Müsahibə

Mübariz Qurbanlı ABŞ-ın məhşur radio verilişinə müsahibə verib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı dekabrın 9-da ABŞ-da məşhur və geniş auditoriyaya malik olan “John Batchelor Show” radio verilişinin rəhbəri Con Batçelora müsahibə verib.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaydığı məlumatda qeyd olunub.

Dövlət Komitəsinin sədri xarici jurnalistin pandemiya və müharibə dövründə dini konfessiyaların ibadətlərinin icrası, qaydalara riayət etməsi barədə suallarını cavablandırıb. Bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da yoluxucu xəstəliyin qarşısının alınması üçün mühüm addımlar atılır. Bu addımlar çərçivəsində dini məbədlər, ziyarətgahlar, məscidlər, kilsələr və sinaqoqlarda kütləvi dini ibadətlər dayandırılıb.

Qafqaz Müsəlmanları İdarəsində bununla bağlı mütəmadi iclaslar keçirilərək dini icmaların COVID-19-un yayılmasının qarşısının alınması məqsədilə qoyulan tələblərə əməl etməsinin vacibliyi, eləcə də dini rəhbərlərin ibadətlərin qaydalara uyğun həyata keçirilməsi istiqamətində maarifləndirmə işində yaxından iştirakı barədə tövsiyələr verilir.

Həmçinin, Dövlət Komitəsi tərəfindən ölkəmizdə fəaliyyət göstərən bütün dini konfessiyaların rəhbərlərinin iştirakı ilə onlayn videokonfranslar vasitəsilə pandemiya şəraitində dini ibadətlərin məhdud çərçivədə həyata keçirilməsinin önəmi müzakirə olunur.

Ölkəmizdə müsəlmanlar Ramazan ayı mərasimlərini, Qurban bayramını, xristianlar Pasxa, yəhudilər Pesax və digər dinlərin mənsubları bayram və əlamətdar günləri ev şəraitində məhdud say ilə qeyd etdilər.

DQİDK sədri vurğulayıb ki, ölkəmizdə bu çətin günlərdə insanların mənəvi cəhətdən sıx birləşməsi müşahidə edilir. Yardımlaşma, maddi cəhətdən aztəminatlı ailələrin bu çətin günlərdə ehtiyaclarının qarşılanmasında dövlətimiz ilə yanaşı, ayrı-ayrı vətəndaşlar da yaxından iştirak edirlər. Bu yardımlaşma prosesində dini ibadət yerləri, dini icmalar, müxtəlif dini konfessiyaların nümayəndələri də yaxından dəstək verirlər.

Qeyd edək ki, “John Batchelor Show” proqramı dünyanın 100-dən artıq ölkəsində ingilisdilli auditoriya tərəfindən dinlənilir. Proqramın bir neçə milyonluq daimi dinləyici kütləsi var. Veriliş 200-dən artıq radio tərəfindən təkrar yayımlanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir