan Ordusunun İkinci Korpusunun komandir müavini, Milli Qəhrəman, polkovnik Şükür Həmidovun şəhid olmasından bir il ötür.

O, 2020-ci ilin oktyabrın 22-də Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ş.Həmidov İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Qeyd edək ki, Şükür Nəriman oğlu Həmidov 1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində anadan olub. 1982-ci ildə Qubadlı rayonunun Başarat kənd tam orta məktəbinin birinci sinfinə gedib. 1990-cı ildə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1993-cü ildə liseyi bitirib və həmin il Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) daxil olub.

1993-cü il avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal edilməsindən sonra Həmidovlar ailəsi Sumqayıt şəhərinə sığınıb və əvvəlcə birotaqlı mənzildə, 2 ay sonra isə yataqxanada yaşamağa başlayıblar.

1995-ci ildə ali hərbi təhsilini başa vuran Ş.Həmidov Müdafiə Nazirliyinin əmrinə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən hərbi hissələrinə göndərilib və 11 il orada xidmət edib.

1995-ci il iyunun 7-dən 1999-cu il iyunun 22-nə qədər Culfa şəhərində N saylı hərbi hissədə motoatıcı taqımın komandiri vəzifəsində xidmət edib. 

Daha sonra Ş.Həmidov Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun Komandir müavini təyin edilib. 

O, Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən Lələtəpə strateji nöqtəsinin azad olunması zamanı fərqlənib, buna görə də Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

2016-cı il mayın 10-da isə müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən, Ş.Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib. Hərbi rütbə ona mayın 10-da Lələtəpə istiqamətində səngərdə təqdim edilib.

Ş.Həmidov 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlı istiqamətində gedən döyüşlərdə savaşıb. Oktyabrın 22-də şəhid olub. 

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə, Ş.Həmidov ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Ailəli idi, 2 övladı yadigar qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir