Müharibə

Qarabağdakı təxribat: Tamaşa ifşa edildi, Azərbaycan təcili yardım maşını Xankəndiyə girdi – ŞƏRH

Sharing is caring!


Rusiya və Ermənistan Qarabağla bağlı açıq qalan məsələlərin həllinə doğru addım atmaqdansa, prosesi düyünləməyə cəhdlər göstərir.

Rusiya ümumiyyətlə ikili oynamaqda maraqlıdır, məqsədi Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində rəqiblərinə məxsus olan payları da tam mənimsəmək və Qərbi regiondan sıxışdırmaqdır.

Eyni məntiq Qərbin şüurunda da var, onun da hədəfi Rusiyanın təsir dairəsini daraltmaqdır.

Ancaq nə olursa-olsun, Qarabağdakı bir neçə müşkülün tənzimlənməsində yük və öhdəliklər bölgüsündə Rusiya daha çox məsuliyyət daşıyır.

Çünki Rusiya 10 Noyabr Bəyanatının tərəfidir, prosesləri normal axara salmaq üçün siyasi-hüquqi tənzimləyici öhdəliyi var.

Lakin Rusiya münaqişə və ya mübahisələrin qalıcılığını təmin etməklə proseslərə müdaxilə imkanları üçün regiondakı mövcudiyyətini klassik çərçivələrdən çıxarmır. 

Hərçənd, obyektivlik naminə etiraf etmək lazımdır ki, Azərbaycanla Rusiya xarici siyasət cəbhəsindəki Ermənistanla bağlı hissələrini bir-birinə birləşdirmək təcrübəsinə də malikdir.

Bununla belə, Rusiyanın regionda “nizamlanma” üçün əbədi mandat qazanmaq istəyi əlinə erməni kartı götürməsi ilə nəticələnir.  

Beləcə, Rusiya-Ermənistan teatrında Azərbaycana qarşı rollar müəyyən edilir, bunun bariz nümunələrindən biri də aprelin 4-də üzə çıxdı.

Rusiyanın Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş sülhməramlı qüvvələri həmin tarixdə Ermənistandan olan 27 nəfəri Laçın yolunda keçirilən aksiya yerinə gətirib.

Azərbaycanlı ekofəalların keçirdikləri aksiya yerindən mülki keçidləri razılaşdırmaq üçün Rusiya sülhməramlıların komandanlığı Azərbaycandan razılıq almalıdır. Azərbaycana keçidlərin məqsədini, motivini izah etməlidir, qısası bu məsələ Azərbaycanla Rusiya arasında razılaşdırma ilə tənzimlənir.

Ancaq bu dəfə Rusiya Azərbaycana məlumat vermədən Gorusdan olan 27 nəfəri aksiya keçirilən yerə gətirib.

Azərbaycan haqlı olaraq ermənilərin öz ərazilərinə gəlişinin hansı məqsədlərə xidmət etdiyini aydınlaşdırmağa başlayıb və bu zaman sülhməramlılarla bir neçə saatlıq danışıq aparılıb.

Danışıqlar gedən zamanda erməni sərnişinlər özlərini pis hiss etdiklərini deyiblər, onlara dərhal yerində tibbi yardım təşkil olunub. Daha sonra Azərbaycanın təcili tibbi yardım maşını onları Xankəndidəki klinikalardan birinə aparıb.

Hesablamalarla belə bir nəticəyə gəlmək çətin deyil ki, Rusiya və Ermənistan ikili meyarla teatr səhnəsi düzəltmək istəyib. Onlar düşünüblər ki, danışıqlar aparılan zaman Azərbaycanın Qarabağdakı “soyuq güllələri” olan ekofəallar ermənilərin olduğu maşınlara girəcək və bu zaman erməni uşaqlar, qadınlar, kişilər səsini başına ataraq vay-şivən qoparacaqlar, beləcə köhnəlmiş “blokada” tamaşasına dünyanı inandırmağa çalışacaqlar.

Görünür ki, Azərbaycan tərəfində bu tamaşanın sirləri əvvəlcədən məlum olub, ona görə də aksiya yerindəki təhlükəsizlik qüvvələri maksimal təmkin nümayiş etdiriblər.

Hadisənin qurama olduğunu bir fakt da təsdiq edir. Belə ki, baş tutmayan tələdən sonra iki erməni qadın onlarla gələn “jurnalistə” müsahibə vermək istəyiblər.

Azərbaycanın soyuqqanlı davranışı öz bəhrəsini verib və rus-erməni hiyləsini tamamilə alt-üst edib.

Üstəgəl, Azərbaycana məxsus təcili tibbi yardım avtomobili halı pisləşən erməniləri Xankəndiyə aparıb. Bəli, həmin operativ nəqliyyat vasitəsinin sirenası “blokada” şivəninə qarşı tutarlı səsboğucu idi.

Yəqin ki, Rusiyanın dirijorluğu ilə xor dərnəyi yeni nəğmələr oxumaq üçün fərqli təxribatları işə salacaq.

Azərbaycan mütləq şəkildə Rusiyanın üzərinə düşdüyü məsuliyyətlə sülhməramlıların həmin öhdəliklərə zidd davranışlarını Kremlə çatdırmalıdır.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir