Müsahibə

Avropa çempionatının ən yaxşı qapıçısı: “Müsahibəmdə də dediyim kimi, “go, go” və çempion olduq” – MÜSAHİBƏ

Sharing is caring!

Minifutbol üzrə milli komandamızla Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının qalibi olan, turnirin ən yaxşı qapıçısı seçilən Davud Kərimi turnir zamanı təzyiqlərdən və həyəcandan danışıb. 

Davud Kərimi fikirlərini Oxu.Az saytına müsahibəsində bölüşüb:

– Avropa çempionu olmağın təəssüratları necədir?

– Təəssüratlar necə ola bilər ki?! Hər şey göz qabağındadır. Gördüyünüz kimi, hava limanına bizi qarşılamağa nə qədər futbolsevər gəlib. Bundan gözəl nə ola bilər ki?!

– Ən yaxşı qapıçı seçilməyinizlə bağlı nə deyə bilərsiniz?

– Bu, komandanın yaxşı olmasından irəli gəlir. Sonuncu oyunda isə yaxşı çıxış etdim.

– Ümumiyyətlə, Slovakiyaya gedəndə qarşıya hədəf nə qoyulmuşdu?

– Hədəf kimi qrupdan çıxmaq qoyulmuşdu. Ancaq qrupdan çıxdıqdan sonra hədəflər artdı. Azərbaycan xalqının duası sayəsində indi biz Bakıya Avropa çempionu kimi dönmüşük.

– Əvvəl ingiliscə verdiyiniz müsahibənizlə məşhurlaşdınız, daha sonra oyununuzla…

– Müsahibəmdə demişdim ki, “go, go, go, final”. Həmin finala da çıxdıq və sonda da qalib gəldik.

– Ən həlledici matç hansı oldu?

– Slovakiya ilə oyun. Meydan sahibi olduqlarından azarkeş və hakim təzyiqi vardı. Onlara qalib gəldikdən sonra inandıq ki, finalda da qələbə qazanacağıq.

– Altıqat Avropa çempionu Rumıniya ilə final görüşündə həyəcan yox idi?

– Həyəcan vardı. Onlar yeddi dəfə Avropa çempionatının finalını oynayıblar, cəmi birində uduzmuşdular. Bizim isə itirəcəyimiz heç nə yox idi. Millimiz ikinci dəfə Avropa çempionatında çıxış etsə də, finala çıxmışdı. Ona görə də rəqibdən fərqli olaraq, daha rahat idik.

– Qrupdakı ilk oyunda rumınlara 0:2 uduzmuşdunuz. Finalda nə etdiniz ki, onlara qalib gəldiniz?

– İlk oyunda ona görə uduzduq ki, meydançaya öyrəşməmişdik. Çünki Azərbaycanda belə bir meydança yoxdur. Rəqib oyunçuları da tanımırdıq. Ancaq ikinci oyunda onları yaxşı təhlil etmişdik.

– Avropanın bir neçə minifutbol komandası sizinlə maraqlanır. Bu barədə nə düşünürsünüz?

– Vallah, mən də bunu sizin kimi eşitmişəm. Ancaq mənimlə əlaqə saxlayan olmayıb.

– Əvvəl böyük futbolda Türkiyə I divizionunda çıxış etmisiniz. 38 yaşda karyeranızı xaricdə davam etdirmək çətin olmaz?

– Hər şey maddiyyata bağlıdır. Maddiyyat yaxşı olsa, niyə də gedib oynamayasan?! Ailəmi də götürüb gedərəm. Amma ölkədə yaxşı pul verilsə, burada qalaram.

– Karyeranızın bu yaşında kubok qaldırdınız. Hansı hissləri keçirdiniz?

– Həqiqətən inanmazdım ki, bu yaşdan sonra çempion olarıq. Böyük futbolda əsas milli komandanın formasını geyinə bilmədim. Amma minifutbolda bunu artıqlaması ilə etdik.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir