Müsahibə

“Zirə”nin son turlardakı qəhrəmanı: “Rəşad Sadıqov mənə özünəinam qazandırdı” – MÜSAHİBƏ

Sharing is caring!


“Rəşad müəllim mənə izah etdi ki, hər şey düşüncə tərzimlə bağlıdır. İlk növbədə vəziyyəti düzgün qiymətləndirməli, matçın gedişində hansısa epizodu qaçıranda məyus olmamalı, eyni yerdə ilişib qalmamalıyam”.

Bu sözləri Futbolxeber.az saytına müsahibəsi zamanı “Zirə”nin yarımmüdafiəçisi Rüstəm Əhmədzadə deyib.

– “Sabah”la səfər oyununun son dəqiqələrində vurduğunuz qolla qələbə qazandınız. Qazanılan vacib 3 xalı necə şərh edərdiniz?

– Turnir cədvəlindəki mövqeyi ürəkaçan olmasa da, “Sabah” güclü rəqibdir. Ötən mövsüm çox yaxşı çıxış etmişdilər. Səfərdə oynayırdıq. Əvvəldən də matçın gərgin keçəcəyi gözlənilən idi. Belə də oldu. Düzdür, lazımi qolu yalnız son dəqiqələrdə vurduq. Lakin əsas odur ki, vacib 3 xal qazandıq.

– Demək olar ki, bir hissə rəqib 10 nəfərlə mübarizə aparsa da, yalnız sonda lazımi qolu vura bildiniz…

– Tələsmirdik, ehtiyatlı oyunu əldən vermirdik. Çalışırdıq ki, diqqətli oynayaq. Çünki bir səhv bizə baha başa gələ bilərdi. Həm də gec-tez qol vuracağımıza inanırdıq. Şanslarımız olurdu. Elə mən özüm bir epizodda 100 faizlik qol imkanını qaçırdım. Amma şükür ki, sonda istəyimizə çatdıq. Nəticədə çox mühüm 3 xal qazandıq.

– Ötən tur komandanı məğlubiyyətdən xilas etdin, bu dəfə isə qələbə qolunun müəllifi oldun. Son turlardakı inamlı çıxışın xüsusi bir səbəbi var?

– Rəşad müəllim mənə izah etdi ki, hər şey düşüncə tərzimlə bağlıdır. İlk növbədə vəziyyəti düzgün qiymətləndirməli, matçın gedişində hansısa epizodu qaçıranda məyus olmamalı, eyni yerdə ilişib qalmamalıyam. O mənə özünəinam qazandırdı. Dedi ki, sən dayanmadan çalış, hər şey yaxşı olacaq. Son turlar da onun tövsiyəsinin bəhrəsini görürəm. “Səbail”lə matçda real şansımı qaçırsam da, sonradan fərqləndim. “Sabah”la qarşılaşmada da əvvəlcə 100 faizlik qol epizodunda dəqiq oynamadım, amma sonradan fərqlənə bildim.

– Bu qələbə sayəsində vahid lidersiniz. “Zirə” zirvədəki yerini sona qədər qoruya bilər?

– Hər birimiz buna inanırıq. Son saniyəyə kimi mübarizə aparacağıq. Hədəfimiz yüksək yerlərdir. Qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün sona qədər vuruşacağıq.

– Növbəti turda “Qəbələ”ni qəbul edəcəksiniz. Mövsümdəki ilk məğlubiyyətin əvəzini çıxmaq mümkün olacaq?

– Bəli, ilk dövrədə səfərdə “Qəbələ”yə uduzmuşduq. Halbuki komanda buna qədər xal qazana bilməmişdi. “Sabah” barədə dediyim fikirlər “Qəbələ”yə də aiddir. Turnir cədvəlindəki hazırkı mövqeyi “Qəbələ”nin real gücünü göstərmir. İnanıram ki, bu dəfə nəticə fərqli olacaq. Qalib gəlmək üçün bütün gücümüzü meydanda qoyacağıq.

– Bu mövsüm Azərbaycan Kubokunun qalibi Avropa Liqasında, 2-3-cü yerlərin sahibləri isə Konfrans Liqasında mübarizə aparacaqlar. Hansı turnirdə oynamaq daha yaxşıdır?

– İndidən kubok barədə nəsə demək tezdir. Amma hər iki cəbhədə uğur qazanmaq istəyirik. Bunun üçün də sona qədər yarışacağıq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir