Müsahibə

Şahruddin Məhəmmədəliyev: “İsveçi Bakıda məğlub etməliyik” – MÜSAHİBƏ

Sharing is caring!


Millimizin legionerləri arasında Türkiyədə çıxış edənlər çoxluq təşkil edirlər. Onlardan biri olan Şahruddin Məhəmmədəliyev ümumiyyətlə, karyerasında ilk dəfə legioner həyatı yaşayır. Sentyabrda  “Qarabağ”dan Super Liqa təmsilçisi “Adana Dəmirspor”a keçən 29 yaşlı qolkiper yeni klubunda “1 nömrə” deyil. Belə ki, Şahruddin millinin oktyabrdakı matçlarından sonra Adana təmsilçisinə qayıdaraq 1 dəqiqə belə oynamayıb.

Sport24.az onunla hazırkı durumu, AVRO-2024-ün seçmə mərhələsində son qrup matçlarımızla bağlı söhbətləşib. Məhəmmədəliyev müsahibəsinə komandasının cari mövsümdə çıxışı haqda fikirlərini bildirməklə başlayıb.

 – Hər şey yaxşı məcrada gedir. Gördüyünüz kimi, turnir cədvəlində 3-cü yerdəyik. Çox ağır çempionatdı Türkiyə Super Liqası. Hər komanda hər komandanı məğlub edə bilər. 

– Klubunun belə uğurlu çıxışına təbii ki, sevinirik. Amma digər tərəfdən, bir aydır oynamırsan. Millimizin “1 nömrə”sinin belə durumu bizləri narahat etməyə bilməz. Özünü necə hiss edirsən? Bir narahatlıq varmı?

– Əlbəttə. Özüm də oynamaq istəyirəm. Lakin xüsusi bir narahatlıq yoxdur. Çünki komandaya gəldiyim müddətdən yalnız iki aya yaxın vaxt keçib. Bura gələndə bilirdim ki, məni ciddi rəqabət gözləyir. Buna görə hər şey normaldır. Məşq edib şansımı gözləyirəm. 

– Tanınmış niderlandlı baş məşqçiniz Patrik Klayvertlə, yaxud qapıçılarla işləyən köməkçisiylə oynamamağınla bağlı söhbət olub?

– Yox, məhz bu yöndə xüsusi bir söhbət olmayıb.

– Ümumiyyətlə, “Adana Dəmirspor”un futbolçusu olmağından az müddət keçməyib. Sənə qarşı münasibət necədir?

– Bu baxımdan hər şey əladır. Klubda məni ilk gündən yaxşı qəbul etdilər. Mənə böyük hörmətlə və diqqətlə yanaşırlar, mənə kömək etməyə çalışırlar. Çünki Azərbaycandanam. Əcnəbi futbolçularımız böyük ada malikdirlər. Amma eyni zamanda sadə insanlardır və onlarla ünsiyyət qurmaq asandır.

– Özünü tonusda necə saxlaya bilirsən? Oyun praktikası sarıdan ciddi korluq çəkməyin millimizin qarşıdakı matçlarında mənfi təsirini göstərə bilərmi?

– Dediyim kimi, hələ ki ciddi özünü göstərmir. Sentyabrda millini də nəzərə alsaq, dörd matç keçirdim, oktyabrda isə yığmanın heyətində iki oyuna çıxdım. Əlbəttə, hər həftə oynamaq istəyirsən. Amma oynamamaq hələ ki problem deyil. Hər şeyə vaxt lazımdır.

– Milliyə hansı əhval-ruhiyyədə gəlmisən?

– Milliyə həmişə böyük məmnuniyyətlə gəlmişəm. Legioner olanda isə gəlməyi daha çox istəyirsən ki, həm də bütün uşaqları görəsən. Bəli, Türkiyədə bir neçə futbolçumuz çıxış etsə də, orada görüşə bilmirik. Çünki praktiki olaraq istirahət günlərimiz olmur. Hər gün məşqdir.

– Bu ağır rejim yorucu, bezdirici deyil? Heç olmasa ailəni yanına gətirə bilmisən?

– Bu planda heç bir problem yoxdur. Məşqə saat yarım qalmış yığışırıq, işləyirik və bundan sonra evə ailələrimizin yanına gedirik.

– Millimizin son qrup matçlarından gözləntin nədir?

– Çox ciddi rəqiblərlə oyunlara çıxacağıq. Ağır olacaq, xüsusilə belçikalılarla səfər matçı.

– İsveçlə Bakıdakı matçda isə nəticəylə bağlı gözləntimiz daha çoxdur. Bu görüşdə qalib gələrək qrupda 3-cü yeri tutmaq şanslarımızı nə dərəcədə real sayırsan? 

– Bunun üçün bizdə hər şey var. Çalışacağıq, Xüsusilə birinci görüş vacibdir. İnşallah, İsveçi Bakıda məğlub etməliyik.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir