Müsahibə

“Sumqayıt”ın futbolçusu: “Millidə oynamağa hazıram, De Byazidən dəvət gözləyirəm” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“Milli komandanın baş məşqçisi Canni De Byazidən dəvət gözləyirəm. Yığmada oynamağa hazıram”.

Bu sözləri Oxu.Az-a müsahibəsində “Sumqayıt”ın futbolçusu Rövlan Muradov deyib. Bu mövsüm iki oyunda bir qol, üç məhsuldar ötürmə ilə yadda qalan yarımmüdafiəçi komandanın çıxışı barədə sualları cavablandırıb.

Müsahibəni təqdim edirik.

– Komandanız mövsümə uğurlu start verib. Əvvəlcə səfərdə “Səbail”ə qalib gəldiniz, ardınca rəqib meydanında “Qəbələ”yə. Öncə bu qələbələri şərh edərdiniz.

– “Qəbələ”yə qarşı çox çətin səfər oyunu oldu. Daha çox vuruşduq, mübarizə apardıq. Bunun sayəsində qələbə qazandıq. Qəbələdə oynamaq və xallar qazanmaq həmişə çətin olur. İki qələbəyə görə xoşbəxtik.

– Bir oyun az keçirmisiniz və Premyer Liqanın turnir cədvəlində ikinci yerdəsiniz. Belə start gözləyirdiniz?

– Təbii ki, belə başlanğıc əladır. Bu qələbələr komandaya inam, motivasiya verir. Əlbəttə, mənim üçün gözlənilməz olmadı. İnam qələbənin yarısıdır.

– İki ardıcıl qələbə “Sumqayıt”dan gözləntiləri artırıb. Mükafatlara oynadığınızı demək olar?

– Hər bir futbolçu istəyər ki, sonda titul qazansın, avrokuboklara vəsiqə əldə etsin. Çox çalışmaqla, məşqçilərimizin verdiyi tapşırıqları yerinə yetirib xallar qazanmaqla buna nail ola bilərik.

– “Qarabağ”, “Neftçi”, “Sabah” kimi güclü komandalar var, “Zirə”, “Turan Tovuz” da görünən qədər gücləniblər. Bu rəqabətə tab gətirə biləcəksiniz?

– İnanıram ki, biz də adını çəkdiyiniz komandalardan geri qalmayacağıq. Sonadək mübarizəni davam etdirəcəyik.

– “Sumqayıt”da yeni olsanız da, artıq bir qol vurmusunuz, üç məhsuldar ötürmə etmisiniz. Öz çıxışınızı necə dəyərləndirə bilərsiniz?

– Düzünü desəm, tam razı deyiləm. Daha yaxşı olmağa çalışıram. Məşqlərdə və oyunlarda komandaya maksimum kömək etmək istəyirəm ki, qələbələr qazanaq.

– Komandaya tam uyğunlaşmısınız?

– Bəli. Burada hər şey istədiyim kimidir.

– Əvvəlki mövsümlərdə də uğurlu vaxtlarınız olurdu, amma zaman-zaman kölgəyə çəkilirdiniz sanki. Bütün mövsümü sabit keçirməyiniz üçün nə lazımdır?

– Ümid edirəm və inanıram ki, bu il stabil çıxış edə biləcəyəm. Bunun üçün daha çox meydanda olmaq lazımdır. Futbolçu oynadıqca artırır. Mən də qazandığım şansdan maksimum istifadə etməliyəm.

– Uzun illər “Qəbələ”də çıxış etmisiniz. “Sumqayıt”da isə fərqli baş məşqçi, başqa sistem var. Baş məşqçi Samir Abasovun tələbləri nələrdir və sizə nə qədər uyğundur?

– Bəli, düz qeyd etdiniz. Tam fərqli sistemdir. Məşqlərdə bunun üzərində işləyirəm. Tez-tez baş məşqçimizdən məsləhətlər alıram. Nə dərəcədə uyğunlaşdığımı məşqçilərimiz görürlər. Səhvlər olur, amma onları aradan qaldırmağa səy göstərirəm.

– Sabiq komandanız, yetirməsi olduğunuz “Qəbələ” ağır perioddan keçir. Sizcə, orada problem nədir?

– Yeni qurulan komandadır. Yeni oyunçular çoxdur. Bunun üçün vaxt lazımdır. Bu proses bir dəfə də olmuşdu. Ən vacibi inanmaqdır. Ümid edirəm ki, bu enişdən çıxa biləcəklər.

– Qəbələdə rəqib komandanın oyunçusu kimi oynamaq necə hiss idi? Azarkeşlərin sərt reaksiyası olmadı?

– Karyeramda ilk dəfə belə hal baş verdi. Həm həyəcanlı idim, həm də ümumən, qəribə hisslər var idi. Azarkeşlərin sərt reaksiyası olmadı. Əksinə, mehriban qarşıladılar. Bununla bağlı sosial şəbəkə hesabımda paylaşım etmişəm. Onların hər birinə təşəkkürümü bildirdim.

– Qarşıdan milli komandanın Belçika və İordaniyaya qarşı oyunları var. Performansınızı nəzərə alsaq, yığmaya namizədlər sırasındasınız. Baş məşqçi Canni De Byazidən dəvət gözləyirsiniz?

– Əlbəttə, dəvət gözləyirəm. Millidə oynamağa hazıram. Düşünürəm ki, daha çox çalışmalı və milliyə düşmək üçün sonadək mübarizə aparmalıyam.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir