Müsahibə

Fransalı cüdoçu: “Pulum qurtarmışdı, satıcı dedi ki, nə istəyirsənsə, götür” – MÜSAHİBƏ

Sharing is caring!

Fransalı sabiq cüdoçu Jülyen Brular bir müddət öncə Azərbaycanda olub. 29 yaşlı Brular hazırda 197 ölkəni gəzməyi qarşısına məqsəd qoyub. O, səfər müddətində təyyarədən istifadə etmir, hotellərdə qalmır.

“Report” Brulardan Bakıda olduğu müddətdə müsahibə götürüb.

– İnternetdə sizin cüdo karyeranız barədə məlumat azdır. Bu barədə özünüz məlumat verə bilərsiniz?

– Bu sualın uzun cavabı var. Amma qısa cavab verməyə çalışacağam. 4 yaşımda ikən cüdoya başlamışam. 7 yaşımdan yarışlara qoşulmuşam. 13 yaşımda regionun ən yaxşı gənc idmançıları ilə məşq etməyə başlamışam. 2011-ci ildə 81 kq çəki dərəcəsində gənclər arasında “Label B Trappes” turnirində bürünc medal qazanmışam. Ən yüksək dövrüm həmin ərəfələrdə idi. Ancaq sonra zədələrim oldu. Topuq nahiyəmdən xəsarət aldım, gözə yaxın hissədən əməliyyat olundum. Sonra gənclərdən ibarət milli komandalarımız üçün məşqlər keçməyə başladım. Ancaq etiraf etməliyəm ki, heç vaxt Fransa çempionu olmamışam və milliyə düşməmişəm. Daha sonra özümü təhsilə yönəltdim. İdman üzrə ali təhsil aldım və magistr təhsili üçün Yaponiyaya getdim. Əslində planım o idi ki, bir il orada yaşayım, cüdo ilə məşğul olum. Ancaq 2 aydan sonra qolum qırıldı və müəllim kimi işləməyə başladım. Orada keçmiş qız sevgilimlə tanış oldum, orada 3 il yaşadım.

– Bəs xarici ölkələrə səfər ideyası necə yarandı?

– Yaponiyada hara gedirdimsə, cüdo ilə məşğul olduğumu bilib mənə qida və içki, qalmağa yer təklif edirdilər. Beləliklə, məndə ideya yarandı ki, səyahət edə-edə cüdonun təbliği ilə məşğul olum. Lakin həmin ərəfələrdə koronavirus bəlası ortaya çıxdı və mən Fransaya qayıtmalı oldum. Daha sonra yenidən magistr təhsilimi davam etdirmək istədim. Ancaq Yaponiyada bu, koronavirusa görə mümkün olmadı. Yaponiyada çox olduğumdan, Fransa cüdo ictimaiyyəti ilə əlaqəm kəsilmişdi. Bu baxımdan, ölkəmdə iş tapmaq mənə çətin idi. 3-4 il əvvəl Amazon cəngəlliklərində, Avstraliyada olan yanğınlar mənə pis təsir etmişdi. Onda qərara gəldim ki, dünyanı gəzib dolaşmalı, gözəl ölkələri görməli, daha dərindən tanımalıyam. Eyni zamanda, fikirləşirdim ki, bu səyahət zamanı cüdonu da özümlə daşımalıyam. Beləliklə, cüdo və səyahəti bir araya gətirdim. Bu səyahətədək cəmi 10 ölkədə olmuşdum. Fransada iş tapa bilməmək mənim üçün mənfi hal olsa da, bu səyahətə çıxmağım üçün motivasiya verdi.

– Səyahətinizin özəlliyi ondadır ki, təyyarədən yararlanmır və hotellərdə qalmırsınız. Bunu daha çox maddiyyatla əlaqələndirmək olar, yoxsa hansısa fəlsəfi baxışlarla?

– Bəzən insanlar bunu maddiyyatla əlaqələndirirlər. Əslində isə bu, tək belə deyil. Çünki bəzən təyyarədən istifadə etmək quru yoldan yararlanmaqdan daha ucuz başa gələ bilir. Məsələn, Oslodan Stokholma təyyarə ilə getməyə 250 avro pulum çıxa bilərdi. Halbuki 40 dollara təyyarəsiz getdim. Və ya Fransadan Yaponiyaya təyyarə ilə getmək cəmi 10 saat vaxtını alır. Amma təyyarədən istifadə etməsəm, ora getməyim günlərimi, həftələrimi aparacaq. Həm də 197 ölkəni təyyarə ilə gəzməyim mənim maddi vəziyyətimi aşar. Səfər müddətində çoxlu insanla ünsiyyətdə olmaq imkanım olur. Onların arasında gələcək dostlarım da ola bilir. Ona görə də getdiyim ölkələrdə ictimai yerlərdə, məsələn, hostellərdə qalmağa üstünlük verirəm. Bu, sosiallaşmağıma, yerli insanları daha yaxından tanımağıma kömək edir. Düzdür, Azərbaycanda bu, bir qədər fərqli alındı. Burada hoteldə qaldım, çünki məni Azərbaycan Cüdo Federasiyası (ACF – S.M.) dəvət etmişdi.

– Səyahətiniz haradan və nə vaxt başlayıb?

– 2 avqust 2021-ci ildə Parisdən başlayıb. Azərbaycana gələnədək Belçika, Lüksemburq, Niderland, Almaniya, Danimarka, Norveç, İsveç, Finlandiya, Estoniya, Litva, Latviya, Polşa, Slovakiya, Macarıstan, Serbiya, Kosovo, Şimali Makedoniya, Bolqarıstan, Türkiyə və Gürcüstanda olmuşam. Səyahətimi 3 hissəyə bölmüşdüm. İlkin planıma əsasən, Yeni Zelandiyaya kimi Avropanın şimalı – Skandinaviya və Rusiyanı gəzib Asiyaya keçmək və sonra cənuba getməli idim. Planımın ikinci hissəsində İspaniya və Portuqaliyadan səyahətə başlayıb bütün Amerika qitəsini gəzmək və daha sonra Afrikanı gəzib Fransaya qayıtmaq var idi. Üçüncü hissəyə isə Əfqanıstan, Şimali Koreya, Ukrayna kimi gedilməsi çətin olan ölkələri gəzmək daxil idi. Ancaq sonra başa düşdüm ki, hər şey mənim planlaşdırdığım kimi deyil. Koronavirus və dünyada gedən müharibə situasiyaları üzündən, planımı buna uyğunlaşdırmalı oldum. Məsələn, planlaşdırırdım ki, Finlandiyadan Rusiyaya keçim. Ancaq koronavirus səbəbindən, bu, alınmadı. Baltikyanı ölkələrdən də Ukrayna və Rusiya ərazisinə keçmək istədim, bu dəfə də müharibə imkan vermədi. ACF-yə xüsusi təşəkkür edirəm ki, layihəmi onlara təqdim edəndə bura gəlməyimə şərait yaratdılar. Baxmayaraq ki, Azərbaycanın quru sərhədləri bağlıdır, amma mənim Gürcüstandan keçməyimə federasiya, Gənclər və İdman Nazirliyi vasitəsilə köməklik göstərdilər. Hətta sərhəddə polis məndən gülə-gülə soruşdu ki, siz kimsiniz ki sərhədi keçə bildiniz?! Bu baxımdan, federasiyaya təşəkkür edirəm ki, səyahətimi davam etdirməyimə şərait yaratdı.

– Belə çıxır ki, səyahətə çıxmazdan öncə getdiyiniz ölkələrin federasiyalarına öncədən məktub yazıb, onları məlumatlandırırsınız. Onlar maraq göstərsə, sizi dəvət edirlər. Əks halda, özünüz maliyyənizi qarşılamaq məcburiyyətində qalırsınız…

– Beynəlxalq Cüdo Federasiyasında (IJF – S.M.) yüksək reytinqli ölkələrin siyahısına baxıram. Həmin ölkələrin sosial şəbəkə hesablarını tapıb ora layihəm haqqında məlumat verirəm. Mənə cavab gəlməsə, özüm səfər edirəm. IJF də hər ay mənim haqqımda məqalə yerləşdirir. Bundan sonra yerli federasiyaların özləri də gəlməyimə maraq göstərirlər. Azərbaycanda olanda artıq Qazaxıstan Cüdo Federasiyasına ora gələcəyim barədə məlumat vermişəm.

– Dediyiniz kimi, həm də getdiyiniz ölkələrdə uşaqlar üçün cüdo təlimləri keçirsiniz. Buna görə sizə pul ödənilir?

– Hər ölkə fərqlidir. Məsələn, elə ölkə olub ki, 10 cüdo klubunda məşq keçmişəm, amma pul almamışam. Elə ölkə də olub ki, bir yerdə məşq keçməyimə görə böyük məbləğdə pul verilib. Cüdonun dəyərlərindən biri həmrəylikdir. Mən buna görə kimdənsə ödəniş tələb etmirəm. Amma kimsə buna görə pul ödəyirsə, onu geri çevirmirəm. Bunun üçün mənim xüsusi qutum var (gülür).

– Azərbaycanda haralarda oldunuz? Təəssüratlarınız necədir?

– Bu, Azərbaycana ilk səfərim idi. Avqustun 16-da Şabran rayonunda 2-ci “YAŞAT” düşərgəsinin qonağı oldum. Orada şəhid övladları üçün master-klas keçdim. Daha əvvəl Yanardağda olmuşdum. Dağın yanması çox möcüzəvi bir şeydir. Azərbaycanlılarla bağlı təəssüratım budur ki, qonaqpərvər millətsiniz. Gürcüstandan keçəndə bütün pullarımı xərcləmişdim. Su almaq istəyəndə mənə satıcı dedi ki, nə istəyirsənsə, pulsuz götürə bilərsən. Həmçinin federasiya da mənə maddi baxımdan kömək oldu. Ona görə də Azərbaycan haqqında fikirlərim müsbətdir.

– Əvvəl dediyiniz kimi, səfər seçimində cüdonun populyar olduğu ölkələrə üstünlük verməyə çalışırsınız. Azərbaycanda tanıdığınız cüdoçulardan kimlərin adını çəkə bilərsiniz?

– Orxan Səfərov, Hidayət Heydərov, Rüstəm Orucov, Uşangi Kokaurinin adını çəkə bilərəm. Həmçinin, qadın cüdoçularınızdan mavi gözlü olanını tanıyıram. Təəssüf ki, adını xatırlamıram (artıq karyerasını başa vurmuş İrina Kindzerskayanı nəzərdə tutur – red.).

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir