Müsahibə

Emin Mahmudov “Beşiktaş”a vurduğu qoldan danışdı: “Əvvəl elə bildim ki, qapıçı topu qaytardı” – MÜSAHİBƏ

Sharing is caring!


“Nə qədər yaxşı oyunçu gəlsə, bir o qədər sevinərik”.

Bu sözləri Oxu.Az-a müsahibəsində “Neftçi”nin futbolçusu Emin Mahmudov deyib.

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Türkiyənin “Beşiktaş” klubuna məğlub olaraq (1:2, ilk oyun – 1:3) mübarizəni dayandıran “ağ-qaralar”ın kapitanı həm bu görüş, həm də ümumən mövsüm barədə sualları cavablandırıb.

Müsahibəni təqdim edirik.

– Öncə oyun haqda fikirlərinizi bildirərdiniz.

– Əslində, ilk hissədə yaxşı müdafiə olunurduq. Əks-hücuma çıxmağa imkan axtarırdıq. “Beşiktaş”ın keyfiyyətli futbolçuları var. İkinci hissədə Vensan Abubakar, Artur Masuaku meydana daxil olanda çətinlik çəkdik. Fasilədən sonra çox yorulduq. Gücümüz çatmadı ki, ikinci yarıda da tam gücümüzlə müdafiə olunaq. Əks-hücumlara istədiyimiz kimi çıxa bilmirdik, onlar da üstümüzə gəlir, təzyiq edirdilər. Abubakarın qolundan sonra daha da çətinlik çəkdik.

– Vurduğunuz qolu necə şərh edərdiniz?

– Aaron Olanare həmin vəziyyətdə topu saxladı, məni gözlədi. Mən də bir yer tapdım, zərbə vurdum. Zərbəm yaxşı alındı. Əvvəl elə bildim ki, qapıçı topu qaytardı, sonra gördüm ki, top qapıdadır.

– Baş məşqçiniz Adrian Mutu ağır qrafikdən, komandanın tam yaxşı hazırlıq keçə bilməməsindən şikayətlənir. Futbolçu kimi, bu sizə nə qədər təsir edir?

– Çox təsir edir. Yaxşı və tam formada olmaq istəyiriksə, hazırlıq dönəmi bizim üçün çox vacib idi. Onu da yaxşı keçməyəndən sonra… Ardıcıl oyunlar gəlirdi. Səfərlərə getdik, Gəncəyə yollandıq. 40 dərəcə istidə futbol oynamağın nə dərəcədə düzgün olduğunu bilmirəm. Amma oynamalı olduq. “Beşiktaş”a qarşı 100 faiz hazır olmasan, çətindir. Çünki onların “klass” futbolçuları çoxdur. Həqiqətən, çətin idi.

– Komandanız altı rəsmi matçda cəmi bir qələbə qazanıb. Bu, üzərinizdə təzyiq yaradır?

– Bizim üçün çox pis nəticədir. “Beşiktaş” matçını çıxsaq, “Kəpəz” və “Səbail”lə görüşlərdə, təəssüf ki, qələbə qazana bilmədik. Çalışmalıyıq ki, qələbələr qazanaq. Çünki çox çətin olacaq. Çempionat uzundur. İndi Premyer Liqaya köklənməliyik. Allah qoysa, qazanarıq.

– Kapitan kimi yeni transferlər barədə nə deyə bilərsiniz? Onlar necə təsir bağışlayırlar?

– Nə qədər yaxşı transfer gəlsə, o qədər bizim xeyrimizədir. Rəqabət olacaq. Hər oyunçu hiss etsə ki, onun yerində daha bir futbolçu var, onda lap çox çalışacaq. Nə qədər yaxşı oyunçu gəlsə, bir o qədər sevinərik.

– Yeni baş məşqçi Adrian Mutunun komandaya təsiri necədir?

– Açığı, indi məşqlər keçirmirik. Ancaq oyunlar oynayırıq, bərpa olunuruq. Ona görə vaxt olmur ki, istədiyi futbolu məşqin gedişində bizə başa salsın. Düzdür, o, nə istədiyini deyir. Lakin bunu işləmək üçün vaxt az olur. Artıq hər həftə bir oyuna çıxacağıq. Bu da bizə, bir tərəfdən, xeyir verəcək, məşqə vaxtımız daha çox olacaq.

– Adrian Mutu da komandaya gec qoşuldu, siz özünüz də. Hər ikiniz zamanında qoşulsaydınız, hazırlıq üçün vaxt daha çox olsaydı, “Beşiktaş”a qarşı bundan yaxşı nəticə göstərə bilərdiniz?

– Yenə də çətin olardı. Deməyim ki, çempionat oyunları oynamasaydıq, İstanbulda rahat qələbə qazanardıq, keçərdik. Belə deyil. Sadəcə, bizə bir az kömək ola bilərdi. Gücümüz daha çox olardı. Məsələn, “Beşiktaş”ın vurduğu birinci qol zamanı daha sıx, bir-birimizə yaxın oynayacaqdıq. İndi bu barədə çox danışmağın yeri yoxdur. Çünki oyun geridə qaldı.

– Avrokuboklardan kənarda qaldınız, amma digər tərəfdən sevinirsiniz ki, daxili yarışlara tam gücünüzlə köklənəcəksiniz? “Neftçi” ölkə çempionatında müsbət nəticələr qazana biləcək?

– Əlbəttə ki, indi ancaq bunu fikirləşirik. Bizim üçün çətin dövr keçdi. Bəxtimiz də gətirmədi, “Beşiktaş”a rəqib olduq. Amma yenə də çempionatda qələbələr qazanmaq lazımdır.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir