Müsahibə

86 yaşı tamam olan Xalq artisti doğum gününü kimlərlə və harada qeyd edəcək? – MÜSAHİBƏ

Sharing is caring!


Təsadüfi deyil ki, Arif Babayev haqqında danışarkən “O, “Segah”a heykəl qoyub” – deyirlər. Yanıqlı ahənglə ifa etdiyi “Xaric segah” ölməz sənət nümunəsinə çevrilib. Musiqiçilər arasında belə bir deyim var ki, əgər bütün muğamlar bir gül çələnginə bənzəyirsə, “Segah” bu çələngin tacıdır. Arif Babayev isə “Segah”ın ən mahir ifaçısıdır. Azərbaycan musiqisində əsas muğamlardan biri olan “Segah” muğamının kökü aşıq musiqi yaradıcılığında da əsas yer tutur. Aşıq mahnılarının çoxu məhz bu muğam üzərindədir. Bu muğam bizim xalqımızın ana laylasından gələn bir musiqi parçasıdır. Nədən muğamlardan daha çox “Segah”a bu qədər bağlısınız?” – sualına sənətkar belə cavab verir:

“Ona görə ki, ölməz muğamlarımızın özü həyat fəlsəfəsindən yoğrulub. “Segah” isə elə uşaqlıqdan mənim ürəyimə yol tapıb. Bu muğamın nəsə ayrı bir cazibəsi var, bir sözlə, onunla ürəyimi boşalda bilirəm: insana, zamana, dünyaya! “Segah” muğamlar içərisində xalqa ən yaxın olanıdır”.

Xalqa ən yaxın muğamı elə bu xalqa sevdirən sənətkarlardan biridir canlı korifey Arif Babayev. Bu gün muğam ustadının 86 yaşı olur. Bildim ki, ad günündə başı qarışıq, qonağı çox olacaq. Dünən axşam saatlarında zəng edib doğum günü ilə bağlı hisslərini öyrənmək istədim. Zarafat deyil ey, 86 yaş hər kişiyə nəsib olmur.

Publika.az Xalq artisti ilə müsahibəni təqdim edir.

– Salam Arif müəllim, vaxtınız xeyir olsun.

– Salam, qızım, salam. Hər vaxtın xeyir olsun.

– Necəsiniz? Nə var, nə yox?

– Şükür bala, babatam.

– Arif müəllim sabah (bu gün) doğum gününüzdür, istədim birinci biz təbrik edək, ad gününüz mübarək, ustad!

– Çox sağ olun, var olun.

– Maşallah, səsinizi yaxşı eşitdim.

– Babatam, hə. Şükür bu günə. Allah razı olsun.

– Yaş olur 85, düzdürmü?

– 86 (gülür) 86 tamam olur, üzü gedir 87-yə.

– Bu yaşda adam özünü necə hiss edir, ustad?

– Deyim ki, belə 100% yaxşıyam, bax onu deyə bilmirəm. Şükür bu halıma. Xalqımız sağ olsun, var olsun. Yaxşı diqqət yetirirlər mənə. Tələbələrim tez-tez ziyarətimə gəlirlər. Çox razıyam. Allaha qurban olum, hər şeydən razıyam.

– Arif müəllimə Allah bu yaşı həm də ona görə qismət etdi ki, doğulub, boya-başa çatdığı torpağını azad görə bildi.

– Bəli, bəli. Çox böyük qələbə idi. İnanmırdıq ki, biz o torpaqlara bu tezliklə qayıda bilərik. Şükür Allaha, torpağımız alındı. Azad olduq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimiz var olsun. Dövlətimizin başçısı, Ali Baş Komandan, Ordumuz var olsun. Bayrağımız daima dalğalansın.

– Sabah hamı sizin ocağınıza, adınıza yığışacaq çox güman ki?

– Hə qızım, sabah qonaqlı-qaralıyıq. Ad günümü “Xəzər” telekanalında canlı yayımda qeyd edəcəyik. Tələbələrim yanımda olacaq.

– İndiyə qədər aldığınız ən dəyərli hədiyyə nə olub?

– Can sağlığı! Ən dəyərli hədiyyəm budur həyatda.

– Canınız sağ olsun, Arif müəllim.

– Allah sizin də canınızı sağ eləsin, yazırsınız, işıqlandırırsınız, biz sənətkarları heç vaxt yaddan çıxarmırsınız. Çox sağ olun, qızım.

– Siz sağ olun, ustad. Bu bizim borcumuzdur. Var olun!

– Sağ olun.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir