Müsahibə

“Sumqayıt”ın futbolçusu: “Milliyə çağırılmamağımın səbəbi mənə də çox maraqlıdır” – MÜSAHİBƏ

Sharing is caring!


“Neftçi” ölkənin flaqmanıdır. Heyətində kifayət qədər yaxşı oyunçular var və iddialı komandadır. Düşünürəm ki, mübarizə apararaq layiq olduğumuz 3 xalı qazandıq”.

Bunu “Sumqayıt”ın futbolçusu Rövlan Muradov “Report”un suallarını cavablandırarkən deyib.

Cari mövsümdə 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalan 25 yaşlı yarımmüdafiəçi qarşıdakı hədəflərindən söz açıb.

Muradov Azərbaycan millisinə dəvət almamasına da toxunub.

Ətraflı müsahibəni təqdim edirik:

– Komandanız Premyer Liqada 13 turdan sonra 21 xalla 3-4-cü yerləri bölüşdürür. Belə nəticə gözləyirdiniz?

– Düzünü desəm, artığını da gözləyirdim. Çünki bəzi matçlarda xallar itirdik. Halbuki həmin görüşlərdə qələbə qazanmaq şansımız yüksək idi. Buna da şükür. Hazırkı mövqeyimizi qoruyub saxlamağa çalışacağıq.

– Sonuncu turda səfərdə “Neftçi”ni 2:1 hesabı ilə məğlub etdiniz. Bu qarşılaşma haqqında nə deyə bilərsiniz?

– Kimə qarşı oynadığımızı bilirdik. “Neftçi” ölkənin flaqmanıdır. Heyətində kifayət qədər yaxşı oyunçular var və iddialı komandadır. Düşünürəm ki, mübarizə apararaq layiq olduğumuz 3 xalı qazandıq.

– Sanki görüşə əlavə motivasiya ilə çıxmışdınız. Rəqibin sosial şəbəkə hesabındakı paylaşımlarından xəbərdar idiniz?

– Bəli. Bundan xəbərdar idik. Məncə, futbolçu olaraq belə şeylərə fikir verməməliyik. Bizim işimiz meydandadır. Klub, şəhər və azarkeş üçün döyüşmək, yaxşı oyun göstərmək, onları sevindirmək istəyirik. Buna da nail olduq.

– “Sumqayıt” cari mövsümdə nəyə nail ola bilər? Avrokuboklara vəsiqə əsas hədəfdir?

– Hər komanda və futbolçu yüksək pillələr uğrunda oynamaq və avrokuboklara vəsiqə qazanmaq istəyər. Biz də böyük şəhərin komandasıyıq. Bunu da dərk edirik. Ümid edirəm və inanıram ki, hədəflərimizə çata biləcəyik.

– Sabiq klubunuz “Qəbələ” hazırda sonuncu pillədədir. Komandadan getməklə doğru qərar qəbul etdiyinizi düşünürsünüz?

– Bu barədə danışmaq istəmirəm. Ümid edirəm ki, sonuncu pillədən qurtula biləcəklər.

– Mövsümə yaxşı başlasanız da, Azərbaycan millisinin növbəti oyunları üçün heyətə dəvət almamısınız. Sizcə, bunun səbəbi nədir?

– Bu, mənə də çox maraqlıdır. Təbii ki, bu dəfə dəvət gözləyirdim. Özümü hazır hiss edirdim. Amma təəssüflər olsun ki, yenə çağırılmadım.

– Bəlkə millidə mövqeyinizdə çıxış edən oyunçulardan geri qalırsınız?

– Xeyr. Mən belə düşünmürəm.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir