Müsahibə

Oksana Məmmədyarova: “Karyeramı xatırlamaq üçün bütöv bir kitab kifayət etməz” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


Aprelin 6-də Azərbaycan voleybolunun tanınmış siması, milli komandanın və “Azərreyl” klubunun sabiq hücumçusu Oksana Məmmədyarova 45 yaşını tamamlayıb. Voleybol azarkeşlərinin sevimlisi olan sabiq “10 nömrə” dünya və Avropa çempionatlarında, müxtəlif yarışlarda yığmanın, “Azərreyl”in və “Lokomotiv”in uğurlu çıxışlarında, qazandığı nailiyyətlərdə mühüm pay sahibi olub.

Məmmədyarova əzmkarlığı və peşəkarlığı ilə hər bir gənc idmançı üçün əsl nümunədir. O, bu gün də gənclərə dəstək olur, yetirmələrinə voleybolu yüksək səviyyədə öyrədir.

Veteran voleybolçu “Report”a blits-müsahibəsində həm şəxsi həyatı, həm də idmançı karyerası ilə bağlı bir sıra məqamlara toxunub.

– Ötən gün 45 yaşınız tamam oldu. Əvvəlcə yubiley münasibətilə sizi təbrik edirəm. Doğum gününüzü necə qeyd edirsiniz?

– Təbrikə görə təşəkkür edirəm. Mənim üçün doğum günüm ilin ən gözəl bayramıdır. Ad günümü hər zaman dostlarım və qohumlarımla birlikdə qeyd edirəm.

– Yəqin ki, xanım olaraq, hədiyyə qəbul etməyi xoşlayırsınız. İndiyədək aldığınız ən dəyərli ad günü hədiyyəsi nə olub?

– Hər qadın hədiyyə almağı sevir. Mənim üçün bütün hədiyyələr dəyərlidir. Çünki onları yaxın və sevdiyim insanlardan alıram.

– Keçmiş idmançı olaraq, 45 yaş sizin üçün nə deməkdir?

– 45 yaşımı tamamlamaq həyatımın ən yaxşı mərhələlərindən biridir.

– Əsri yarılamağınıza az qalıb. Qocalmaqdan qorxmursunuz?

– Hər insan qocalır, bundan qorxmaq lazım deyil.

– Geriyə dönüb baxanda idmançı karyeranızı necə xatırlayırsınız?

– Karyeramı xatırlamaq, təsvir etmək üçün bütöv bir kitab kifayət etməz.

– Meydanda “10” nömrə olmusunuz. Bu nömrə altında çıxış edən oyunçular adətən pleymeyker funksiyasını yerinə yetirirlər. Bəs həyatdakı mövqeyinizi hansı rəqəmlə ifadə edərdiniz?

– “6” nömrə. Çünki aprelin 6-da dünyaya gəlmişəm.

– Voleybolla bağlı elə bir qərarınız, seçiminiz olubmu ki, hələ də heyfsilənirsiniz?

– Voleybol mənim üçün hər zaman birinci olduğundan heç nəyə görə peşmanlıq hissi keçirməmişəm.

– Hazırda nə işlə məşğul olursunuz?

– “Azərreyl”in gənclər komandasında məşqçi kimi çalışıram.

– Azərbaycan voleybolunun indiki səviyyəsi əvvəlki illərlə müqayisədə elə də yaxşı deyil. Sizcə, problem nədədir?

– Düşünürəm ki, burada bir neçə səbəb var. Bunlardan biri pandemiya oldu. İki ilə yaxın məşq və yarışlar olmadı. Milli komandalarımıza gəlincə, gənc oyunçularımız var. İnanıram ki, onlar yaxın zamanlarda yığmanın şərəfini daha yaxşı formada qoruyacaqlar.

– Voleybolçu kimi kifayət qədər ciddi uğurlar qazanmısınız. Məşqçi kimi hədəfləriniz nədən ibarətdir?

– Məqsədim gəncləri maarifləndirmək, bilik və bacarıqlarımı onlara ötürməkdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir