Müsahibə

Tanınmış futbol agenti: “Klublarımızın istədiyi legionerlərin səviyyəsi xeyli artıb” – MÜSAHİBƏ

Sharing is caring!


“Bir neçə futbolçumuzun xaricə gedişi ilə bağlı çalışmalarımız olsa da, hələ ki, bu məsələlərdə durğunluqdur və yəqin ki, növbəti transfer pəncərəsinə qədər bağlı qalacaq”.

Bu sözləri Sports.az-a müsahibəsində futbol meneceri Səbuhi Səfiyarlı deyib. Əslən Cəbrayıldan olan tanınmış agent doğma rayonunun komandası – 2-ci Liqada yarışacaq “Cəbrayıl”la bağlı fəaliyyəti barədə sualları cavablandırıb.

Müsahibəni təqdim edirik.

– Bu transfer pəncərəsində hansı işlər görmüsünüz?

– Bu yay son 5 ildə Azərbaycan klubları və transfer bazarı üçün ən aktiv dönəmdir. Çünki klubların maliyyə vəziyyətləri son 5 illə müqayisədə yaxşılaşıb, ölkəyə gətirmək istədikləri legionerlərin səviyyəsi xeyli artıb. Bu vəziyyət bizim işlərimizi də asanlaşdırır. Biz menecerlər də hazırda daha maraqlı və gərgin transfer dövrü yaşayırıq. Tək mənim yox, bütün agentlərin razı qaldığı bir dönəmdir.

Bir neçə klub ilə əməkdaşlığımız davam edir. Həm legioner futbolçuların dəvət olunması, həm də daxili bazardakı bəzi transferlər üzərində işləyirik. Düzdür, bir neçə futbolçumuzun xaricə gedişi ilə bağlı çalışmalarımız olsa da, hələ ki, bu məsələlərdə durğunluqdur və yəqin ki, növbəti transfer pəncərəsinə qədər bağlı qalacaq.

– Hələ ötən ildən “Səbail” klubunun rəhbərliyində təmsil olunacağınız barədə söhbətlər gəzirdi. Sizə belə bir təklif olmuşdumu?

– “Səbail”lə bağlı xəbərləri daha çox kənardan eşidirdim, hətta mətbuatdan da oxuduğum olub. Bunu dəqiqləşdirmək üçün zəng edən bütün jurnalist dostlarımıza bildirirdim ki, mənə nə rəsmi, nə də qeyri-rəsmi təklif gəlib. Ona görə də belə xəbərləri ciddiyə almırdım. Az əvvəl də qeyd etdiyim kimi, hazırda menecerlik fəaliyyətimdə daha maraqlı dönəm yaşayıram. Ona görə birdən-birə klubda təmsil olunmağa nə vaxt hazır olacağımı deyə bilməzdim. Heç konkret təklif də olmamışdı. 

– Sosial şəbəkədə Cəbrayıl futbolu ilə bağlı statusunuz maraqla qarşılanıb.  Qeyd etmisiniz ki, menecer işinizə görə doğma rayonunuzun klubunda vəzifə tuta bilmirsiniz…

– Bildiyiniz kimi, Cəbrayıl doğulduğum, işğala qədər yaşadığım şəhər olub. Rayonun idman həyatı ilə bağlı xatirələrim var. Düzdür, işğaldan sonra futbol həyatından uzaq düşüb, ancaq rayonumuzu təmsil edən nümayəndələr olub. Yaşar Abuzərov, Əli Hüseynov, Ceyhun Adışirinov, Cavid Hüseynov və başqa futbolçular, məşhur hakimimiz Xaqani Məmmədov, AFFA nümayəndəsi kimi oyunlara gedən Ramiz Abdullayev və s. futbolumuzda tanınıblar. İşğaldan azad olunduqdan sonra Cavid Hüseynovun təşəbbüsü ilə “Cəbrayıl” klubu yaradıldı və komanda Region Liqasında çıxış etdi. Düzdür, rəsmi təmsil olunmasam da, klubun yanında idim, oyunlarında azarkeş kimi iştirak etmişəm. Düzünü deyim ki, Cavid Hüseynov “Şamaxı”ya baş məşqçi təyin olunandan sonra bu işləri aparmaq üçün köməyə ehtiyac vardı. Rayon rəhbərliyi komandanı yaşatmağa çalışırdı. Həmin vaxt mənə müraciət etdilər və bir ilə yaxındır, bu işi görürəm. Sadəcə, Region Liqasında çıxış etdiyi üçün fəaliyyətimiz çox da geniş deyildi. Ancaq yeni mövsümdən 2-ci liqada təmsil olunacağıq və bu, artıq peşəkar futbol deməkdir. Mən isə agent fəaliyyəti göstərdiyim üçün klubda təmsil oluna bilmərəm. Sadəcə müşavir, məsləhətçi kimi doğma komandanın işlərində yaxından iştirak edəcəyəm.

– Ümumiyyətlə, “Cəbrayıl” layihəsi nə qədər cəlbedicidir? İnfrastrukturu və demək olar ki, heç nəyi olmayan, sıfırdan yaradılan bir klubun perspektivləri barədə fikirləriniz maraqlıdır.

– Əvvəlki illərlə müqayisədə heç olmasa bilirik ki, şəhər özümüzdədir və oraya qayıdacağıq. Qayıdanda isə komandamızın daha yaxşı liqada təmsil olunmasını istəyirik. Region Liqasında oynayanda da eyni vəziyyət idi. “Cəbrayıl”ın nəyəsə nail ola biləcəyinə şübhə ilə yanaşanlar vardı. Həvəskar liqa olsa da, onların da öz tələbləri vardı. Cavid Hüseynovun işi, ona dəstək verən Cəbrayıldan olan futbolsevərlərin və bəzi dostlarımızın yaxından köməyi sayəsində Region Liqasının qalibi olduq. Biz yenə də o insanların dəstəyinə arxayınıq. Nə qədər infrastrukturda boşluqlar olsa da, 2-ci liqa elə sıfırdan başlamaq deməkdir. Buna görə də 2-ci liqanı qarşımıza məqsəd qoyduq, 1-ci dəstəyə elə də cəhd göstərmədik. Çünki orada şərtlər daha ağırdır, 2-ci liqa isə bizə daha uyğundur. Yenə də rayon rəhbərliyinin dəstəyi var. Onlar da istəyirlər ki, komandamız yaxşı təmsil olunsun. Bildiyiniz kimi, işğaldan əvvəl Cəbrayılın iki komandası Azərbaycanın birinci dəstəsində iştirak edib. Yaranmış vəziyyətlə əlaqədar 1992-ci ildə hər iki komanda fəaliyyətini dayandırıb. “Xudafərin” klubunda karyerasına başlayan bir çox futbolçu Azərbaycanın müxtəlif komandalarında çıxış edib. Amma indi yeni adla həmin komandanın yarıda qalan işini davam etdirmək istəyirik. Cəbrayıllı futbolsevərlər də bizə dəstək vermək istəyirlər. Sadəcə, necə olacağı barədə hələ fikrimiz formalaşmayıb. Amma bu sahədə artıq ilk siqnallar gəlməyə başlayıb. Sentyabrın əvvəlində çempionat başlayacaq və komandanı formalaşdırmaq üçün kifayət qədər vaxtımız var. Futbol bir-iki adamın işi deyil. İnanıram ki, Cəbrayılın təəssübkeşlərinin dəstəyi ilə istədiyimiz nəticələrə nail ola biləcəyik.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir