MARAQLI

Məktəblilərə verilən maraqlı tapşırıq: Gələcəyin avtomobilinin təsviri və təbiətlə harmoniya – FOTO

Sharing is caring!

Beynəlxalq Avtoidman Federasiyası (FİA) prezidenti Mohammed Ben Sulayem Azərbaycan məktəblilərinə diplomlar təqdim edib. 

Oxu.Az xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilati dəstəyi ilə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) elan etdiyi “Gələcəyin ekoloji avtomobili” rəsm müsabiqəsinə Heydər Əliyev Mərkəzində yekun vurulub. Xatırladaq ki, məktəblilər arasında təşkil olunmuş onlayn müsabiqə AADA-nın “Yaşıl ölkə” layihəsinin tərkib hissəsidir.  

Bu layihə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı sərəncamının 5-ci bəndinə, “Təmiz ətraf mühit” və “yaşıl artım ölkəsi” müddəasına əsasən işçi qrupunun təklif etdiyi tədbirlər çərçivəsində həyata keçirilir.

Belə ki, layihəyə 10 may tarixində Bakı-Mingəçevir marşrutu ilə ölkədə ilk ekoloji avtomobillərin yürüşü ilə start verilib. Ekoloji nəqliyyat vasitələrinin təşviqini gücləndirmək istiqamətində növbəti tədbir rəsm və dizayn müsabiqəsi olub. Məktəblilərə tapşırıq verilib ki, gələcəyin avtomobilini təsvir etsinlər, elə bir avtomobili ki, ətraf mühitə heç bir ziyan vurmur, təbiətlə tam harmoniya şəraitində işləyir. Müsabiqəyə qatılmaq üçün öz əl işini “Instagram”da AADA-nın rəsmi səhifəsini işarələməklə dərc etmək yetərli idi. Müsabiqənin şərtlərinə uyğun göndərilmiş 50-yə yaxın rəsmləri hazırda ölkədən xaricdə çalışan məşhur avto-dizayner Samir Sadıxovun onlayn başçılıq etdiyi münsiflər heyəti qiymətləndirib. Nəticədə 3 əsas və 3 həvəsləndirici mükafatların sahibləri müəyyən olub: 1-ci yerə Əli Mürsəlov, 2-ci yerə Nuru Nuran, 3-cü yerə Xanım Əsədova layiq görülüb. Daha üç məktəbli – Afşin Sadıqzadə, Gülay Məmmədova və Xəyal Agu həvəsləndirici mükafatlar alıblar.

Heydər Əliyev Mərkəzinə dəvət edilmiş qaliblər üçün ilk növbədə burada fəaliyyət göstərən Klassik avtomobillər sərgisinə tur təşkil olunub. Məktəblilərə burada sərgilənən 100-ə yaxın unikal və tarixi avtomobillər barədə məlumat verilib. Ekskursiyadan sonra “Formula-1” üzrə Azərbaycan Qran-prisi münasibətilə ölkəmizdə səfərdə olan FİA prezidenti Mohammed Ben Sulayem və AAF prezidenti Anar Ələkbərov ilə görüş baş tutub. AADA sədri Natiq Zərbəliyev onlara müsabiqə və qaliblər barədə məlumat verdikdən sonra, məktəbli uşaqlara diplom və pul mükafatları təqdim olunub.

AADA sədri N.Zərbəliyevin verdiyi məlumata görə “Yaşıl ölkə” layihəsi çərçivəsində tezliklə daha bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Məsələn, iyul ayında Qəbələdə gerçəkləşəcək ənənəvi “Caucasus Motor-Show 2022” sərgisi çərçivəsində ekoloji avtomobillər mövzusunda AADA-nın konfransı planlaşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir