Müsahibə

Yohan Bekman: “Ankaranın Finlandiya və İsveçdən tələbləri tamamilə aydındır” – MÜSAHİBƏ

Sharing is caring!

2022-ci ilin yazında İsveç və Finlandiyanın NATO-ya qoşulması məsələsi 2023-cü ilə keçid edib. Səbəb Ankaranın sərt mövqeyidir. Hər iki şimal ölkəsindən terrorda iştirak edən şəxsləri Türkiyəyə ekstradisiya etmək, habelə ekstremist strukturların aktivlərinin dondurulması üçün əməli addımlar atmaq tələb olunur.

Türkiyə tərəfi bu barədə dəfələrlə danışıb, lakin Stokholm və Helsinki öz öhdəliklərinin yerinə yetirilməsinə qarşı çıxır. Səbəb ictimai rəydir. Belə ki, son sosioloji sorğuya əsasən, isveçlilərin demək olar ki, 80%-i Türkiyənin NATO tələblərinə görə İsveç qanunlarını dəyişdirməyi doğru hesab etmir. Eyni zamanda, NATO-nun hazırkı baş katibi Yens Stoltenberq ratifikasiya prosesinin vaxtında tamamlanacağını və Finlandiya ilə İsveçin alyansa qoşulacağını bildirib. O, dəqiq tarixləri açıqlamasa da, söhbətin 2023-cü ildən getdiyi ehtimalı var.

Sözügedən proseslər ətrafında cərəyan edən hadisələri Oxu.Az-a Finlandiyanın ictimai xadimi, ictimai-siyasi elmlər doktoru Yohan Bekman şərh edib. 

– Ötən ilin sonunda NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin hələ də protokolların ratifikasiyasına mane olmasına baxmayaraq, Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qoşulacağını açıqlamışdı…

– Nəinki Türkiyə, heç Macarıstan da Finlandiya və İsveçin NATO-ya qəbul olunmasına razılıq verməyib. Mən əvvəldən prosesi yaxından izləyirəm. 18 may 2022-ci ildə Helsinki və Stokholm NATO-ya üzv olmaq üçün rəsmi müraciətlərini təqdim edirlər. O vaxtdan bəri nə Türkiyədən, nə də Macarıstandan bu təşəbbüsə müsbət reaksiya görmədik. Finlandiya hökuməti üçün vəziyyət çox mürəkkəbdir. Bizim əsasən ölkənin NATO-ya daxil olmasını dəstəkləyən mətbuatımız hər gün Finlandiyanın Şimali Atlantika Alyansına qoşulacağını, sadəcə cüzi formallıqların qaldığını və tezliklə ölkə üzərində “günəşin parlayacağını” yazırdı. Lakin ötən ilin sonundan artıq əks fikirlər ortaya çıxdı, artıq qeyd olunmağa başladı ki, bəlkə də, Finlandiya heç vaxt NATO-ya üzv olmayacaq. Finlandiyalı şərhçilər və jurnalistlər bu barədə danışmağa, yazmağa başladılar. Türkiyə tərəfinin reaksiyası ilə bağlı çoxlu materiallar dərc edilir, Helsinki ilə Ankara arasında heç bir irəliləyişin və qarşılıqlı anlaşmanın olmadığı qeyd edilir. Türkiyə qətiyyətlə öz xəttini davam etdirir, Finlandiya və İsveçin NATO-ya daxil olmasına mane olur. Mən inanmıram ki, Ankara Stokholm və Helsinkinin alyansa qoşulmaq istəyinə razılıq versin. Fikrimcə, vəziyyət elədir ki, haradasa və kimsə qərar verib ki, Finlandiya və İsveç NATO-da olmasın, çünki bu, gərginliyin artması baxımından təhlükəlidir.

Başqa bir sual isə Şimali Atlantika Alyansının özünün taleyi ilə bağlıdır. NATO-nun baş katibi Yens Stoltenberq uzun müddətdir ki, Norveçin mərkəzi bankı olan “Norges Bank”ın rəhbəri olmaq üçün alyansdakı vəzifəsini tərk etmək istəyir. Artıq qərar verilib, o hazırkı postundan gedəcək və bankir olacaq. Problem ondadır ki, ciddi fiqurlardan heç biri Şimali Atlantika Alyansına rəhbərlik etmək istəmir. Yalnız müstəqil olmayan, manikenlərin namizədlikləri müzakirə olunur. Bu isə böyük problemdir, NATO-nun böhran içində olduğunu göstərir.

-Bəs dediyiniz böhran nədən yaranıb?

– Böhranın görünən tərəfi Finlandiya və İsveçin NATO-ya qəbulu ilə bağlı yaranan situasiya oldu.

– Yeri gəlmişkən, bəzi amerikalı konqresmenlər və bir çox digər Qərb dairələri Türkiyənin NATO-dan çıxarılmasını tələb edirlər. Belə bir hüquqi mexanizm sadəcə mövcud deyil, amma yenə də bu barədə danışırlar…

– Türkiyə Respublikasını NATO-dan çıxarmaq Qərbdə yeni fikir deyil. Bu məsələ ötən ilin yazında ABŞ-də fəal müzakirə olundu. Təbii ki, bunun üçün hüquqi mexanizm yoxdur, amma indiki dövrdə məgər bu kimisə dayandırırmı? Əgər Ankara hansısa yolla NATO-dan çıxarılarsa, bu, Şimali Atlantika Alyansının özünün dağılması demək olacaq. Türkiyə NATO-nun ikinci ən böyük ordusudur.

Qərbdə bir tərəfdən heç kim NATO-nun dağılmasını istəmir, amma bununla bərabər Türkiyəni xaric etməkdən danışırlar. Digər tərəfdən, Yens Stoltenberqin gedişindən sonra heç kim qurumun baş katibi olmaq istəmir. Əgər bu Alyansın böhranı deyilsə, bəs nədir? Sizin əvvəlki sualınıza qayıdaraq, bir daha qeyd edirəm ki, bütün bunlar o cümlədən Finlandiyanın NATO-ya üzv olmaq qərarına görə baş verir. Eyni zamanda, axı Finlandiya hakimiyyəti referendum olmadan bu məsələ ilə məşğul olmağa başladı, baxmayaraq ki, əvvəl xalqın iradəsini öyrənmək lazım idi.

– Gəlin bir daha İsveçin (ilk növbədə) və Finlandiyanın Türkiyə tərəfinin ekstremizmdə ittiham etdiyi şəxslər üçün cazibə mərkəzi olaraq qalmasından narazı olan Türkiyənin mövqeyinə toxunaq. Türkiyə kürd ekstremistləri ilə əlaqədar şərtlərini Helsinki və Stokholm üçün irəli sürüb. Kürdüstan Fəhlə Partiyasının (PKK) Finlandiyadakı fəaliyyəti zəifləyib?

– Finlandiyada kürdlər çoxdur, rəsmi rəqəmlərə görə onların sayı 16 mindir, İsveçdə isə onların sayı daha çoxdur. Türkiyə finlərdən təqdim etdiyi siyahılardakı fəalların ekstradisiyasını tələb edir. Amma bunlar artıq Finlandiya və İsveç vətəndaşlarıdır. Eyni zamanda, Ankaranın tələbləri tamamilə aydındır: Helsinki Türkiyənin NATO müttəfiqi olmaq və Türkiyənin təhlükəsizliyini qorumaq istəyirsə, o zaman Finlandiya Türkiyə tərəfinin terrorda ittiham etdiyi insanları ekstradisiya etməlidir ki, onlar mühakimə olunsunlar. Amma bizim hüquq müdafiəçilərimiz hay-küy salıb, qışqırmağa başladılar: “Yox, buna imkan verməyəcəyik!”. Helsinki artıq öz vətəndaşlarını ekstradisiya etməyəcəklərini bildirib. Əgər belədirsə, o zaman NATO-ya üzvlük də mümkün olmayacaq.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir